Gürcüstan hökuməti Abxaziyadan keçən dəmiryolu məsələsinin Ermənistanla müzakirə olunduğunu inkar edir
Gürcüstan hakimiyyəti ola bilər ki, Abxaziyadan keçən dəmiryolu xəttinin bərpa edilməsi ilə bağlı pərdəarxası danışıqlar aparır – müxalif Vahid Milli Hərəkat nümayəndələri belə hesab edir.
Partiya nümayəndəsi Nika Rurua xüsusi mətbuat konfransında çıxış edərək bildirib ki, Ermənistanın baş nazirinin 23-24 fevralda Gürcüstana səfəri zamanı bu məsələnin müzakirə olunduğuna dair “əsaslı şübhələr” var.
Gürcüstan müxalifətinin narahatlığına Ermənistan baş naziri Karen Karapetyanın Tbilisidə olarkən jurnalistlərlə söhbəti zamanı açıqladığı bəyanat səbəb olub. “Əgər Sizi Larsın (Rusiya_gürcüstan sərhədində keçid məntəqəsi, Ermənistandan Rusiyaya yeganə quru yolu) alternativinin olub-olmayacağı maraqlandırırsa, Sizi əmin edə bilərəm ki, bəli, olacaq! Qalanı haqda sonra, hələlik mötərizələri açmıram. Biz həm Larsla bağlı, həm də enerji dəhlizi ilə bağlı razılığa gəldik”, – Karapetyan bildirib.
Milli Hərəkatın rəyincə, Ermənistanın baş naziri Abxazi ərazisindən keçən dəmiryolu xəttini nəzərdə tuta bilər.
“Abxaziya dəmiryolu xəttinin açılması qətiyyən yolverilməzdir… Bu, milli maraqların açıq satılması deməkdir, bu, ancaq Rusiya və separatçıların qazanacağı addım olacaq, Güncüstan isə sadəcə ziyan çəkəcək, çünki bu, Gürcüstan limanlarında yük dövriyyəsinin azalmasına səbəb olacaq, həmçinin bizim Azərbaycanla münasibətlərimizə də xələl gətirəcək”, – Nika Rurua deyib. O hakimiyyətdən tələb edib ki, bu məsələyə aydınlıq gətirsin, əks təqdirdə “xalq etirazları” ilə hədələyib.
Milli Hərəkatın etirazlarına Avropa Gürcüstanı partiyası da qoşulub, bu partiya da hakimiyyətdən danışıqlara dair tam məlumat tələb edib.
Amma Gürcüstan hökumətinin baş nazir müavini Kaxa Kaladze müxalifətin ittihamlarına cavab olaraq bildirib ki, Ermənistan nümayəndə heyətinin səfəri zamanı Abxaziyadan keçən dəmiryolu xətti haqda danışılmayıb, üstəlik Gürcüstan hökuməti bu məsələni ümumiyyətlə nəzərdən keçirmir. Müxalifətin bəyanlarını isə o, yalan adlandırıb.
Baş nazirin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze də Rusiya ilə Abxaziyadan keçən dəmiryolu xəttinin açılması məsələsinin müzakirə olunduğunu inkar edib. “Bu məsələ Gürcüstanın ərazi bütövlüyü problemi ilə birbaşa bağlıdır və ancaq bu kontekstdə nəzərdən keçirilə bilər”, – Abaşidze bəyan edib.
Eyni zamanda Ermənistan nümayəndə heyəti vətənə qayıdandan sonra erməni rəsmilərindən heç kim Gürcüstanla tranzit məsələlərinə dair hər hansı razılığın əldə edildiyini bildirməyib.
Gürcüstan və RF arasında Abxaziyadan keçən dəmiryolu xəttinin bərpa edilməsi məsələsi 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra dəfələrlə qaldırılıb, o cümlədən də Gürcüstanın sabiq baş naziri Bidzina İvaniaşvili və Rusiya prezidenti Vladimir Putin tərəfindən. Hər dəfə bu məsələnin müzakirəsi müxalifətin və cəmiyyətin bir hissəsinin kəskin reaksiyasına səbəb olub.