Gürcüstan: Birinci ledinin qardaşı qanunsuz silah və sursat saxlamağa görə məhkum olunub
Paylaşmaq
Paylaşmaq
Tbilisi şəhər məhkəməsi Qriqori Mqaloblişvilini – Gürcüstanın birinci xanımı Maka Çiçuanın qardaşını 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Mqaloblişvili qanunsuz silah alma, saxlama və gəzdirmə ittihamı ilə hüquq-mühafizə orqanları tərəfindən 2017-ci ilin yanvarında saxlanılıb. Yanvarın 13-də Tbilisi şəhər məhkəməsi qətimkan tədbiri olaraq ilkin istintaq müddətinə həbs qərarı çıxarıb. Bu gün isə o 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bu, Mqaloblişvilinın ilk məhkumluğu deyil. Bir neçə il əvvəl Mqaloblişvili prezident əfvi ilə penitensiar müəssisəni tərk edib.
Prezident Marqvelaşvilinin ailə üzvləri dəfələrlə hüquq-mühafizə orqanlarının maraq obyektinə çevrilib
Ötən ilin iyulunda prezidentin kürəkəni Mindia Qoqoçuri dindirilmək üçün prokurorluğa çağırılmışdı. KİV-in verdiyi məlumata görə, məsələ narkotiklərlə bağlı olub.
– 2017-ci ilin martında Mixail Tataraşvilinin – prezidentin kürəkəninin dostunun həbsi ətrafında qalmaqal yaranmışdı. Polis ondan 18 həb suboteks müsadirə etmişdi, hərçənd prezident ailəsinin üzvləri bildirirlər ki, narkotik vasitəni polis özü Tataraşvilinin cibinə qoyub.
– Bu insidentdən sonra KİV-də prezidentin qızı Anna Marqvelaşvili fəallaşdı. O, “Rustavi-2” telekanalının siyasi tok-şousunda iştirak etdi və bildirdi ki, təhlekəsizlik xidmətinin əməkdaşları prezident ailəsinin üzvlərini və şəxsən onu mütəmasi olaraq izləyir.
– Anna Marqvelaşvili hakimiyyətin narko-siyasətini kəskin şəkildə tənqid edib. Onun sözlərinə görə, Gürcüstanda hüquq-mühafizə orqanları əməkdaşlarının vətəndaşların cibinə narkotik atması təcrübəsi geniş yayılıb.
– Prezidentin qızı Facebookda hakimiyyətin narko-siyasətinə qarşı fəal kampaniyaya başlayıb və etiraz aksiyasında iştirak edib.
Prezident Marqvelaşvilinin özü ötən ilin iyulunda xüsusi brifinqdə hakimiyyətin müəyyən dairələrini ailə üzvlərini təqib etməkdə ittiham edib.
Qriqori Marqvelaşvili 2014-cü ildə Gürcüstanın prezidenti seçilib. Onun namizədliyini seçkilərdə “Gürcü arzusu” partiyası irəli sürüb, Bidzina İvanişvili şəxsən onu dəstəkləyirdi. Amma seçkilərdə qələbə qazanandan sonra bir sıra məsələlərlə bağlı Marqvelaşvili və İvanişvili arasında ziddiyyətlər yaranıb. Gürcüstanın qeyri-rəsmi başçısı olan İvanişvili jurnalistlərə bildirib ki, prezidentliyə Qriqori Marqvelaşvilinin namizədliyini irəli sürməklə həyatının ən böyük səhvini edib. İvanişvilinin bu bəyanatından sonra Marqvelaşvili iqtidar komandasının endirdiyi zərbələrin permanent obyektinə çevrilib.