Gürcüstan kimi seçəcək?
Gürcüstan parlamentinə seçkilərə 5 ay qalmış Amerika Milli Demokratiya İnstitutu (NDI) ölkənin siyasi partiyalarının reytinqlərini təqdim etdi.
Araşdırmada əks olunan əsas tendensiyalar:
Cavablar arasında “bilmirəm ifadəsi liderdir.
Gürcüstan parlament seçkiləri oktyabrın 8-nə təyin edilib, bununla belə, məlum oldu ki, araşdırmada iştirak edən respondentlərin 61%-i hələ də səslərini kimə verəcəkləri ilə bağlı bir qərara gəlməyib. Bu, ondan xəbər verir ki, seçicilər siyasi partiyalardan uzaqdılar və ümumilikdə ölkədəki siyasi proseslərə inamsızlıqla yanaşırlar.
Misal üçün, hansı partiya sizin baxışlarınıza daha yaxındır – sualına 29% respondent “bilmirəm cavabını verib. Heç bir konkret partiyanın bu sualla bağlı bu cür yuxarı göstəricisi yoxdur. Bundan belə bir nəticə çıxarmaq olar ki, partiyaları hələ öz seçimlərini etməyən və nihilist əhvalda olan seçicilərin səsləri uğrunda amansız mübarizə gözləyir.
İtirilmiş etimad
Görünür ki, hakim partiya özünün 2015-ci ilin əvvəlindən faciəvi şəkildə aşağı düşən reytinqini heç cür qaldıra bilməyəcək. NDI araşdırmasında iştirak edənlərin ancaq 15%-i parlament seçkiləri bu gün keçirilsəydi, hakim partiya kimi “Gürcü arzusunu seçəcəklərini bildirdilər. Seçkilərə 5 ay qalmış əldə edilən bu nəticə hakimiyyəti düşündürməlidir.
Cəmi 3 il yarım bundan əvvəl – 2012-ci ilin noyabr ayında hakimiyyətə gələn “Gürcü arzusunun 63% seçici dəstəyi vardı. Bidzina İvanişvilinin komandası qalan 5 ay ərzində seçicilərin itirilmiş etimadını doğrulda biləcəkmi – qeyri-müəyyənliyi əsas sual olaraq qalır. Onu da nəzərə almaq lazımdır ki, “Gürcü arzusu koalisiyasına daxil olan beş siyasi subyekt gözlənilən parlament seçkilərində çox güman ki, ayrı-ayrılıqda iştirak edəcək. Və hələ ki, koalisiyanın parçalanmasının “Gürcü arzusu partiyasının seçkiqabağı şanslarına necə təsir edəcəyi məlum deyil.
Stabil seçici
Daha bir maraqlı tendensiya müşahidə olunur – hakim partiyanın reytinqinin düşməsi müxalifətin reyrinqinə heç cür təsir etmir. Araşdırma göstərir ki, parlament seçkiləri sabah keçirilərsə, ölkədəki əsas müxalifət qüvvəsi olan “Vahid milli hərəkatın lehinə 13% respondent səs verəcək.
“Vahid milli hərəkatın reytinqi öz-özlüyündə maraqlı bir fenomendir – artıq dördüncü ildir ki, bu partiyanın reytinqi stabil olaraq 10-15% təşkil edir. Görünür, seçicilər hakimiyyətdən narazı olsalar da, müxalifət haqqında da heç də yaxşı fikirdə deyillər. Düzdür, “Vahid milli hərəkatın əlində seçicilərinin stabil və zamanətli dəstəyi var, amma partiya hələ ki, bundan daha artığına – hakimiyyətdən əlini üzən digər seçiciləri öz tərəfinə çəkməyə nail ola bilmir.
Üçüncü partiya
NDI-ın tədqiqatlarında təqdim olunan reytinqlərə əsasən, mütləq 5%-lik baryeri daha bir partiya aşıb – “Azad demokratlar. Parlament seçkiləri sabah keçirilərsə, siz kimə öz səsinizi verərdiz – sualına 6% “Azad demokratlara – cavabını verib. 2015-ci ilin noyabr ayında keçirilən bundan əvvəlki ictimai fikir sorğusu zamanı keçmiş müdafiə naziri İrakli Alasaniyanın siyasi komandasının adını 9% respondent çəkdi. Son zamanlar bu partiya əməlli-başlı təqib obyektinə çevrilib – onun liderlərindən birinə qarşı fiziki güc tətbiq edilib, daha bir partiya üzvünün intim həyatını əks etdirən videokadrlar yayılıb.
Rusiya bizim dostumuzdur?
Daha maraqlı bir fakt ondan ibarətdir ki, Rusiyaya qarşı loyallıq göstərən, Qərb və NATO-nun tənqid edilməsi ilə seçilən partiyaların reytinqi 3%-dən yuxarı deyil.
Cənab Bidzinanın bura nə dəxli?
Teledebatlar zamanı müxalifət nümayəndələrinin Bidzina İvanişvilinin ünvanına səsləndirdikləri ittihamlara hakimiyyət nümayəndələri məhz bu sualla cavab verirlər.
Düzdür, məlum olub ki, keçmiş baş nazirin ölkənin qeyri-rəsmi rəhbəri olduğunu düşünən ancaq müxalifətçilər deyil. NDI araşdırmasının nəticələri göstərdi ki, 66% hələ də İvanişvilinin hakim qurumlarda qərar qəbul edən sima olaraq qaldığını düşünür. Və yalnız 15% sorğu iştirakçısı inanır ki, öz istefasından sonra baş nazir ölkənin idarə olunması işlərinə qarışmır. Bununla yanaşı, 56% respondent hesab edir ki, İvanişvili artıq siyasi qərarların qəbul edilməsində iştirak etməsəydi daha yaxşı olardı.
Hansı siyasətçidən xoşunuz gəlir?
Bu sual da tədqiqatda iştirak edən respondentləri xüsusi olaraq ilhamlandırmayıb. Çünki ona da verilən cavab versiyalarında “bilmirəm lider mövqe tutur.
Simpatiyalar reytinqində siyasətçilər arasında ilk üç yeri müxalifət nümayəndələri – “Vahid milli hərəkatın lideri David Bakradze (15%), “Azad demokratların lideri İrakli Alasaniya (7%) və “Gürcüstanın leyborist partiyasının lideri Şalva Natelaşvili (6%) tutur. Ölkənin fəaliyyətdə olan baş naziri ancaq 5% sorğu iştirakçısının xoşuna gəlir.
Ən maraqlısı son zamanlar gürcü siyasətində ən üzdə olan iki siyasi liderin – ölkənin keçmiş baş naziri və keçmiş prezidentinin indiki reytinqləridir. Ancaq 4% sorğu iştirakçısı Bidzina İvanişvilidən və ancaq 2% respondent Mixail Saakaşvilidən xoşu gəldiyini bildirir.
Dərc edilib: 13.04.2016