Gürcüstan prokurorluğu ərazinin Azərbaycana verilməsi işini araşdırır
Gürcüstanın Baş Prokurorluğu Azərbaycanla dövlət sərhədi haqda Gürcüstanın ziyanına razılaşma məsələsini araşdırır.
Qurumun sentyabrın 29-da yaydığı bəyanatda deyilir ki, Gürcüstan ərazisinin bir hissəsinin xarici ölkəyə verilməsi faktı ilə bağlı Gürcüstanın Cinayət Məcəlləsinin 308-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayət üzrə istintaq başlanıb.
“İstintaq 2020-ci il avqustun 17-də Gürcüstanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının fəaliyyəti ilə bağlı Gürcüstanın Müdafiə Nazirliyindən alınan yazılı informasiya əsasında başladılıb. Müdafiə Nazirliyindən alınan informasiyaya əsasən, komissiya Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin müəyyən hissələrini qanunsuz olaraq ölkəmizin ərazi maraqlarının ziyanına razılaşdırıb”, prokurorluğun məlumatında deyilir.
İki ölkə arasında sərhədin delimitasiyası və David-Qareci/Keşikçidağ probleminin həlli niyə mümkün olmur
Bəyanatda məhz hansırazılaşmadan və ya hansı dövrdən söhbət getdiyi bildirilməyib, amma qeyd olunub ki, sentyabrın 24-də Azərbaycan XİN rəhbəri ilə görüşdən sonra Gürcüstanın xarici işlər naziri David Zalkaliani Gürcüstan tərəfinin iki ölkə arasında mübahisə predmeti olan David Qareci (Keşikçidağ) monastır kompleksinə dair yeni kartoqrafik materiallar əldə edib. Müvafiq olaraq, 2006-2007-ci illər Gürcüstan-Azərbaycan sazişi yenidən gözdən keçirilə bilər.
“Mtvari arxi” telekanalının məlumatına əsasən, Gürcüstan-Azərbaycan sərhədinin xəritəsini Gürcüstan hökumətinə hazırda Rusiyada yaşayan oliqarx David Xidaşeli verib. O bu sənədləri Moskva arxivlərindən gətirib.