Gürcüstan azərbaycanlıları Azərbaycan prezidentinə müraciət ediblər
Azərbaycanın bağlı qalan quru sərhədləri
Gürcüstanda yaşayan etnik azərbaycanlılar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək insanların gedib-gəlməsi üçün iki ölkə arasında quru sərhədlərin açılmasını xahiş ediblər. Petisiya Gürcüstanın hüquq müdafiəçisi, etnik azərbaycanlı Samirə Bayramovanın təşəbbüsü ilə hazırlanıb və sosial şəbəkələrdə yerləşdirilib.
- Avropa Parlamentinin iki nümayəndəsi Azərbaycan hakimiyyətini Qubad İbadoğlunu azad etməyə çağırıb
- Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığından çıxarılması nə deməkdir?
- Azərbaycanlı tələbə İranda 2 il həbs cəzası alıb
Petisiyaya Gürcüstan azərbaycanlıları ilə yanaşı, Azərbaycandan olan gürcülər də qoşulub
Hüquq müdafiəçisi qeyd edib ki, mindən çox insanın imzaladığı bu petisiyaya təkcə Gürcüstandan olan azərbaycanlılar deyil, Azərbaycanda yaşayan gürcülər də qoşulur.
“Artıq 3 ildir pandemiya ilə əlaqədar Gürcüstan və Azərbaycan sərhədi bağlıdır.
Həm dost, həm strateji dövlət olmaqdan başqa hər iki ölkəni mənəvi birləşdirən insan faktoru var. Gürcüstan azərbaycanlılarının Azərbaycan vətəndaşları və qeyri Azərbaycan vətəndaşları ilə yaxın qohum və ailə münasibətləri olduğu kimi, eyni zamanda Azərbaycan vətəndaşlarının da Gürcüstan vətəndaşları ilə eyni yaxın münasibətləri var. Uzun illərdir sərhədlərin bağlı olması bu bağlara mənəvi olaraq ciddi ziyan vurur.
Bununla yanaşı hər iki ölkə vətəndaşları biznes, iqtisadi əlaqələr quraraq sosial və iqtisadi rifahlarını qarşılayırdılar. Pandemiyadan sonra bir çox ölkələr iqtisadi krizis yaşayır və bu Gürcüstanda regionda yaşayan şəxslər üçün öz ağır təsirini qoydu və qoymaqdadır. Xüsusən Gürcüstan azərbaycanlıları üçün Azərbaycan məsəfə, dil baxımından ən yaxşı seçimdir, onlar bu üstünlüklərdən istifadə edərək öz güzəranlarını müxtəlif kiçik biznes və iş yolları ilə stabilləşdirə bilirdilər”, – müraciətdə deyilir.
Quru sərhədlər 3 ildən çoxdur bağlıdır
Azərbaycanın bütün qonşu dövlətlərlə quru sərhədləri üç ildən artıqdır (2020-ci il martın 24-dən) ki, vətəndaşlar üçün bağlıdır.
Dünyanın əksər ölkələrində koronavirusla bağlı karantin tədbirləri çoxdan ləğv edilsə də, Azərbaycanda karantin rejimi hələ də qüvvədə qalır. Sonuncu dəfə iyunun 23-də Nazirlər Kabinetinin qərarı ilə xüsusi karantin rejiminin müddəti 2023-cü il oktyabrın 2-dək uzadılıb.
Prezident özü sonuncu dəfə ötən ilin iyununda karantin və quru sərhədlərinin bağlanmasından danışıb:
“Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsin. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik.
Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq – quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək”, – o bildirib.
“500 metr aralıda olan vətəninə gedə bilmir”
Petisiyanın dərci ərəfəsində Samirə Bayramova Facebook-da Azərbaycan və Gürcüstan sərhədində müşahidə etdiyi mənzərə haqda yazıb və qeyd edib ki, məhz bu gördükləri onu Azərbaycan prezidentinə müraciət etmək təşəbbüsü ilə çıxış etməyə vadar edib.
“Dünən “Qırmızı Körpü” sərhəd məntəqəsində bir nəfər Azərbaycan vətəndaşı çarəsiz şəkildə əlindəki pasportunu göstərərək “buradan 500 metr məsafədəki vətənimə gedə bilmirəm” deyib ağlayırdı. Neçə gündür aclıq və yorğunluqdan halsız vəziyyətdə qalan bu adam bir müddət divara söykənib hüzünlü şəkildə dizlərini qucaqlayıb oturdu. Pulsuzluğun, kimsəsizliyin acısını çəkib, insan yaradılışına nifrət edirdi. Yaxındakı taksi sürücüləri onu dinləyib sakitləşdirməyə çalışırdı. Amma nə fayda, kimsə onun dərdinə çarə ola bilməyəcəkdi.
Kənardan bu səhnəni görmək ağır idi. Cəmiyyətdəki yuxarı və aşağı təbəqənin yaratmış olduğu şəraitdən əziyyət çəkən çarəsiz insanlar. Təəssüf olsun ki, ona heç mən də kömək edə bilmirdim. Ona baxıb halıma və düşdüyüm vəziyyətə şükür edirdim, ona baxıb öz dərdimi unutdum. Mənim heç olmasa qayıtsam, qalmağa yerim vardı, o hara gedəcəkdi, neyləyəcəkdi?!
Bir müddət sonra baxdım ki, yoxdur. Hara getdiyini görmədim, böyük ehtimalla ordan keçən maşınlara minib özü də bilmədiyi yerlərə getmişdi.
Bəzən çox çarəsiz qalırıq, əlimizdən heç nə gəlmir və adamın vicdanı sızlayır. Bütün gecə gözümə yuxu getməyib. Səhərə yaxın əlimdən gələ biləcək bir ideya ağlıma gəldi, bu vəziyyətdə olan insanlara kömək üçün rəsmi müraciət, bəlkə səsimizə səs verərlər”, – hüquq müdafiəçisi yazıb.