Gürcüstan konstitusiyası ola bilsin, daha vergilərin artırılmasına qadağa qoya bilməyəcək
İş adamları hesab edir ki, dəyişiklik qəbul edilsə, Gürcüstan daha biznes üçün əlverişli ölkə olmayacaq.
Gürcüstan konstitusiyasında ümumdövlət vergilərinin artırılmasını və ya yeni vergilərin əlavə edilməsini referendum keçirilmədən qadağan edən maddə var.
Hakimiyyət bu normanı dəyişmək qərarına gəlib.
Biznes nümayəndələri isə xəbərdar edir ki, Konstitusiyanın 94-cü maddəsinin ləğvi sərmayə mühitinin pisləşməsinə gətirib çıxaracaq və ölkənin iqtisadi inkişafına öz mənfi təsirini göstərəcək.
İş adamlarının yazdığı xüsusi bəyanatı Gürcüstanda bizneslə məşğul olan demək olar ki, bütün iri biznesmenlər və biznesmen olmayan adamlar da imzalayıb. Bəyanatda deyilir ki, “vergilərin artırılmasının mümkünsüzlüyü stabillik hissi formalaşdırıb və Gürcüstana sərmayələrin cəlb edilməsi üçün əlverişli mühit yaradıb. Xarici sərmayəçi ilk növbədə ölkənin vergi qanunvericiliyi ilə maraqlanır, buna görə də bu qeydin olması Gürcüstanı rəqibləri ilə müqayisədə daha cəlbedici edir”.
İşəgötürənlər Assosiasiyasının rəhbəri Mixeil Kordzaxiya hesab edir ki, risklər ancaq biznesi deyil, maddə ləğv olunduğu halda ölkənin gəlir vergisinin artması perspektivi ilə üzləşəcək sıravi vətəndaşları da gözləyir:
“Hesab edirik ki, maddənin ləğvi haqqında qərar qəbul edilərsə, bu iqtisadi deyil, sırf siyasi bir qərar olacaq”, – deyə o “Exo Kavkaza” radiosuna bildirib.
Düzəlişlərin təşəbbüskarlarının arqumentləri nədən ibarətdir
Adıgedən düzəlişin təşəbbüskarı kimi “Bərabərlik naminə konstitusiya” hərəkatı çıxış edib. Bu hərəkata solçu təşkilatlar daxildir – Sosial-demokrat partiyası, “Auditoriya 115” tələbə hərəkatı, “Gənc sosialistlər”, həm də bəzi həmkarlar ittifaqları və digər təşkilatlar.
Onların əsas arqumenti ondan ibarətdir ki, bu düzəliş siyasi hakimiyyətə ölkənin iqtisadi siyasətini formalaşdırmaq və dəyişmək, onu daha sosial məsuliyyətli etmək imkanı verir.
Onların fikrincə, seçkilərdə səs verən vətəndaşlar özləri qərar verməlidir ki, onlara necə hakimiyyət lazımdır – vergiləri artıran, yoxsa əksinə, onları ləğv edən. Onlar hesab edir ki, konstitusiya bu və ya digər vergi siyasətini qadağan etməməlidir, bu zaman da dünyanın heç bir konstitusiyasında belə bir qadağanın olmadığını qeyd edirlər.
Amma məhz bu “unikallığı” da biznesmenlər həlledici hesab edir. Onların fikrincə, məhz bu maddə fiskal siyasətin stabilliyini və şəffaflığını təmin edir və bütün regionda ölkəni xaricdən sərmayələr üçün daha cəlbedici edir.
- Gürcüstanda tezliklə konstitusiyada radikal dəyişikliklər gözlənilir.
- Parlamentdə konstusional çoxluğa malik hakim “Gürcü arzusu” partiyası ölkənin əsas qanununu kökündən dəyişmək niyyətindədir. O cümlədən, dəyişikliklər prezident seçkilərinə də toxunacaq.
- Gürcüstan qanunvericiliyində nəzərdə tutulan beş növ verginin ümumxalq səsverməsi keçirilmədən artırılması mümkün deyil: fiksə edilmiş gəlir vergisi, mənfəət vergisi, ƏDV, idxal vergisi və əmlak vergisi. Avropa ölkələrindən fərqli olaraq, Gürcüstanda miras vergisi və sosial fondlara ödəmələr yoxdur.
- Vergilərin artırılması üçün referendumun keçirilməsini tələb edən Konstitusiyanın 95-ci maddəsi 2010-cu ildə Mixail Saakaşvilinin prezidentliyi dövründə qəbul edilib və “Azadlıq haqqında qanun” adlanırdı. Bu maddə o vaxt aparılan iqtisadiyyatın liberallaşdırılması prosesinin bir hissəsi idi. Hələ qüvvədə olan qanuna əsasən, vergilərin artırılması üçün lazım olan referendumun təşəbbüskarı ancaq hökumət ola bilər, istənilən başqa referendumda olduğu kimi, 200 min imzaya ehtiyac yoxdur.