Gürcüstanın tanınmış televiziya aparıcısı Şalva Ramişvili mənəvi ziyana görə keçmiş işçisi Tatia Samxaradzeyə 2 min lari (775 dollara yaxın) kompensasiya ödəməlidir.
Məhkəmə Samxaradzenin iddiasını qismən təmin etsə də (Ramişvilinin maddi ziyanı yox, sadəcə mənəvi ziyanı ödəməsi haqda qərar çıxarılıb), Gürcüstanın hüquq müdafiəçiləri bu işi presedentsiz adlandırıb, çünki onların sözlərinə görə, məhkəmə seksual taciz faktını tanıyıb.
“Sapari” ittifaqının rəhbəri, qadın hüquqlarının müdafiəçisi Bayya Pataraya ümid edir ki, “bu iş seksual taciz qurbanı olmuş digər qadınlar üçün də presedent olacaq, onlar da təcavüzçülərdən məhkəməyə şikayət etməyə qorxmayacaqlar”.
Tatia Samxaradze də məhkəmənin qərarından razıdır.
“Ən əsası məhkəmənin seksual taciz faktını tanıması və mənəvi ziyana görə kompensasiyanın ödənməsinə qərar verməsidir… Fikrimcə, bu, belə problemlə üzləşmiş bütün qadınlar üçün vacib idi”, – Samxaradze on.ge nəşrinə deyib.
Şalva Ramişvili isə öz növbəsində bildirir ki, məhkəməni qazanan odur, çünki “orada nə diskriminasiya, nə də tacizdən söhbət belə getməyib”.
Məhkəmə qərarının motivasiya hissəsi hələlik dərc olunmayıb.
2015-ci ildə “İmedi” telekanalının əməkdaşı, 25 yaşlı Tatia Samxaradze öz rəhbərini, tanınmış və nüfuzlu televiziya aparıcısı Şalva Ramişvilini seksual tacizdə ittiham edərək məhkəməyə üz tutmuşdu. Ramişvilinin özü ittihamları rədd edir.
Tatia Samxaradze Gürcüstanda seksual taciz ittihamı ilə rəhbərindən məhkəməyə şikayət edən ilk qadındır.