Gürcü məktəblərinin tədris proqramına gender bərabərliyi haqqında fənn daxil ediləcək
Paylaşmaq
Paylaşmaq
Gürcüstanın təhsil və elm naziri BMT-nin gender bərabərliyi haqqında proqramı çərçivəsində memorandum imzalayıb. Bu memoranduma əsasən Gürcüstan məktəblərinin tədris proqramına bir neçə fənnin daxil edilməsi planlaşdırılır.
Tədris proqramına insan haqları, sağlam həyat tərzi qaydaları və reproduktiv sağlamlıq məsələləri haqqında fənlər əlavə ediləcək. Proqram İsveç hökumətinin dəstəyilə reallaşdırılır.
Proqram çərçivəsində Gürcüstanın Təhsil Nazirliyi ilə BMT arasında üç müxtəlif proqram üzrə əməkdaşlıq həyata keçiriləcək. Bu, BMT-nin inkişaf proqramı, BMT-nin Əhali Fondu və BMT-Qadınlardır. Bu təşkilatlar Gürcüstana üç istiqamət üzrə kömək edəcək:
Məktəblərdə formal təhsil
Qeyri-formal təhsil, o cümlədən valideynlərin təhsili
Peşəkar təhsil və tədris
Onlar Təhsil Nazirliyinə gender bərabərliyi məsələlərində perspektivlərin təhlilində, yeni təhsil proqramlarının hazırlanmasında, təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında və müəllimlərin ixtisas artımında kömək edəcəklər.
Məktəblərdə reproduktiv sağlamlıq məsələlərinin öyrənilməsini Gürcüstan parlamentinin hüquqların müdafiəsi komitəsində də vacib sayırlar. Mayın 10-da komitə ombudsmenin reproduktiv, seksual sağlamlıq, haqların müdafiəsi haqqında məsələlərin öyrənilməsinin məktəb kursuna daxil edilməsi ilə bağlı tövsiyələrini nəzərdən keçirib və qəbul edib.
İnsan haqlarının müdafiəsi komitəsində bildiriblər ki, gənclərin ailənin planlaşdırılması, müasir kontrasepsiya metodları və erkən nikahın doğurduğu risklər kimi məsələlərdə məlumatlılıq səviyyəsinin artırılması çox vacibdir.