Gürcüstan: bir günə üç müxalifət liderinə həbs cəzası verildi. Ümumilikdə altı müxalifət lideri həbsdədir
Gürcü müxalifətinin həbsi
23 iyun tarixində “Gürcü Arzusu”nun nəzarətində olan məhkəmə üç müxalifət liderinə — “Lelo – Güclü Gürcüstan” partiyasından Mamuka Xazaradze və Badri Caparidze, həmçinin “Dəyişikliklər Koalisiyası”ndan Zurab “Girçi” Caparidziyə dərhal həbs cəzası verdi.
Zurab Caparidze daha əvvəl artıq iki aylıq ilkin həbsdə saxlanılırdı, Xazaradze və Badri Caparidze isə artıq bu gün həbs olunacaqlar.
Onların hamısı istintaq komissiyasının iclasında iştirakdan imtina etməkdə ittiham olunur. Həmin komissiyaya keçmiş ədliyyə naziri Tea Tsulukiani rəhbərlik edir.
Komissiyaya gəlməkdən imtina etdiklərinə görə, yaxın günlərdə digər müxalifət liderləri barəsində də hökm çıxarılacağı gözlənilir. Onların arasında sabiq baş nazir Giorgi Qaxariya da var.
Nəticədə, Gürcüstandakı əsas müxalifət partiyalarının demək olar ki, hamısı ən azı ilin sonuna qədər lidersiz qaldı.
5 fevral tarixində “Gürcü Arzusu”nun parlamentində Birləşmiş Milli Hərəkat (ENM) hökumətinin fəaliyyətini araşdırmaq məqsədilə xüsusi istintaq komissiyası yaradılıb. Komissiyanın rəsmi adı belədir: “2003–2012-ci illərdə rejimin və rejim siyasi xadimlərinin fəaliyyətinin araşdırılması üzrə Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyası”.
Komissiyanın yaradılması 2025-ci il yanvarın 9-da “Gürcü Arzusu” tərəfindən elan edilib. Fraksiyanın rəhbəri Mamuka Mdinaradzenin sözlərinə görə, komissiya 6 ay fəaliyyət göstərəcək və nəticə olaraq hazırladığı hesabat sentyabr sessiyasının ilk həftəsində müzakirə olunaraq təsdiqlənəcək.
Siyasətçilərə hansı cəzalar tətbiq olundu?
● “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri olan Zurab Caparidze 7 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin Caparidzeyə qarşıdakı 2 il ərzində dövlət vəzifəsi tutmaq qadağan olunub.
Məhkəmə müxalif siyasətçini Tsulukianinin komissiyasının tələblərinə tabe olmamaqda ittiham edir. Aprelin 16-da Caparidzeyə komissiyanın iclasına qatılmadığı üçün 20 000 lari (təqribən $7355) məbləğində girov təyin olunmuşdu, lakin o, bunu ödəməkdən imtina etmişdi. Bundan sonra Caparidze məhkəmə zalında həbs olunaraq 2 aylıq ilkin həbslə cəzalandırılmışdı. Bu gün isə ona qəti cəza tədbiri təyin olunub.

Eyni səbəbdən, yəni Tsulukianinin komissiyasının iclasına qatılmadığına görə, məhkəmə “Lelo – Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradzeyə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Müxalifət lideri məhkəmə prosesində iştirak etməyib. O, daha əvvəl 50 000 lari (təqribən $18400) məbləğində girov ödəmişdi.

“Lelo – Güclü Gürcüstan” partiyasının liderlərindən biri olan Badri Caparidze 8 ay müddətinə azadlıqdan məhrum edilib və 2 il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan məhrum olunub. Təqsirləndirilən şəxs hökmün elanında iştirak etməyib və son sözlə çıxış etmək imkanı olmayıb.
Badri Caparidze barəsində qətimkan tədbiri kimi 50 000 lari (təqribən $18400) məbləğində girov seçilib və o, bu məbləği qanunla müəyyən edilmiş müddətdə ödəyib.
Müxalif siyasətçilər: “Axali” koalisiyasının liderləri Nika Meliya, Zurab “Girçi” Caparidze və Nika Qvaramiya (“Dəyişikliklər Uğrunda Koalisiya”), həmçinin keçmiş müdafiə naziri İrakli Okruaşvili istintaq komissiyasına gəlmədiklərinə görə artıq həbsdədirlər.
Şərhlər
Yaqo Kaçkaçişvili, sosioloq: “Gürcüstanda avtoritar maşın artıq mexaniki yox, avtomatik şəkildə hərəkət edir. Artıq bu sistemə proqnoz və ya ehtimallar lazım deyil. Bu gün və ya sabah praktiki olaraq bütün müxalif siyasi sinif və digər institutların nümayəndələrinin həbs olunacağı aydındır.”
Avtomatik avtoritarizm o rejim deməkdir ki, burada kompromis, dialoq, danışıqlar, geri çəkilmə və bu kimi aralıq mexanizmlər artıq siyasət hazırlamaq aləti sayılmır.
Bu vəziyyət marjinal sayılır, çünki onun nəticəsi ya konsolidasiyalaşmış avtoritarizm (yəni diktatura), ya da daxili və xarici təzyiqlər nəticəsində avtoritarizmin sökülməsinin başlanğıcı ola bilər.
Mənim fikrimcə, ikiqat kodlaşdırma siyasəti (avtoritarizm/demokratiya) artıq sona çatır və “ya bu, ya o” mərhələsi başlayır.
Vaxuşti Menabde, konstitutsiya hüququ üzrə ekspert: “Siyasi partiyaların liderləri artıq siyasi məhbuslara çevriliblər, demək olar ki, hamısı ya həbsdədir, ya da həbs təhlükəsi altındadır.
Bu xəbər vəziyyəti tam aydınlaşdırdı. Hansı strategiyanı seçməyin fərqi yoxdur: girov ödənişi edib-etməməyiniz, çağırışa gedib-getməməyiniz, seçkiləri boykot edib-etməməyiniz, özünüzü günahkar sayıb-saymamağınız – bunların heç biri artıq nəticəyə təsir etmir.
Yeganə vacib hesab bu olmalıdır: uzunmüddətli perspektivdə rejimə ən çox ziyanı nə vuracaq?
‘Mən daha kiçik varianta üstünlük verim və bir az vaxt qazanım’ yanaşması yanlış hesablamadır: bu ‘kiçik variant’ zəiflik kimi görüləcək və siz o vaxtı da qazana bilməyəcəksiniz”.
Gürcü müxalifətinin həbsi