Gürcüstan hakimiyyəti etirazları dağıtmaq üçün kimyəvi silahdan istifadə etmiş ola bilər. BBC-nin araşdırması
Britaniyanın BBC nəşri 2024-cü ilin sonunda hökumət əleyhinə etirazların dağıdılması zamanı Gürcüstan hökumətinin Birinci Dünya müharibəsi dövrünə aid kimyəvi maddədən istifadə etmiş ola biləcəyini iddia edən araşdırma dərc edib.
BBC aksiya zamanı su şırnağına tuş gələn etirazçılardan birinin sözlərini belə sitat gətirir: “Elə bir hiss var idi ki, [su] yandırır”. Onun sözlərinə görə, bundan sonra onda qusma, öskürək və sürətli nəfəsalma kimi simptomlar yaranıb və bu hallar həftələrlə davam edib. Digər zərərçəkənlər də eyni şikayətləri bildirir.
Məqalədə qeyd olunur ki, britaniyalı jurnalistlər kimyəvi silah üzrə ekspertlərlə, Gürcüstan polisinin xüsusi təyinatlı dəstəsinin mənbələri ilə və həkimlərlə danışaraq müəyyən ediblər ki, su şırnaqlarında “brombenzilsianid” və ya “kamit” adlanan maddə istifadə olunmuş ola bilər.
BBC xəbər verir ki, bu maddə ilk dəfə Birinci Dünya müharibəsi zamanı Fransa tərəfindən Almaniyaya qarşı tətbiq edilib. Sonrakı illərdə onun istifadəsinə dair sənədləşdirilmiş məlumatlar çox azdır, hesab olunur ki, uzunmüddətli nəticələri ilə bağlı narahatlıqlara görə 1930-cu illərdə dövriyyədən çıxarılıb. Daha sonra onun əvəzinə adətən “gözyaşardıcı qaz” adlandırılan CS qazı istifadə olunmağa başlayıb.
Məqalədə Tbilisidəki etiraz aksiyalarının iştirakçısı, pediatr Konstantin Çaxunaşvilinin hadisəsi də təsvir olunur. O bildirir ki, dərisi bir neçə gün “yanıb” və bu hissi su ilə yumaq mümkün olmayıb.
Çaxunaşvili öyrənib ki, digər zərərçəkənlər də eyni nəticələrlə üzləşib. O, daha kiminsə oxşar simptomlarla qarşılaşıb-qarşılaşmadığını araşdırmaq istəyib.
Çaxunaşvilinin topladığı məlumatlar jurnalistlərin, həkimlərin və ictimai təşkilatların əvvəlki məlumatlarını təsdiqləyib: su şırnaqlarına kimyəvi maddə əlavə olunub, baxmayaraq ki, hakim “Gürcü Arzusu” partiyası və Daxili İşlər Nazirliyi bütün sorğulara rəğmən hələ də onun adını açıqlamaqdan imtina edir.
Gürcüstan polisinin iğtişaşlara qarşı bölməsinin keçmiş silahlanma üzrə məsulu Laşa Şerqelaşvili hesab edir ki, söhbət 2009-cu ildə su şırnaqlarında sınaqdan keçirilməsi tapşırılan həmin maddədən gedir.
Onun sözlərinə görə, bu maddənin təsiri əvvəl tanıdığı hər şeydən fərqlənirdi. O, yalnız maddənin səpildiyi yerin yaxınlığında dayanandan sonra belə nəfəs almaqda çətinlik çəkib və onunla birlikdə maddəni sınaqdan keçirən 15–20 həmkarı da onu asanlıqla yumağa müvəffəq olmayıb.
Şerqelaşvili əlavə edib ki, onunla əlaqədə olan və hələ də vəzifədə çalışan həmkarları bu maddənin indi də istifadə olunduğunu deyiblər.
BBC yazır ki, onlar 2019-cu ilin dekabrına aid Gürcüstan xüsusi təyinatlılarının inventar siyahısının surətini əldə etməyə nail olub və orada adı açıqlanmayan iki kimyəvi maddə aşkar edilib. Onlar sadəcə “Kimyəvi maye UN1710” və “Kimyəvi toz UN3439” kimi göstərilib.
Ekspertlər hesab edir ki, bunlar böyük ehtimalla Birinci Dünya müharibəsi üçün Antanta (Böyük Britaniya, Fransa və Rusiyanın hərbi-siyasi ittifaqı) tərəfindən hazırlanmış brombenzilsianid və ya kamitdir.
Gürcüstan polisinin digər keçmiş yüksək vəzifəli əməkdaşı da həmin maddənin 2024-cü ilin noyabr-dekabr etirazları zamanı Tbilisidə istifadə olunduğunu təsdiqləyib.
“Gürcü Arzusu”nun nümayəndələri BBC-nin araşdırmasını “absurd” adlandırıb və polisin “qanunsuz hərəkətlərə” cavab olaraq qanun çərçivəsində fəaliyyət göstərdiyini bildiriblər.