Gürcüstanın Müstəqillik Günü şərəfinə Vilnyusda qaldırılan Gürcüstan bayrağı. 26 may, 2015-ci il. DElFI/ Sarunas Mizeika
Litva Gürcüstana hədiyyə hazırlayır. Litva Seyminin spikeri Viktoras Pransketis ölkəni “Sakartvelo” (Gürcüstana xalq tərəfindən verilən ad) adlandırmağı təklif edib. Bu haqda Baltnews xəbər verib.
Litvalı spikerin sözlərinə görə, “gürcülər “Gürcüstan” sözünü sevmirlər”. “Onlar “Sakartvelo” adını daha çox sevirlər”, – o bildirib.
Viktoras Pransketis qeyd edib ki, Gürcüstanda bu haqda ona sadə vətəndaşlar da, prezident Georgi Marqvelaşvili, Litvada isə Gürcüstan səfiri Xatuna Salukvadze də deyib.
“Bu, 2018-ci ildə Gürcüstan üçün gözəl hədiyyə olacaq”, – diplomat deyib.
Seym spikerinin təklifini bir neçə deputat, o cümlədən də Gürcüstanla əlaqələr üzrə parlamentlərarası qrupa daxil olan deputatlar da dəstəkləyib.
“Sakartvelo” Kartli sözündən – Gürcüstanın ən əsas tarixi-coğrafi vilayətlərindən birinin adından əmələ gəlib. Gürcüstanın Avropada istifadə olunan adı Georgia çox güman ki, ölkədə rəğbət bəslənən Müqəddəs Georginin adından götürülüb. Rusiyada istifadə olunan “Qruziya”, gürcü tarixçilərinin bildirdiyinə görə, “Gürcüstan Çarlığının assuriya dilindəki adından – Qurzani götürülüb”. Türkiyə və Azərbaycanda bu ölkəni “Gürci(ü)stan” adlandırırlar.
“Qruziya” adı əsasən Şərqi Avropa ölkələrində yayılıb. Gürcüstanda çoxları hesab edir ki, bu ad Gürcüstanın bir vaxtlar Rusiya İmperiyasının tərkibinə daxil olması ilə bağlı tarixi assosiasiya doğurur.