Marek Dudayev və arvadı Marfa Vazaqova. Sonuncu son zamanlarda milisə müraciət edərək onu ərindən xilas etmələrini istəyib
Həm Sxinval, həm də Tbilisidə məşhur olan Marek Dudayev Cənubi Osetiyada qətlə yetirilib. 1990-cı illərdə gürcü-osetin münaqişəsi zamanı o, “xalq qisasçısı” idi, osetin kəndlərində silahlı müqavimət təşkil edirdi. O, eyni zamanda öz yerli osetin iş adamlarına “krışalıq” edən reket idi.
Banditizm və bir neçə qətldə ittiham olunaraq Tbilisidə doqquz il həbsdə qalıb və həbsdəykən Gürcüstan Katolikos-Patriarxı İkinci İlya şəxsən onu xaç suyundan keçirib. Dörd il əvvəl mübahisəli şəraitdə o, Gürcüstan həbsxanasından azad edilib (o, 2027-ci ilə qədər cəza çəkməli idi) və Cənubi Osetiyaya yollanıb. Tezliklə orada da qarət ittihamı ilə istintaq altına düşüb.
Marek Dudayevi Cənubi Osetiyanın ciddi hüquq müdafiəçiləri müdafiə edib, onu “bir simada birləşən qurban, bandit və Robin Qud” adlandırırdılar. İndi onun hekayəsi artıq sona çatıb.
Cənubi Osetiya DİN-dən Cənubi Osetiyanın “Res” informasiya agentliyinə verilən məlumata görə, qətl Dudayevin doğma kəndi – Artseuda baş verib. Onun meyiti kənd klubunun keçmiş binasında tapılıb. O, odlu silahdan açılan üç atəşlə öldürülüb.
İlkin məlumata əsasən, qətldən əvvəl binada yeyib-içmək məclisi olub. Məclisdə Dudayevin həmkəndlilərindən biri də iştirak edib, ona atəş açan da elə həmin şəxs olub. Şübhəli şəxs hadisə yerindən qaçıb.
Marek Dudayevin detektiv hekayəsinin detallarını JAMnews-un bir il əvvəl dərc olunan məqaləsindən oxumaq olar:
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır