Gürcüstan: altı müxalifət lideri həbsdədir. Sonra nə olacaq?
Gürcüstanda müxalifətçilərin həbsi
Son bir ay ərzində “Gürcü Arzusu” hökuməti altı müxalifət liderini həbs edib. Onların hamısı 2003–2012-ci illərdə Saakaşvili rejiminin fəaliyyətini araşdırmaq üçün yaradılmış parlament istintaq komissiyasının iclasına gəlməməkdə ittiham olunur. Müxalifət bu komissiyanı da, parlamenti də qeyri-legitim hesab edir.
- “Batumi bayraqdarı” Temur Katamadze Gürcüstandan Türkiyəyə deportasiya edilib
- Gürcüstan: İvanişvilinin keçmiş müşavirinin qəribə həbsi: vudu, köpəkbalıqları və oliqarxın həyatından digər detallar
- Gürcüstanda etirazçıların cərimələrinin ödənilməsi üçün “Azadlıq Fondu” yaradılıb
Daha bir müxalif siyasətçiyə, “Qaxaria Gürcüstan Uğrunda” partiyasının lideri Giorgi Qaxariyaya — həbs təhlükəsi var. Hazırda o, Gürcüstanda deyil. Sosial şəbəkələrdə Qaxariyanın ehtimal olunan həbslə bağlı ölkədən qaçdığı barədə fikirlər yayılıb.
Gürcü müxalifətində nə baş verir, müxalifətçilər nə qədər müddət həbsdə qalacaqlar və bu həbslərə ölkə daxilində və Qərbdə necə münasibət bildirilir?
Altı müxalifət lideri və keçmiş müdafiə naziri həbs olunub. Altı müxalifətçidən üçü: Nika Qvaramia, Zurab Caparidze və Nika Melia parlamentin istintaq komissiyasına gəlmədiklərinə görə məhkəmənin təyin etdiyi girovu ödəməkdən imtina etdikləri üçün həbs olunublar. Digər üçü: Giorgi Vaşadze, Mamuka Xazaradze və Badri Caparidze girovu ödəsələr də, işləri üzrə yekun hökm çıxarıldıqdan sonra həbs olunublar.
2025-ci il fevralın 5-də “Gürcü Arzusu” parlamentində “2003–2012-ci illərdəki rejimin və həmin dövrün siyasi xadimlərinin fəaliyyətini araşdırmaq üçün Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyası” adlı komissiya yaradılıb.
Komissiyanın yaradıldığını “Gürcü Arzusu” 2025-ci il yanvarın 9-da elan etmişdi. Fraksiya sədri Mamuka Mdinaradzenin sözlərinə görə, komissiya altı ay ərzində fəaliyyət göstərəcək və hazırladığı yekun hesabat sentyabr sessiyasının ilk həftəsində müzakirəyə çıxarılıb təsdiqlənəcək.
Müxalif liderlərin həbsi ilə bağlı daha ətraflı məlumat:
Giorgi Vaşadze – “Aqmaşenebeli Strategiyası” partiyasının lideridir. O, 24 iyun tarixində həbs edilib, 7 ay azadlıqdan məhrum edilib və 2 il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan məhrum olunub;
Mamuka Xazaradze və Badri Caparidze – “Güclü Gürcüstan” partiyasının liderləridir. Onlar 23 iyunda 8 ay həbs cəzası alıblar və onlar da 2 il ərzində dövlət vəzifəsi tuta bilməzlər;
Nika Quaramia – “Dəyişikliklər Uğrunda Koalisiya”nın lideridir. O, 13 iyunda həbs olunub. Onun işi hələ yekunlaşmayıb, hökmün 30 iyunda elan ediləcəyi gözlənilir;
Nika Meliya – “Dəyişikliklər Uğrunda Koalisiya”nın digər lideridir. O, 29 may tarixində həbs olunub. Həmin gün onun məhkəmə tərəfindən müəyyən olunmuş girov pulunu ödəməsi üçün son tarix idi, lakin bu müddət bitmədən həbs olunub. Ertəsi gün keçirilən məhkəmədə barəsində həbs-qətimkan tədbiri seçilib. Hələlik yekun hökm məlum deyil;
Zurab Caparidze – “Dəyişikliklər Uğrunda Koalisiya”nın üçüncü lideridir. O, koalisiya liderləri arasında ilk olaraq 22 mayda həbs olunub və 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Giorgi Qaxariyanın işi
Digər müxalif partiya olan “Gürcüstan naminə Qaxariya”nın lideri Giorgi Qaxariya parlamentin istintaq komissiyasının iclasında iştirak edib. O, 14 aprel tarixində keçirilən iclasa qatılıb. Altı saat ərzində komissiya üzvləri onu daxili işlər naziri və baş nazir vəzifəsində çalışdığı dövrdəki fəaliyyəti və qəbul etdiyi qərarlar barədə dindiriblər.
İyunun 16-da məlum olub ki, Giorgi Qaxariya istintaq komissiyasına təkrar çağırılıb. Komissiyanın sədri bildirib ki, onun Çorçana keçid məntəqəsi ilə bağlı əlavə sualları var.
2019-cu ilin avqust ayında, Şida Kartli bölgəsində, Çorçana kəndində, işğal xəttinə yaxın ərazidə Gürcüstan polisi tərəfindən post qurulub. Həmin dövrdə daxili işlər naziri məhz Giorgi Qaxariya idi. Post açılmamışdan əvvəl Rusiya işğalçı qüvvələri qeyri-qanuni olaraq borderizasiya (gürcü-osetin münaqişəsi zonasındakı xəttin dəyişdirilməsi prosesi – JAMNews) prosesinə başlamışdılar . Qaxariya komissiyada verdiyi ifadədə bildirib ki, bu post sayəsində Tsxinvali rejiminin 1992-ci il saxta xəritə ilə mənimsəməyə çalışdığı 1800 hektar ərazi qorunub.
Lakin “Gürcü Arzusu” partiyası iddia edir ki, hökumət və təhlükəsizlik xidmətləri Çorçana keçid məntəqəsinin yaradılmasından xəbərsiz olublar. Onların fikrincə, postun açılması ölkəni müharibənin astanasına gətirib və ərazi itkisinə səbəb olub.
“Bu, hərbi eskalasiyanı məqsəd qoyan əvvəlcədən planlaşdırılmış bir aksiyadır”, – deyə partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.
Hazırda Giorgi Qaxariya Gürcüstanda deyil. Partiyadaşlarının sözlərinə görə, o, Avropa İttifaqına üzv ölkələrdən birindədir, lakin dəqiq yer barədə məlumat verilmir.
Bu mərhələdə məlumdur ki, Gaxaria komissiyanın iclasına məsafədən qatılmaq istədiyini bildirib, lakin bu təklifi rədd edilib. Komissiya ona 2 iyula qədər ölkəyə dönüb iclasa şəxsən qatılmaq üçün vaxt verib.
“Giorgi Qaxariya artıq bir dəfə komissiyada iştirak edib və Çorçana ilə bağlı danışıb. Bundan sonra dəfələrlə bəyan edib ki, məsafədən də olsa komissiyanın iclaslarına qatılmağa hazırdır. Bu, reqlamentə də uyğundur və komissiya özü də əvvəllər bu təklifi etmişdi. Ancaq ilk dəfə olaraq komissiya Qaxariyanı dinləməkdən imtina etdi, halbuki başqalarına bu imkanı verir”, – deyə “Gürcüstan naminə Gaxaria” partiyasının üzvü Berdia Siçinava 23 iyunda keçirilən xüsusi brifinqdə bildirib.
Brifinqdə o deyib ki, Qaxariya 2 iyul iclasına məsafədən qatılmaq təklifini yenidən verib. Komissiya isə Qaxariyaya “çox ciddi problemlə əlaqədar” sualları olduqlarını əsas gətirərək bu təklifi yenidən rədd edib.
“Bu şəxs cavabdehdir ki, Gürcüstan hökumətinin nəzarətində olan bir milyon kvadrat metr ərazi dövlətin nəzarətindən çıxıb və işğalçılar tərəfindən tutulub. Bu, çox ciddi məsələdir”, – deyə komissiyanın üzvü Tengiz Şarmanaşvili bildirib.
Qaxariyanı komissiya qarşısına çıxmamaqla yanaşı, Çorçana işi ilə bağlı həbs təhlükəsi də gözləyir.
2025-ci il iyunun 14-də Gürcüstan Prokurorluğu bəyanat yayaraq bildirib ki, diversiya, ağırlaşdırıcı hallarda diversiya cəhdi, xarici dövlət və ya xarici nəzarətdə olan təşkilatla düşmənçi fəaliyyət məqsədilə əməkdaşlıq, Gürcüstanın konstitusiya quruluşuna və milli təhlükəsizliyinin əsaslarına qarşı yönəlmiş fəaliyyət üçün vəsaitlərin səfərbər olunması kimi maddələr üzrə istintaq başladıb (Gürcüstan Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi, 19-cu maddənin 2-ci hissəsi, 318-ci maddənin “a” bəndi, 319-cu maddənin 2-ci hissəsi və 321-ci maddələri).
Qərbdə həbslərə necə reaksiya verildi?
ABŞ Dövlət Departamenti Gürcüstanda müxalifət siyasətçilərinin həbsi və “Gürcü Arzusu” hökumətini tənqid edən şəxslərə qarşı təqiblər ilə bağlı dərin narahatlığını ifadə edib.
ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, senator Cin Şeyhin isə müxalifət liderlərinin həbsini sistemli repressiyaların nümunəsi adlandırıb.
“Gürcüstanda demokratik müxalifətin liderlərinin həbsi və saxlanılması ədalət deyil, bu, sistemli repressiyaların bir nümunəsidir”, – deyə o, X sosial şəbəkəsində yazıb.
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos “Gürcü Arzusu” hökumətini haqsız yerə həbs edilmiş şəxsləri azad etməyə çağırıb.
“Müxalifətçilərin həbsi Gürcüstanın onsuz da hər gün dağıdılan demokratik əsaslarına hücumdur. Mən azad və plüralist cəmiyyət uğrunda mübarizə aparan hər kəsi dəstəkləyirəm və Gürcüstan hökumətini jurnalistləri, fəalları və haqsız yerə həbs olunan bütün şəxsləri azad etməyə çağırıram”, – o yazıb.
Avropa Parlamentinin deputatı Rasa Cukneviçiani isə Avropa Şurasını “Gürcü Arzusu” rejiminə qarşı sanksiyalar tətbiq etməyə çağırıb:
“Avropa İttifaqında hələ də “Gürcü Arzusu”nun diktatura yolunu seçdiyinə şübhə edən varmı? Mən Avropa Şurasını bu rejimə qarşı sanksiyaların yekdilliklə qəbuluna çağırıram.”
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, müxalifət liderlərinin həbsi Gürcüstanı Avropa yolundan daha da uzaqlaşdırır:
“Avropapərəst siyasətçilərin həbsi Gürcüstanı Avropa yolundan uzaqlaşdırır. Siyasi təqiblər dərhal dayandırılmalıdır. “Gürcü Arzusu” bütün siyasi məhbusları dərhal azad etməlidir”, – deyə o bildirib.
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer müxalifət liderlərinin həbsi ilə bağlı narahatlığını belə ifadə edib: “Hara gedirsən, Gürcüstan?”
Gürcüstanda həbslərlə bağlı nə düşünürlər?
Transparency International Gürcüstan təşkilatının insan hüquqları və qanunun aliliyi üzrə proqram meneceri Sandro Baramidzenin sözlərinə görə, “Gürcü Arzusu” rejimi Gürcüstanın maraqlarına zidd hərəkət edir və ölkəni demokratik dünyadan təcrid etmək üçün əlindən gələni edir.
Təşkilat bildirir ki, müxalifət liderlərinin həbsi diktaturaya doğru atılan növbəti addımdır:
“İvanişvili hakimiyyətdə qalmaq üçün diktatura yolunu seçib və əsas insan hüquqları hər gün pozulur. Bu, yalnız bir qrupun problemi deyil. Bu, hər bir vətəndaş üçün təhlükədir. Sabah repressiyanın qurbanı siz də ola bilərsiniz. Gürcüstan vətəndaşları, biz təslim olmayacağıq! Gürcüstan Rusiya olmayacaq! Repressiyalara qarşı qəti və birlikdə cavab verilməlidir”, – onların birgə bəyanatında deyilir.
Sosioloq Yaqo Kaçkaçişvilinin fikrincə, “müxalifətçi siyasi sinfin və digər institutların nümayəndələrinin əksəriyyəti bu gün və ya sabah həbsə atılacaq.”
Konstitusiya hüququ üzrə ekspert Vaxuşti Menabde isə müxalifəti fəaliyyət strategiyasını düşünməyə çağırıb: “Bizim yeganə hesablamamız belə olmalıdır: uzunmüddətli perspektivdə rejimə ən çox ziyanı nə vuracaq?”
Gürcüstanda müxalifətçilərin həbsi
Gürcüstanda xəbərlər