Gürcü larisi avroya nisbətdə rekord ucuzlaşma həddinə çatıb
Son həftə ərzində lari dollara nisbətdə 7 tetri qədər ucuzlaşıb, avroya nisbətdə isə Gürcüstanın milli valyutası tarixi minimumuna çatıb – bu gün rəsmi məzənnəyə görə 1 avro dəyəri 3 larini aşıb.
Milli Bankın prezidenti Koba Qvenetadze bunun müvəqqəti proses olduğunu düşünməyə meyllidir, “qısamüddətli tərəddüdlə əlaqədar vəziyyəti şərh eləmək mümkün deyil”. Onun sözlərinə görə, ölkənin əsas iqtisadi göstəriciləri yaxşılaşıb, valyuta məzənnəsinin formalaşmasına isə müxtəlif çoxsaylı amillər, o cümlədən də bazar gözləntiləri təsir edir.
Qvenetadze onu da vurğulayıb ki, milli valyutanın məzənnəsi üzür, gah möhkəmlənmə, gah da dəyərdən düşməklə xarakterizə olunur.
Larinin məzənnəsinin düşməsinə səbəb olan xarici və daxili amillər haqda mülahizə yürüdərkən, hakimiyyət nümayəndələri və müstəqil ekspertlər baş verənləri müxtəlif səbəblərlə bağlayırlar.
Birincisi, seçki dövrü ilə bağlı gözləntilərdir. “Gürcüstanda oturuşmuş stereotiplər var, onlara əsasən seçkidən sonra larinin məzənnəsi düşməlidir və seçki dövrü bitəndən sonra isə dollara tələbat artmalıdır”, – ekspert Levon Kalandadze bildirir.
Larinin ucuzlaşmasının başqa bir səbəbi kimi mövsümilik göstərilir. Gürcüstan importa istiqamətlənmiş ölkə olduğu üçün təşkilatçı idxalçılar noyabrda ehtiyatları doldurmağa çalışırlar. Buna görə də onlar hazırkı dövrdə həmişəkindən daha çox valyuta əldə edirlər.
Ekspertlərin bir hissəsi və müxalifət larinin məzənnəsinin dəyərdən düşməsini hökumətin yanlış siyasəti ilə əlaqələndirir, diqqəti monetar siyasətin dəyişdirilməsinin vacibliyinə yönəldirlər.
Larinin dəyərdən düşməsi sosial şəbəkələrdə əsas mövzu olub:
“Hər yeni gündən qorxuram”;
“Milli Bankın prezidenti larinin məzənnəsinin düşmə səbəblərini izah etməyə ərinir, mən isə bütün maaşımı kreditlərə ödəməliyəm”;
“Seçkilər keçdi, indi növbəti seçkilərə qədər pul döyməyə başlayacaqlar”, – Facebook istifadəçiləri yazır.
- 1995-ci ilin oktyabrında lari rəsmən yeganə ödəniş vasitəsi elan olunub. 1995-ci il oktyabrın 25-də rəsmi məzənnə müəyyən edilib: 1,3 lari 1 ABŞ dolları ekvivalentində.
- Gürcüstanın larisi necə deyərlər, azad məzənnəyə sahibdir. Bu o deməkdir ki, məzənnə hökumət və Milli Bank tərəfindən təyin olunmur.
- Son dörd il ərzində lari gözlə görüləcək qədər dəyərdən düşüb. İlk əhəmiyyətli dərəcədə ucuzlaşma 2201133-cü ildə baş verib. O zaman 1 dollar 1,66 lariyə bərabər olub. Larinin dəyərdən düşməsinin yeni dalğası 2016-cı ilin payızına təsadüf edib – 1 dollar 2,28 lari olub, eyni il dekabrın 22-də məzənnə tarixi minimumuna çatıb – 1 dollar 2,78 lari.
- 2017-ci ilin əvvəlində hökumət milli valyutanın məzənnəsinin düşməsinin qarşısını almağa çalışıb, larizasiya adlanan proqramı işə salıb, bununla da milli iqtisadiyyatda larinin rolunu gözlə görüləcək qədər artırıb. Birinci növbədə bu, özünü kreditlərdə göstərir. Banklar kreditləri əsasən lari ilə verir.