"Gürcü Arzusu"nun qadağan etmək istədiyi partiyaların adları açıqlanıb
“Gürcü Arzusu” müxalif partiyaları qadağan edir
“Gürcü Arzusu” partiyasının parlament sədri Şalva Papuaşvili hakim partiyanın Konstitusiya Məhkəməsində qadağan edilməsini təklif edəcəyi partiyaların adlarını açıqlayıb. “Gürcü Arzusu” üç müxalif qüvvənin – “Vahid Milli Hərəkat”, “Dəyişikliklər Uğrunda Koalisiya” və “Lelo – Güclü Gürcüstan” partiyasının konstitusiyaya zidd elan edilməsini tələb edəcək.
Papuaşvilinin sözlərinə görə, yuxarıda adları çəkilən siyasi subyektlər əslində “ortaq məqsədlərlə fəaliyyət göstərən, ölkənin konstitusiya quruluşuna təhlükə yaradan koalisiya birliyidir”.
İddianın məzmunu
Hakim “Gürcü Arzusu” partiyası öz peyk partiyaları ilə birgə Konstitusiya Məhkəməsinə təqdim ediləcək iddia üzərində işi tamamlayıb. Bu iddia on müxalif partiyanın qadağan edilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərini ehtiva edir.
“Gürcü Arzusu”nun yeni qanun paketinə əsasən, qadağan edilmiş partiyanın üzvləri və ya onlarla əlaqəsi olan şəxslər siyasi proseslərdə iştirak etmək hüququndan daimi olaraq məhrum ediləcəklər.
İddia parlamentin 2003–2012-ci illərdə “Vahid Milli Hərəkat” hökumətinin fəaliyyətini araşdırmaq üçün yaratdığı istintaq komissiyasının nəticələrinə əsaslanır.
“Birgə konstitusiya iddiamız eyni məqsədlərlə fəaliyyət göstərən, koalisiya birliyi və vahid orqanizm kimi formalaşmış və bu gün də həmin şəkildə fəaliyyətini davam etdirən üç siyasi qüvvənin konstitusiyaya zidd elan edilərək qadağan edilməsini tələb edir”, – deyə Şalva Papuaşvili bildirib.
Onun adını çəkdiyi və hakim partiyanın qadağan etmək istədiyi partiyalar bunlardır:
- “Vahid Milli Hərəkat” vətəndaş siyasi birliyi;
- “Dəyişikliklər Uğrunda Koalisiya” vətəndaş siyasi birliyi;
- “Lelo – Güclü Gürcüstan” vətəndaş siyasi birliyi.
Papuaşvilinin sözlərinə görə, bu partiyalarla sıx əlaqədə olan digər siyasi qurumlar da mövcuddur. Onların arasında aşağıdakılar da var:
- “Elene Xoştariya – Droa”;
- “Girçi Daha Çox Azadlıq”;
- “Avropaya Doğru – Aqmaşenebeli Strategiyası”;
- “Avropa Gürcüstanı – Azadlıq Uğrunda Hərəkat”;
- “Federalistlər”;
- “Gürcüstan Respublikaçı Partiyası”.
Papuaşvili bildirib ki, bu partiyalar formal olaraq müstəqil qeydiyyatdan keçsələr də, əslində “Dəyişikliklər Uğrunda Koalisiya”nın tərkibində fəaliyyət göstərirlər.
Onun sözlərinə görə, hazırkı mərhələdə onların qadağan edilməsinə ehtiyac yoxdur, çünki bu partiyaların nə təşkilati strukturu, nə də seçki baryerini aşmaq və real təsir gücünə malik olmaq imkanı var, buna görə də onlar Gürcüstanın konstitusiya quruluşu üçün təhlükə yaratmırlar.
“Əgər gələcəkdə bu partiyalar siyasi proseslərə ciddi təsir göstərməyə başlasalar, onların konstitusiyaya zidd fəaliyyəti məsələsi gündəmə gətirilə bilər”, – deyə parlament sədri əlavə edib.
İddia hansı əsasla hazırlanıb
Papuaşvilinin sözlərinə görə, “Gürcü Arzusu” konstitusiya iddiasını hazırlayarkən iki əsas meyara əsaslanıb:
- Müəyyən bir partiyanın konstitusiyaya zidd elan edilməsinə dair hüquqi əsasların nə dərəcədə inandırıcı olması;
- Həmin partiyanın üzvlük sayı, təşkilati quruluşu və siyasi təsir gücü baxımından konstitusiya quruluşu üçün real təhlükə yarada bilmə dərəcəsi.
“Beynəlxalq təcrübəyə əsasən, siyasi partiyanın qadağan edilməsi üçün yalnız antikonstitusiya ideyalarının və fəaliyyətinin mövcudluğu kifayət deyil, həm də onun real təhlükə yaratmaq üçün resurslara malik olması vacibdir. Buna görə də biz qadağan edilməsini tələb etdiyimiz partiyaları müəyyən edərkən məhz bu iki prinsipə əsaslanacağıq”, – deyə “Gürcü Arzusu”nun parlament sədri bildirib.
Niyə “Qaxariya Gürcüstan Uğrunda” partiyası iddiaya daxil edilməyib?
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 2024-cü il parlament seçkilərində dörd partiya seçki baryerini keçib. “Gürcü Arzusu” həmin partiyalardan yalnız birinə, “Qaxariya Gürcüstan Uğrunda” partiyasına qarşı Konstitusiya Məhkəməsinə iddia qaldırmayıb.
Papuaşvili izah edib ki, bu partiya iddiaya daxil edilməyib, çünki əsas hüquqi əsas kimi seçkilərin sabotajı götürülüb, amma Qaxariya partiyası yeganə siyasi qüvvədir ki, mandatlarını saxlayıb və parlament fəaliyyətini bərpa edib.
Qaxariya partiyası parlament fəaliyyətinə seçkilərdən bir il sonra, 2025-ci il oktyabrın 28-də başlayıb.
“Gürcü Arzusu” hakimiyyətə gəldiyi vaxtdan etibarən partiya nümayəndələrinin ritorikasında “Vahid Milli Hərəkat”ın qadağan edilməsi tələbi mütəmadi olaraq səslənir.
Partiyaların qadağan edilməsi barədə ilk dəfə partiyanın qurucusu və Gürcüstanın de-fakto rəhbəri Bidzina İvanişvili 2024-cü ilin aprelində, parlament seçkilərinə bir neçə ay qalmış bəhs etmişdi.
Oktyabrın 16-da “Gürcü Arzusu” parlamenti Konstitusiya Məhkəməsinə partiyaların qadağan edilməsinə dair əlavə əsaslar verən bir sıra qanunları üçüncü oxunuşda qəbul edib. Əsasən, məhkəmə hazırda məqsədləri, fəaliyyət xarakteri və kadr tərkibi baxımından qadağan edilmiş partiyaya bənzər olan yeni partiyanı da yasaqlaya bilər. Əvvəlki qanunlara görə isə partiya yalnız konstitusiya quruluşuna, müstəqilliyə təhlükə yaradırsa və ya zorakılığı təbliğ edirsə, qadağan edilə bilərdi.
Yeni düzəlişlərə əsasən, məhkəmə iddia daxil edildikdən sonra partiyanın qadağan edilməsi barədə qərarı ən geci doqquz ay ərzində, seçki dövründə isə 14 gün ərzində çıxarmalıdır.
“Gürcü Arzusu” müxalif partiyaları qadağan edir