Gürcüstan: Apellyasiya Məhkəməsi jurnalist Mzia Amaqlobeliyə verilmiş iki illik həbs hökmünü qüvvədə saxladı
Mzia Amaqlobelinin apellyasiya şikayəti təmin edilməyib
Gürcüstanda Kutaisi Apellyasiya Məhkəməsi 18 noyabrda Batumelebi və Netgazeti kimi populyar nəşrlərin təsisçisi, jurnalist Mzia Amaqlobelinin işinə baxışı başa çatdırıb və ona avqust ayında verilmiş iki illik həbs hökmünü qüvvədə saxlayıb.

Jurnalist yanvar ayında etiraz aksiyası zamanı polis əməkdaşının təhqirləri səbəbilə ona sillə vurduğuna görə həmin əməkdaşa hücumda ittiham olunub.
Əvvəlcə ona Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə ittiham irəli sürülmüşdü ki, bu maddə dörd ildən yeddi ilədək həbs cəzası nəzərdə tutur.
Mzia Amaqlobelinin vəkilləri jurnalistin bəraət alması və azadlığa buraxılması üçün vəsatət qaldırıblar. 2025-ci il avqustun 6-da hökm elan edilən gün hakim ittihamı daha yüngül maddə ilə əvəzləyib və onu polis əməkdaşına qarşı müqavimətdə təqsirli bilib.
Gürcü jurnalist Mzia Amaqlobeli iki il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib
Altı ay ərzində Gürcüstanda medianın fəaliyyətini məhdudlaşdıran beş qanun qəbul edilib. Ətraflı
Apellyasiya məhkəməsinin iclasları necə keçdi
Mzia Amaqlobelinin işi üzrə apellyasiya kollegiyası Nikoloz Marqvelaşvili, Marina Siradze və Nana Coxadzedən ibarət tərkibdə materiallara 11 noyabrdan etibarən baxmağa başlayıb. Ümumilikdə üç iclas keçirilib.
Onların ikisi zamanı Mzia bir neçə saat ərzində təqsirləndirilən şəxslər üçün nəzərdə tutulmuş şüşə kabinədə ayaq üstə dayanmalı olub. Ona yalnız ilk iclasda vəkillərlə birlikdə oturmağa icazə verilib.
Hər üç iclas 24 nəfərlik kiçik məhkəmə zalında keçirilib. Bu isə onu dəstəkləməyə gələnlərin əksəriyyətinin zala daxil ola bilməməsi demək idi. Onlarla tərəfdar, həmkar və ailə üzvü hətta məhkəmə binasının həyətinə belə buraxılmayıb: qapılar ciddi şəkildə kilidlənib.
“Mziaya azadlıq”, “Rejim məhbuslarına azadlıq”, “Oliqarxiyanı odda yandırın” şüarları Mzianın tərəfdarları tərəfindən hər üç məhkəmə prosesi zamanı səsləndirilib.
Vəkilin çıxışı: “Onlar onun mənzilini belə axtarmadılar, çünki bilirdilər ki, orada bir tetri də tapılmayacaq”
18 noyabrda keçirilən apellyasiya məhkəməsinin son iclasında Mzianın vəkili Maya Mtsariaşvili onun həbsinin niyə absurd olduğunu saatlarla əsaslandırıb.
“Mən Mzia Amaqlobelini təmsil edirəm. Onun heç vaxt hakimiyyəti olmayıb və yoxdur. O, korrupsiyada iştirak etməyib. Onun milyonlarla dəyərində aktivləri yoxdur. Onun cəmi bir mənzili var, dəyəri yəqin ki, 100 000 lariyə (təxminən 35 000 dollar) çatır. O, heç vaxt hər hansı bir incəsənət əsərinə sahib olmayıb. Hətta heç vaxt yolu bağlayan aksiyalarda belə iştirak etməyib (Gürcüstanda davamlı avropayönlü etirazların iştirakçıları bunu tez-tez edir — JAMnews).
Ona heç vaxt cərimə yazılmayıb. Polis onun evini belə axtarmadı, çünki bilirdi ki, orada bir tetri belə tapılmayacaq. Onun cəmi bir ofisi var: Batumelebi redaksiyası”, — deyə Maya Mtsariaşvili bildirib.
O, saatlarla davam edən çıxışını belə tamamlayıb:
“Bu hökm istənilən şəxsə qarşı verilə bilərdi. Hörmətli hakimlər, birinci instansiya məhkəməsi hər şeyi gördü, amma yenə də ədalətsizliyi rəsmiləşdirdi. Mzia vicdan məhbusudur. O, günahsızdır və biz ədalətli qərar tələb edirik”.
Vəkilin çıxışını başa vurduğu anda zal alqışlara qərq olub.
Mzia Amaqlobeli: “Mənim ölkəm öz azadlığı uğrunda mübarizə aparır və bu azadlıq tanksız qazanılır”
Mzia Amaqlobeli də çıxış etmək fürsətindən istifadə edib:
“Əslində deməyə elə bir sözüm yoxdur, sadəcə minnətdarlığımı bildirmək istəyirəm. Bu tarixi binada, məhkəmə adlanan yerdə bu gün eşitdiyimiz müdafiə həqiqətin səsidir. Bu səs məni çox gücləndirir və düşünürəm ki, mənimlə yanaşı bir çox insan üçün mübarizə nümunəsinə çevriləcək. Xüsusilə də demokratik Gürcüstan uğrunda mübarizə aparan cəmiyyətin həmin hissəsi üçün”.
O, hakim “Gürcü Arzusu” partiyasının qəbul etdiyi repressiv qanunları yada salıb:
“Bilmirəm, çıxaracağınız hökm nə dərəcədə ədalətli olacaq. Mənim məni bir silləyə görə nə qədər müddət cinayət ədliyyəsi sistemində saxlayacağınızı bilmirəm. Bizdə elə repressiv qanunlar var ki, maska taxdığına görə belə insanı həbs etmək mümkündür. Niyə olduğunu soruşmağa ehtiyac yoxdur. Rejim nə istəyirsə, onu da uydurur”.
Mzia mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb və tərəfdarlarını inamı itirməməyə çağırıb:
“Əgər inamımızı itirsək, rejim mütləq yenidən və yenidən bizi həbs edəcək və alçaldılmağımız, təhqir olunmağımız, hətta öz ölkəmizdən qovulmağımız üçün əlindən gələni edəcək.
Həbsxana həyatı çətin və ağırdır, amma təhlükəli deyil. Mən həbsdən deyil, azadlıqda məni nə gözlədiyindən qorxuram. Orada öz azadlığı uğrunda mübarizə aparan bir ölkə var, bu azadlıq tanksız qazanılır.
Düşünürəm ki, vətənə sevgi və ləyaqət hissi doğuşdan gələn xüsusiyyətlərdir. Ləyaqət konstitusiyanın müdafiəsi çərçivəsindən kənara çıxır. Sizə çağırış edirəm: çox gec olmadan mübarizə aparın. Sonadək mübarizə aparın!” — deyə Mzia bildirib.
Eks-prezident Salome Zurabişvili: “Gürcüstan yaşayacaq!”
Beşinci prezident Salome Zurabişvili bu iş üzrə əvvəlki məhkəmə iclaslarında olduğu kimi, son prosesdə də iştirak edib.
“Rejimin sadist meyilləri həm də bununla özünü göstərir ki, kiçik zal seçilib. Onlar düşünürlər ki, bütün dünya tərəfindən peşəkar jurnalist və azadlıq uğrunda yorulmaz mübariz kimi tanınan bir insanı 28-dən çox ailə üzvü və tərəfdarı dəstəkləməməlidir.
Mzia bir çox beynəlxalq mükafatlara layiq görülüb. Bizə nümunə olduğun üçün təşəkkür edirəm. Məhz belə nümunələr sayəsində ləyaqət və həqiqi vətənpərvərlik gələcəyə sahib olacaq. Gürcüstan yaşayacaq!” — deyə Salome Zurabişvili sosial şəbəkələrdə yazıb.
Jurnalisti apellyasiya məhkəməsinin həyətindən çıxararkən küçədə insanlar “Mziaya azadlıq!” şüarları səsləndiriblər.
Mzia Ama1lobeli cəzasını Rustavi şəhərindəki qadın həbsxanasında çəkir. O, Gürcüstan tarixində vicdan məhbusu elan olunan ilk qadın jurnalistdir.
Mzia Amaqlobelinin apellyasiya şikayəti təmin edilməyib