Gürcüstan Mustafa Emre Çabuka qaçqın statusu verməkdən imtina edib
Paylaşmaq
Paylaşmaq
Gürcüstanın işğal olunmuş ərazilərdən zorla köçürülmüş şəxslər, qaçqınlarla iş, onların yerləşdirilməsi nazirliyi Mustafa Emre Çabuk və onun ailəsinə qaçqın statusu verməkdən imtina edib.
FETO “terror təşkilatı” ilə əlaqələrdə suçlanan Çabuk Tbilisidə mayın 24-də Türkiyənin sorğusu əsasında həbs olunub. Tbilisi şəhər məhkəməsi martın 25-də onun barəsində həbs qəti imkan tədbirini seçib. Bundan sonra Çabukun ailəsi Gürcüstan hakimiyyətindən onlara qaçqın statusu verilməsini xahiş edib, çünki bu status Gürcüstana onu Türkiyəyə ekstradisiya etməyə imkan verməyəcəkdir.
Bununla belə, nazirliyin “Liberal” nəşrində dərc olunan əsaslandırılmasında vurğulanır ki, Çabukun Türkiyəyə ekstradisiyasında risk yoxdur, çünki Türkiyənin həbsxanalarında pozitiv dəyişikliklər var.
Elə həmin yazıda deyilir ki, Türkiyənin müvafiq qanunları ilə nəzərdə tutulan cəza tədbiri adekvatdır və “sərt sayıla bilməz”.
Ailənin vəkili Soso Barataşvili bildirib ki, nazirliyin qaçqın statusu verməkdən imtina etməsi üçün qanuni əsası olmayıb və ailə bu qərardan şikayət verəcək. Çabukun bunun üçün bir ayı var.
İyulun 10-da məhbusun vəkili və xanımı Tuba Çabukun birgə mətbuat konfransı baş tutacaq.
Türkiyə vətəndaşı Mustafa Emre Çabuk artıq bir neçə ildir ki, Tbilisidə yaşayır. O, Gürcüstanda 2002-ci ildən təhsil fəaliyyəti ilə məşğul olub. Dəmirəl adına kollecdə menecer, həm də Batumidəki Şahin məktəbində müəllim işləyib. Çabukun həbsi Türkiyənin baş naziri Binəli Yıldırımın Tbilisiyə səfərindən sonra baş tutub.
Dəmirəl adına kollec Gürcüstanda “Çağlar” maarifləndirmə şəbəkəsinin bir neçə təhsil müəssisəsi kimi, Türkiyədə 15 iyul 2016-cı ildə hərbi çevrilişin təşkilində ittiham olunan moizəçi Fətullah Gülənlə bağlıdır. Türkiyə hökuməti Gülənin açdığı məktəbləri qanundan kənar elan edib və bildirib ki, “orada terrorçu hazırlamaqla məşğul olurlar”.