“Ənənəvi gürcü süfrəsi mədəniyyətinə” (“Kartuli supra”) Mədəni İrsin Mühafizəsi Milli Agentliyinin baş direktorunun sərəncamı ilə qeyri-maddi mədəniyyət abidəsi statusu verilib.
Martın 17-də dərc olunan sənədə əsasən qeyri-maddi mədəni irs abidəsi haqda məlumatlar mədəniyyət abidələrinin dövlət reyestrinə daxil edilməlidir.
Sənəd anındaca sosial şəbəkə istifadəçilərinin zarafat mövzusuna çevrilib. “Ura, dostlar! Azad şəkildə kefə davam edə bilərik”, – “Avropa Gürcüstanı” Partiyasının liderlərindən biri, parlament deputatı Sergi Kapanadze Facebookda xəbərlə bağlı yazıb.
“İndi necə olacaq? Süfrə başında tamadanı dinləməyənlər, məclisi tez tərk edənlər mədəniyyət abidəsini təhqir etdikləri üçün cəzalandırılacaqlar?”, – istifadəçilərdən biri sual edir.
Gürcüstanda gürcü süfrəsindən başqa qeyri-maddi mədəniyyət abidəsi statusu verilənlər sırasında şərabın “kvevri”də (torpağa basdırılmış gil dolçalar) saxlanması ənənəvi texnologiyası, tədris metodu kimi “Deda ena” gürcü dili dərsliyi, həmçinin gürcü əlifbasının üç növü və gürcü milli güləşi də daxildir.
Mədəni İrsin Mühafizəsi Agentliyi UNESCO-nun qeyri-maddi mədəni irsin mühafizəsinə dair 2003-cü il konvensiyasını rəhbər tutur. Gürcüstan konvensiyaya 2008-ci ildə qoşulub və ölkənin qeyri-maddi mədəniyyət nümunələrini qeydiyyata almaq və mühafizə etmək öhdəliyini üzərinə götürüb.