Gürcüstan: İkinci tur olacaq. Seçki marafonunun liderlərini 1 faizdən az səs ayırır
Ölkədə keçirilən prezident seçkilərində bülletenlərin demək olar ki, hamısı (99 faizi) sayılıb.
Seçki marafonunun liderləri – hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə “Güc birlikdədir” müxalif birliyin lideri Qriqol Vaşadze arasında bir faizdən az fərq var.
• Salome Zurabişvili — 38. 62 %
• Qriqol Vaşadze — 37. 74 %
Bu o deməkdir ki, Gürcüstan tarixində ilk dəfə prezidenti birinci turda seçə bilməyiblər və ikinci tur olacaq.
Tələsik bayram
Bu nəticələrin hakimiyyət üçün şok effektli gözlənilməzlik olduğunu ilk növbədə seçki məntəqələri 20.00-da bağlanarkən Zurabişvilinin qərargahında artıq həyəcanla qələbə qeyd olunduğu da təsdiqləyir. Ölkənin qeyri-formal lideri, keçmiş baş nazir Bidzina İvanişvili də şəxsən Zurabişvilini təbrik etməyə gəlib.
İqtidar partiyasının qərargahından bildirilirdi ki, Zurabişvili əminliklə irəliləyir və müxalifət təxribatlara hazırlaşır.
“Gürcü arzusu” tərəfdarlarının maşınları Tbilisi və Batumi küçələrində partiya bayraqları və uzun siqnallarla şütüyürdü.
Artıq Zurabişvilinin qələbəsi şərəfinə Gürcüstan estradan ulduzlarının iştirakı ilə keçiriləcək konsertin səhnəsi də hazır idi.
Bu cür tələsik bayram əhvlına “Gürcü arzusu”nun sifarişi ilə keçirilən exit-poll nəticələri səbəb olmuşdu. Bu nəticələr Zurabişvilinin 52,3 faiz səs toplamaqla ilk turdaca qalib olacağını göstərirdi. Eyni nəticələrə görə, onun rəqibi Vaşadze isə 28,1 faiz səs toplayıb.
Amma “Rustavi-2” telekanalının və “Avropa Gürcüstanı” müxalif partiyasının sifarişi ilə keçirilən exit-poll nəticələri tamam başqa mənzərə cızırdı və sonra MSK-nın nəticələri də bu nəticələrə yaxın oldu
Bunlardan birinciyə əsasən (onu Edison Research şirkəti aparıb) Zurabişvili və Vaşadze hərəsinə 40 faiz səs toplayıb. İkinciyə əsasən isə (onu BCG Research şirkəti aparıb) Vaşadze 37 faiz, Zurabişvili isə 34 faiz səs toplayıb.
Artıq gecəyarısına yaxın, ilk nəticələr gəlməyə başlayanda “Gürcü arzusu” qərargahında əhval qəfil pozuldu.
Gecə saat birə doğru parlament spikeri İrakli Kobaxidze xüsusi brifinqdə bəyan etdi ki, ölkədə ikinci tur baş tutacaq.
Müxalifət ikinci turda qələbəyə hazırlaşır
Bütün gecə Qriqol Vaşadzenin qərargahında bayram ab-havası hökm sürüb. Orada keçmiş prezident Mixail Saakaşvili ilə böyük ekranda skype əlaqə yaradılıb. Saakaşvili bildirib ki, hətta o özü də belə heyrətamiz qələbə gözləmirmiş.
“Güc birlikdədir” müxalif koalisiyasının mərkəzi partiyası olan “Milli Hərəkat” keşmiş iqtidar partiyasıdır, lideri isə hələ də qeyri-formal olaraq Mixail Saakaşvili qalır.
İlkin nəticələr elan olunandan sonra artıq iki müxalif partiya bəyan edib ki, ikinci turda Qriqol Vaşadzeni dəstəkləyəcəklər.
• Qiya Nodianın şərhi: Bidzinanın seçimi və ya Gürcüstan prezident seçkilərinə yaxınlaşır
Bütün gecə Qriqol Vaşadzenin qərargahında bayram ab-havası hökm sürüb. Orada keçmiş prezident Mixail Saakaşvili ilə böyük ekranda skype əlaqə yaradılıb. Saakaşvili bildirib ki, hətta o özü də belə heyrətamiz qələbə gözləmirmiş.
“Güc birlikdədir” müxalif koalisiyasının mərkəzi partiyası olan “Milli Hərəkat” keşmiş iqtidar partiyasıdır, lideri isə hələ də qeyri-formal olaraq Mixail Saakaşvili qalır.
İlkin nəticələr elan olunandan sonra artıq iki müxalif partiya bəyan edib ki, ikinci turda Qriqol Vaşadzeni dəstəkləyəcəklər.
“Avropa Gürcüstanı” partiyasının lideri David Bakradze səsvermə bitəndən dərhal sonra məğlubiyyətini etiraf edib, müxalif rəqibi Qriqol Vaşadzeni təbrik edib və ikinci turda onu dəstəkləyəcəyini bildirib. Onun bu jesti məğlubiyyəti qəbul edib, qələbə qazananları təbrik etmək kimi siyasi mədəniyyətin olmadığı Gürcüstanda diqqətdən kənarda qalmayıb. Bir çox analitiklər seçki nəticələri kimi onun bu jestini də “tarixi” adlandırıblar.
İkinci turda Vaşadzeni dəstəkləməyə hazır olan daha bir partiya Respublikaçılardır. Maraqlıdır ki, 2016-cı ilə qədər Respublikaçılar “Gürcü arzusu” ilə koalisiyada idi və “Milli Hərəkat”a opponentlik edirdi.
Ehtimal olunur ki, Vaşadzeni digər müxalif partiyalar, o cümlədən də hazırkı seçkidə 3,7 faiz səs toplamış Şalva Natelaşvilinin lideri olduğu “Leyboristlər” partiyası da dəstəkləyəcək.
• Gürcüstanda prezident seçkilərində 25 namizəd iştirak edib. Bu, ölkədə birbaşa səsvermə ilə keçirilən son prezident seçkisidir. 2023-cü ildən etibarən Gürcüstan prezidentini 300 nümayəndədən ibarət seçki kollegiyası seçəcək.
Seçki haqda digər detallar
• Prezident seçkiləri Gürcüstan qanunvericiliyinə uyğun olaraq, heç bir ciddi pozuntu olmadan keçirilib. Bu haqda səsvermə prosesini və səslərin sayımını izləyən beynəlxalq müşahidə missiyasının nümayəndələri bazar ertəsinə keçən gecə təşkil olunan brifinqdə bildiriblər. Prezident seçkilərini 163 beynəlxalq müşahidəçi monitorinq edib.