“Açıq Cəmiyyət” Fondunun hüquqşünası Saba Braçveli hesab edir ki, “Gürcü Arzusu” hökumətinin təşəbbüsü ilə hazırlanmış “Qrantlar haqqında” qanuna dəyişikliklər əhali üçün pulsuz yardım alma imkanlarını aradan qaldırır.
Hakim “Gürcü Arzusu” partiyası qanun layihəsi irəli sürüb. Layihəyə əsasən, xarici qrant almaq üçün hökumətin razılığı tələb olunacaq.
Qanuna əməl olunmasına Korrupsiyaya qarşı Mübarizə Bürosu nəzarət edəcək. “İcazəsiz” qrant qəbul etmək həmin qrantın məbləğindən iki dəfə çox cərimə ilə nəticələnəcək.
Saba Braçveli:
«Hökumət bu dəyişiklikləri donorlar üçün məhdudiyyət kimi təqdim edir. Amma əslində bu, gürcü xalqını pulsuz yardımdan məhrum edir.
Məsələn – vətəndaşlara indiyədək QHT-lər tərəfindən göstərilən pulsuz hüquqi yardımı götürək.
İndi isə “Gürcü Arzusu” insan haqları ilə məşğul olan, korrupsiyaya qarşı mübarizə aparan və digər bu qəbildən olan təşkilatları şübhəli hesab edib onların maliyyələşməsini bloklayacaq.
Bu o deməkdir ki, əgər torpaq mübahisəsi yaşasanız, işəgötürən sizi haqsız yerə işdən çıxarsa və ya polis əməkdaşı sizi təqib etsə, pulsuz hüquqi yardım almaq əvəzinə ya özəl vəkil tutmalı və çoxlu pul xərcləməli olacaqsınız, ya da sadəcə dözməli olacaqsınız. Bu yalnız hüquq sahəsinə deyil, qrantların verildiyi bütün sahələrə şamil olunacaq.
Bu dəyişikliklərin mahiyyəti də elə budur – gürcü xalqı üçün qadağa filtri tətbiq etmək. Hökumət özü qərar vermək istəyir: xalq hansı pulsuz yardımı ala bilər, kimdən ala bilər və hansı şərtlərlə».