“Gürcü arzusu” Marneuli meri postuna namizədini dəyişib. Ən axırda da bu haqda namizədin özü bilib
Oktyabrın 21-nə təyin olunmuş yerli özünüidarəetmə orqanlarına seçkilərlə bağlı kampaniyaya Amiran Giorqadze sentyabrda başlayıb. Hakim “Gürcü arzusu” rəsmi olaraq onun namizədliyini Marneuli meri postuna irəli sürüb. Giorqadze Marneulini nəhəng bilbordlarla bəzəyib. Bilbordlardan partiya simvolikasının fonunda 41 nömrəsi altında Giorqadze gülümsəyirdi. Sentyabrın 18-də isə onun seçkiqabağı planları gözlənilmədən dəyişdi.
Giorqadze “Marneuli” radiosunun efirindən artıq hakim partiyadan Marneuli meri postuna namizəd olmadığını və onun əvəzində həmin vəzifəyə hakim partiya tərəfindən Teymuraz Abazovun namizədliyinin irəli sürüldüyünü eşitdi.
Amma Giorqadzenin tərəfdarları da çıxdı. 300 nəfərə yaxın adam “Gürcü arzusu”nun bu qərarına qarşı etirazını bildirmək üçün Marneuilinin mərkəzində toplaşdı. Onlar “Gürcü arzusu”nun liderlərindən rəsmi izahat tələb etdilər.
Amma partiyanın birinci şəxslərindən bir nəfər belə Marneuliyə gəlmədi. Onda da aksiya iştirakçıları – qamqeoba və sakrebulo (icraedici və qanunverici orqanlar), Marneuli bələdiyyəsi üzvləri və sıravi vətəndaşlar Tbilisiyə, “Gürcü arzusu”nun mərkəzi ofisinə yollandılar.
“Gürcü arzusu”nun ofisi qarşısında aksiya çox sayda patrul maşını və polisin “müşayiəti” ilə keçdi. Həmin vaxt da ofisdə bağlı qapılar arxasında görüş keçirildi. 3 saat sürən müzakirələrdən sonra bu görüş iştirakçılarının əksəriyyəti mətbuata açıqlama verməkdə imtina etdi.
Onlardan ancaq parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirdi ki, “Gürcü arzusu”ndan Marneuli meri postu uğrunda Teymuraz Abazov mübarizə aparacaq, keçmiş namizəd Amiran Giorqadze isə sakrebuloya partiyanın namizədlər siyahısına bir nömrə altında daxil ediləcək.
Amiran Giorqadze jurnalistlərlə əlaqədən qaçır.
Niyə hakim partiya özünün Marneuli meri postuna namizədini dəyişdi? Bu sualın konkret cavabı hakim partiyanın üzvlərində də yoxdur. “Gürcü arzusu”nun qərargahında ancaq partiya liderlərinin qərarı ilə razı olduqlarını deyirlər. Eyni sözləri “Quria-nyus” agentliyinə Amiran Giorqadzenin özü də deyib: “Bilmirəm, mən həqiqətən də heç nə bilmirən. Mənə heç kim heç nə deməyib… Mənə kifayət edir ki, bu, partiyanın qərarıdır”.
Amiran Giorqadzeni əvəz edən Teymuraz Abazovu Marneulidə tanımırlar. Əhali ancaq onun yerli sakin olmadığını deyir. “Gürcü arzusu” da özünün Marneuli merliyinə yeni namizədi haqqında rəsmi məlumat yaymır.
Müxtəlif məlumatlara görə, Teymuraz Abazov hazırda Bakıdadır. Daxili İşlər Nazirliyinin məlumatına görə, o, Gürcüstanın Azərbaycandakı səfirliyində nazirliyin attaşesi olub, amma bu gün güc qurumlarında işləmir.
Marneulinin mərkəzində və rayon kəndlərində Amiran Giorqadzenin seçki qabağı plakatları və bilbordları hələ də qalır. Namizəd iki həftə əvvəl rəsmən özünün seçki qabağı kampaniyasına başlayıb və əhali ilə artıq üç görüş də keçirib. Amma “Facebook”da artıq “Amiran Giorqadze Marneuli meri olsun/Amiran Giorgadze” səhifəsi mövcud deyil.