Dağlarda itkin düşən Gürcüstan və ABŞ-ın ikili vətəndaşlığına sahib ər və arvad Gürcüstanın Duşet rayonunda (Mxeta-Mtianeti regionu) ölü tapılıb.
İndi polis onların dörd yaşlı övladlarını axtarır. Bu haqda Gürcüstan DİN-in saytında məlumat verilib.
Həlak olanların meyitlərinə ilkin baxış zamanı onların üzərində heç bir zorakılıq izinin olmadığı bəlli olub.
Rayyan Smit və onun həyat yoldaşı Lora bir neçə il idi ki, Gürcüstanda yaşayırdılar.
“İyulun 6-da 112-ə Gürcüstan və ABŞ-ın ikili vətəndaşlığına sahib iki nəfərin və onların dördyaşlı övladlarının itkin düşməsi haqda məlumat daxil olub. Zəng vuran şəxs bildirib ki, itkin düşənlər Duşet rayonunun Xada dərəsində olublar və onlarla əlaqə yaratmaq mümkün deyil”, – DİN-in məlumatında deyilir.
15 nəfərdən ibarət xilasedici qrupupolislərlə birlikdə axtarışa başlayıb. Qrup əməliyyata ərazini diqqətlə axtarmaqdan başlayıb. Xilasedicilər itkin düşənlərin avtomobilini və şəxsi əşyalarını Tsveri kəndində tapıblar. Bir neçə saat sonra itkin düşmüş qadın da tapılıb. Onu dərədə, şəlalənin yanında, tərk edilmiş maşının təxminən üç kilometrliyində aşkarlayıblar. Ailənin qalan iki üzvünün axtarışı mürəkkəb relyef şəraitində davam etdirilib. Görmə imkanları məhdud olduğu üçün axşama doğru axtarış əməliyyatını dayandırmağa məcbur olublar.
İyulun 7-də, əməliyyat yenidən davam etdirilib, itkin düşənlərdən birinin də meyiti şəlalənin yanında tapılıb. Əməliyyat davam etdirilir. Axtarışda 25 xalasedici iştirak edir, – “Novosti Qruziya” agentliyi məlumat verib.
DİN-də “ehtiyatsızlıqdan adam öldürmə, iki və daha artıq adama qarşı törədildikdə” maddəsi ilə cinayət işi qaldırılıb. Bu maddə üç ildən beş ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. İstintaq çərçivəsində məhkəmə-tibbi ekspertizası təyin edilib.