“Gürcüstan arzusu”nun Qüds dilemması
“Gürcüstan öz milli maraqlarından çıxış edərək və təbii ki, beynəlxalq konyukturanı və regionda mövcud olan təhdidləri nəzərə almaqla mövqeyini fiksə edəcək”.
Bu, hələlik Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin verdiyi yeganə bəyanatıdır.
Trampın qərarı Gürcüstanın hakim partiyasının sıralarında ziddiyyətlərin yaranmasına səbəb oldu. Ekspertlər də müzakirə edir – Gürcüstan hansı mövqeyi tutmalıdır?
“Gürcü arzusu”ndan olan deputat Şota Şalelaşvili özünün “Facebook” səhifəsində açıq məktubla Gürcüstanın baş nazirinə müraciət edərək, Qüdsü İsrailin paytaxtı kimi tanımağı təklif edib. Baş nazir milliyyətcə yəhudi olan deputatın məktubunu tənqid atəşinə tutaraq, onu yolverilməz adlandırıb. Bir qədər sonra Şalelaşvili Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.
O, DTX-da bir neçə saat keçirib, buradan çıxandan sonra isə jurnalistlərə bildirib ki, Xidmətdə öz şəxsi, baş nazirə açıq məktubla heç bir əlaqəsi olmayan işləriylə bağlı olub.
Baş nazirin neqativ reaksiyası ilə üzləşən parlament çoxluğu açıq-aşkar özünü itirdi. Şalelaşvilinin “Facebook”dakı statusunun altında “like” qoyan deputatlar tez-tələsik öz “like”larından imtina etdilər.
Telekanallar üçün vəziyyəti şərh edən deputatlar da çaşqın görünür. Görünən odur ki, Trampın hərəkəti Gürcüstan hakimiyyətini ağır düşüncələrə qərq edib.
“Bu, tələsik qərarı verilməli olan məsələlərdən deyil”, – “Gürcü arzusu” fraksiyasının parlamentdəki sədri Mamuka Mdinaradze bildirib.
Axşam Gürcüstanın DİN-nin yaydığı bəyanatda deyilir:
“Gürcüstan beynəlxalq ictimaiyyətin İsrail-Fələstin münaqişəsinin dialoq rejimində əldə edilən razılaşmalar əsasında sülh yolu ilə nizamlanmasına yönələn səylərini dəstəkləyir. Bunu nəzərə almaqla vəziyyətin necə inkişaf edəcəyini izləyəcəyik və tərəfdaşlarla məsləhətləşmələri davam etdirəcəyik”.
Ekspertlər də Gürcüstan hakimiyyətinə tələsməməyi məsləhət görür. Gürcüstanın keçmiş xarici işlər naziri İrakli Menaqarişvili bidirib ki, “ABŞ Gürcüstanın strateji tərəfdaşıdır, buna baxmayaraq, digər tərəfdaşların – Avropa İttifaqı və Türkiyənin bu məsələyə münasibəti fərqlidir”.
“Mən yarı yəhudiyəm”, -politoloq Giya Xuxaşvili deyir. – “Emosiyalar Qüdsün paytaxt statusunun tanınmalı olduğunu diktə edir, amma dövlətin maraqlarından çıxış edərək ABŞ-ın qərarının dəstəklənməsi məsələsində tələsməzdim”.
“Trampın qərarı yaxın Şərqdə riskləri artırır. Gürcüstan Trampın qərarını dəstəkləyən sayca ikinci ölkə olmamalıdır. Biz onsuz da mürəkkəb regionda hədəfik”, – Xuxaşvili “Exo Kavkaza”radiosuna bildirib.