"Saakaşvili Gürcüstan prezidenti olduğu zaman milyarder, müxalif siyasətçinin qətlini sanksiyalaşdırıb"
Gürcüstan Baş Prokurorluğu bəyan edib ki, on il əvvəl London yaxınlığında Lezerxed şəhərindəki evində ölən gürcüstanlı milyarder Badri Patarkatsişvilinin qətlinə hazırlıq faktının üstünü açıb.
Milyarder Badri Patarkatsişvili 2008-ci ilin fevralında London yaxınlığındakı evində qəfil dünyasını dəyişib.
Tibbi ekspertiza rəyində bildirilir ki, onun ölümünə ürək çatışmazlığı səbəb olub.
Gürcüstan hakimiyyətinin qatı opponenti və müxalif “İmedi” telekanalının sahibinin belə qəfil ölümü çox sayda sual doğurdu. Amma Patarkatsişvilinin ölümünü araşdıran Skotlend-Yard istintaq zamanı şübhəli heç bir şey aşkarlamadı və ölüm səbəbinin ürək tutması ilə bağlı olduğunu bildirdi.
Buna baxmayaraq, Saakaşvilinin opponentləri indiyə qədər hesab edirlər ki, Patarkatsişvilinin ölümünün arxasında Gürcüstan xüsusi xidmət orqanları dayanır.
Ölümündən cəmi bir neçə ay əvvəl Patarkatsişvili Gürcüstanın siyasi arenasında çox fəallaşmışdı.
2007-ci ilin dekabrında, Patarkatsişvilinin ölümündən iki ay əvvəl Gürcüstan hakimiyyəti oliqarxın Gürcüstanda hakimiyyəti ələ keçirmək istədiyini sübut edən səs yazısını ictimailəşdirmişdi.
Gürcüstan DİN-in yüksək vəzifəli məmuru Erekle Kodua ilə söhbət zamanı Patarkatsişvili ona ölkədə dövlət çevrilişi həyata keçirilməsi, daxili işlər naziri Vano Merabişvilinin aradan qaldırılması və ya məhv edilməsi üçün ona pul təklif edir.
Söhbət Londonda Patarkatsişvilinin evində baş verib. Üzəri ciddi axtarılsa da, hakimiyyət tərəfindən oliqarxın yanına qəsdən göndərilən Kodua ayaqqabısının içində gizlətdiyi mikrofonu içəri keçirməyə və onunla iki saat davam edən söhbətlərini tam yazmağa müvəffəq olub.
Bütün varidatını Rusiyada qazanmış Patarkatsişvili eyni zamanda rusiyalı oliqarx Boris Berezovskinin dostu və biznes tərəfdaşı idi. Amma həyatının son illərində onların münasibəti korlanmışdı.