Gürcüstan məhkəməsi dindarların hisslərini təhqir etdiyi üçün prezervativ istehsal edən şirkəti cərimələyib
Tbilisi şəhər məhkəməsinin qərarına görə, Gürcüstanın “Aiisa” şirkətinin istehsalı olan prezervativlər “milli dəyərləri və ləyaqəti təhqir edir”.
“Aiisa” şirkəti 2017-ci ildən prezervativ istehsal edir. Prezervativlərin üz qabığında komiks üslubunda Gürcüstan çariçası Tamarın (Gürcüstan kilsəsi tərəfindən müqəddəslər rütbəsinə yüksəldilib), o cümlədən də Tbilisinin rəmzi olan “Ana-Gürcüstan” abidəsinin rəsmi çəkilib. Prezervativlərin qablaşdırmasının üzərində həmçinin gürcü şair Şota Rustavelidən sitatlar, senzuradan kənar gürcücə ifadələr də yazılıb, bəzi dini kəlamlar lağa qoyulub.
Şirkət əleyhinə məhkəmə iddiasını Tbilisi meriyası qaldırıb. Meriya bildirib ki, prezervativlərin qablaşdırmasındakı rəsmlər “etikadan kənardır, ictimai dəyərləri, müəyyən ictimai qrupun dini hisslərini və milli ləyaqəti təhqir edir”.
Hakim Laşa Tavartkiladze Tbilisi meriyasının qəzəbini bölüşüb və çarıça Tamarın rəsmindən istifadə etdiyi üçün şirkəti 500 lari (200 dollara yaxın) həcmində cərimələyib. Hakim şirkət üzərinə mayın 14-ə qədər üç növ dizaynlı prezervativləri satışdan qaldırmaq və gələcəkdə bu rəsmlərin istifadəsinə yol verməmək öhdəliyi qoyub.
“Aiisa” şirkətinin sahibi Ananiya Qaçeçiladze on.ge internet nəşrinə bildirib ki, prezervativləri satışdan götürməyə ehtiyac olmayacaq:
“Ayın 14-ə qədər heç nə qalmayacaq. Onlar 5 dəqiqəyə satılır. İndi mən eksklüziv kimi bu dizaynlar üçün qiyməti 10 lariyə (4 dollar) qədər qaldıracam və hamıya deyəcəm ki, almağa tələssinlər”.
“Aiisa” prezervativlərinə qarşı “gürcü xalqı çariça Tamarın təhqir olunmasını heç kimə bağışlamayacaq” şüarı altında bir neçə etiraz aksiyası keçirilib. Mühafizəkar fikirli və ultra-sağ qövm bu prezervativlərin istehsalının qadağan ediləmisini və məhsulun satışdan çıxarılmasını tələb edib.
Gürcüstan pravoslav kilsəsinin patriarxiyası da şirkətə qarşı çıxıb. 2018-ci ilin martında yayılan bəyanatda kilsə şirkəti “inanclıların hisslərinin təhqir olunmasında və tanrıya küfr ifadə etməkdə”, o cümlədən də “mənəviyyatsız davranışda” günahlandırıb.
Amma “Aiisa” şirkətinin Gürcüstanda müdafiəçiləri də tapılıb. Sosial şəbəkə istifadəçilərinin çoxu şirkətin fəaliyyətini qətiyyən qolverilməz saysa da, onların az hissəsi məhkəmənin qərarını və şirkətə qarşı hücumları özünüifadə azadlığının pozulması kimi dəyərləndirib.
“Məhkəmənin qərarı özünüifadə azadlığının məhdudlaşdırılmasının təhlükəli presedentidir”;
“Sovet İttifaqı qayıdır!”;
“Özünüifadə azadlığı çox vaxt bizim üçün qəbulolunmaz formalarda özünüifadə azadlığını nəzərdə tutur. Buna görə də azadlığın tərəfində olan hər kəs, kim ki, əxlaq polisini istəmir, məhkəmənin qərarından qəzəblənib”, – Facebook istifadəçiləri yazıb.
Şirkətin vəkili məhkəmənin qərarından apellyasiya şikayəti vermək, o cümlədən də Konstitusiya Məhkəməsinə müraciət etmək niyyətindədir.
• “Aiisa” Gürcüstanda prezervativ istehsal edən ilk şirkətdir. Yeni startap ideyası şirkət direktoru Anania Qaçeçiladzenin ağlına “bazarda hökm sürən yeknəsəklik, tələbat və təklif nisbətində yaranan problemlər səbəbilə” gəlib. Onun sözlərinə görə, yüngül sarkazm brendin konsepsiyasının bir hissəsidir. Şirkətin Facebook səhifəsində şirkətin məqsədinin “Gürcüstan cəmiyyətində sekslə və seksuallıqla bağlı stereotiplərin dağıdılması” olduğunu oxumaq mümkündür.
• “Aiisa” öz məhsulunu internet vasitəsilə satır.