Gürcü QHT-ləri: “Biz Rusiya qanunları ilə yaşamağa hazır deyilik və sonadək müqavimət göstərəcəyik”
Gürcüstan xəbərləri
Gürcüstanda vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları hökumət tərəfindən irəli sürülmüş “Qrantlar haqqında” qanuna düzəliş təşəbbüsünə reaksiya verərək bəyan ediblər ki, onlar “Rusiya qanunları ilə” yaşamaq niyyətində deyillər və “Gürcü xalqının təqibinə” qarşı sonadək mübarizə aparacaqlar.
Onların sözlərinə görə, hakim “Gürcü Arzusu” partiyasının bu təşəbbüsü ölkənin vətəndaş cəmiyyətini və sosial yardım sistemini məhv etmə strategiyasının davamıdır.
Hakim partiya “Gürcü Arzusu” yeni qanun layihəsi təqdim edib. Layihəyə əsasən, xarici qrant almaq üçün hökumətin razılığı tələb olunacaq.
Qanuna əməl olunmasına Korrupsiyaya Qarşı Mübarizə Bürosu nəzarət edəcək. “İcazəsiz” qrant qəbul edilməsi, uyğun qrantın məbləğindən iki dəfə artıq cərimə ilə nəticələnəcək.
“Bu gün, dövlət qurumları partiyanın əlavəsinə çevrildiyi bir vaxtda, insanları qorumağın yeganə yolu vətəndaş həmrəyliyi və aktivizmdir. Bu qanun mahiyyəti və gözlənilən nəticəsi baxımından xalqın təqib edilməsi aktıdır və məqsədi vətəndaşları hakim partiyanın cəza sisteminin qarşısında tək qoymaq, onların beynəlxalq ictimaiyyətdən dəstək almasını qadağan etməkdir.
“Gürcü Arzusu”nun bu təşəbbüsü Gürcüstan vətəndaş cəmiyyətini və xalqa yardım sistemini məhv etmək strategiyasının davamıdır. Halbuki, “Rusiya qanunları” qəbul edilsə də, təqib və vətəndaş həmrəyliyi resurslarının əlindən alınması baş versə də, bu məqsədə nail olunmayıb.
Biz bir daha vurğulayırıq ki, bu qanun Gürcüstanı qapalı, təcrid olunmuş bir dövlətə çevirmək, ictimai həyatın bütün sahələrini “Gürcü Arzusu” partiyasının totalitar nəzarətinə tabe etdirmək və cəmiyyəti beynəlxalq tərəfdaş və dostların zəruri dəstəyindən məhrum etmək məqsədi daşıyır.
Bu qanun həmçinin media və vətəndaş cəmiyyətinin fəaliyyətinin dayandırılmasına yönəlib. Məhz bu media və QHT-lər dövlət orqanları tərəfindən vətəndaşların hüquqlarının pozulması haqda məlumat verir”, – deyə QHT-lərin birgə bəyanatında bildirilir.
Brifinqdə sabiq ombudsman və “Gürcüstanın Avropa Orbitası” QHT-sinin təsisçisi Nino Lomcarıya bildirib ki, “qanunsuz parlament” uşaqları, qadınları, tələbələri, yaşlıları, qanunsuz həbs edilənləri, işdən çıxarılanları və ya cərimələnənləri, zorakılıq qurbanlarını, fiziki imkanları məhdud şəxsləri, jurnalistləri, mədəniyyət, biznes və digər sahələrin nümayəndələrini müdafiəsiz buraxmaq niyyətindədir.
“Biz qanunsuz İvanişvili hökumətinə Gürcü xalqının bir-birinə nə zaman və necə yardım göstərəcəyinə qərar verməyə imkan verməyəcəyik və bir daha Gürcüstan Konstitusiyasına, vətəndaşların hüquq və ləyaqətinin müdafiəsinə sadiqliyimizi bəyan edirik”, – deyə QHT-lər bildirir.
Gürcüstan xəbərləri