Interpressnews agentliyi yazır ki, “Gürcü arzusu” iqtidar partiyasının ofisində iclas keçirilib və bu məsələ müzakirə olunub. İclasa DİN nümayəndələri də qatılıb, deputatlar çoxluğunu da elə onlar bu qanunvericilik təşəbbüsü ilə tanış ediblər.
Layihənin ilkin variantına əsasən, marixuana istehsalı ciddi şəkildə lisenziyalaşdırılacaq. Lisenziya sahibləri müsahibə əsasında müəyyənləşəcək. Ehtimal olunur ki, lisenziya şərtlərində coğrafi areal, istehsal olunan bitkinin həcmi və s. yer alacaq.
Agentliyin məlumatına görə, iclasda kəskin müzakirə və mübahisələr baş verib. Interpressnews öz xəbərində bildirir ki, hakim partiyanın sədri, keçmiş baş nazir və ölkəni qeyri-formal idarə edən Bidzina İvanişvili şəxsən bu ideyanı dəstəkləyir.
Daxili İşlər Nazirliyi tərəfindən işlənib hazırlanan qanun layihəsi marixuananın lisenziyalı istehsalından başqa digər yenilikləri də özündə birləşdirir.
Məsələn, marixuana istifadəçilərinə münasibətdə qanun layihəsində bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Hakimiyyət marixuananın məktəblərdə, ictimai müəssisələrdə və açıq yerlərdə istifadəsini qadağan etmək niyyətindədir. Marixuana istifadəsinə qadağa bəzi peşə sahiblərinə də aaid ediləcək.
Qanunverici paket yaxın zamanda hökumətin iclasına təqdim olunacaq.
• 2018-ci il iyulun 30-da Gürcüstanın Konstitusiya Məhkəməsi marixuana istifadəsinə görə inzibati cəzanı ləğv edib. Bu o deməkdir ki, marixuana Gürcüstanda artıq leqaldır. Bu qərar marixuananın istehsalına və satışına aid deyil.