Gecə Tbilisidə etiraz aksiyasını yenə dağıdıblar. Yaralananlar var
Noyabrın 26-da səhər saat 5-ə yaxın xüsusi təyinatlılar Tbilisidə parlament binasının girişlərini bağlamış nümayişçiləri dağıdıb.
Etirazın dağıdılması üçün polis havanın temperaturunun 0 dərəcədən aşağı olmasına baxmayaraq, su vuran maşınlardan istifadə edib.
DİN-in rəsmi məlumatına əsasən, 3 nəfər zədələnib, 28 etirazçı saxlanılıb.
“Batumelebi” qəzetinin yazdığına görə, etirazçılardan biri – Zaza Lipartiya su şırnağının təzyiqindən gözündən zədə alıb.
Həkimlərin sözlərinə əsasən, Lipartiya müayinədən keçirilib və həyatına təhlükə yoxdur, lakin cərrahi əməliyyata ehtiyac var. O, göz nahiyəsində sümüklərin sınığı xəsarəti alıb.
Şahidlərin sözlərinə görə, su şırnağı Zaza Lipartiyanın sifətinə tuş gəlib və “onun gözü düşüb, sonra o özü gözünü yenidən yerinə salıb”.
«Aksiya iştirakçıları təyin edilmiş vaxt ərzində qanunverici orqanın bağladıqları girişlərini azad etməyiblər. Müvafiq olaraq, onların hərəkətləri toplaşma azadlığı və ifadə azadlığı çərçivəsindən kənara çıxıb ki, bunlara əsasən, iştirakçıların sayından asılı olaraq bu, zəruri deyilsə, qanunverici orqanın girişləri, həmçinin yolların nəqliyyat hərəkət edən hissəsi bağlana bilməz», — Gürcüstan DİN-in bəyanatında bildirilir.
Tbilisidə və Gürcüstanın daha bir neçə şəhərində etirazlar noyabrın 14-də, ölkə parlamenti seçki qanunvericiliyinə dair konstitusiya islahatları layihəsini dəstəkləmədikdən sonra başlayıb. Bu layihə prinsipial olaraq vacib idi – müxalifətin 2019-cu ilin iyun etirazları əsas etibarilə məhz ona görə dayandırılmışdı ki, hakim “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili müxalifətin tələblərinə güzəştə gedərək, şəxsən majoritar sistemdən vaz keçməyə və sıfır keçid səddi ilə parlamentə proporsional (partiya) seçki sisteminin qəbuluna söz vermişdi.
Seçki islahatları layihəsinin qəbulu üçün 150 deputatdan 113-nün səsi lazım idi. Lakin noyabrın 14-də səsvermə zamanı dəyişiklikləri yalnız 101 deputat dəstəklədi. Səsvermədə əsas etibarilə hakim “Gürcü arzusu” partiyasının majoritar deputatları bitərəf qalıblar.
Elə həmin gün müxalifət və ictimai fəallar müddətsiz etirazların başladığını elan ediblər, Rustaveli prospektində çadır düşərgəsi salıblar və tələbləri təmin edilməyənə qədər buranı tərk etməkdən imtina ediblər.
Aksiyanın noyabrın 18-də dağıdılmasından sonra hakimiyyətin əleyhdarları “partizan” taktikasına əl atıblar – onlar dövlət idarələrinin binalarının darvazalarına qıfıllı iri zəncirlər asır, işə gələn nazirləri və deputatları fitə basırlar.
Mitinqçilərin əsas tələbi qüvvəsində qalmaqdadır – tam proporsional sistem üzrə növbədənkənar parlament seçkiləri.
Güzəştli variant kimi onlar hakimiyyətə “alman modeli”ni təklif edirlər ki, həmin modelə əsasən, qarışıq sistem qalır, lakin partiyaların parlamentdə təmsilçiliyi səsvermədə aldıqları səslərin nisbətinə uyğun müəyyənləşdirilir. Bu modelin qəbulu üçün konstitusiya çoxluğu tələb olunur.
Lakin hakimiyyət bu təklifi rədd edib. Noyabrın 25-də parlament çoxluğu yenidən “Gürcü arzusu”nun ofisində toplanıb. Görüşdən sonra partiyanın baş katibi Kaxi Kaladze bildirib ki, mövzu “bağlıdır” və 2020-ci ildə seçkilər hazırkı qarışıq sistem üzrə baş tutacaq.
•Tbilisidəki etirazlar haqqında bilmək lazım olan hər şey – üç dədiqəlik videoda
Buna baxmayaraq, bu gün səhər Gürcüstan parlamentinin qarşısında yenidən insanlar toplaşmağa başlayıb.
Parlamentin plenar iclası saat 12:00-a təyin olunub. Müxalifət bildirir ki, nümayişin dağıdılmasına baxmayaraq, parlament binasının qarşısındakı piketi davam etdirəcək və deputatlara binaya daxil olmağa mane olacaq.
Parlamentin yaxınlığına polis və xüsusi təyinatlılar cəlb olunub. Onlar etirazçılara binaya yaxınlaşmağa imkan vermirlər – yaxınlıqdakı küçələrdə hərəkət dayandırılıb, onları polis avtobusları bağlayıb.
Parlamentə daxil olmaq istəyən jurnalistləri bu küçələrə yalnız akkreditasiya ilə buraxırlar.
Aksiya iştirakçılarının sözlərinə görə, bu gün onlar parlament binasının qarşısında piket keçirməyə və plenar iclasın başlanmasına yol verməməyə çalışacaqlar.
“Bütün siyasi proses küçələrə çıxır”
Gecəni parlamentin qarşısında keçirmiş ictimai fəallar və müxalifət liderləri, mitinqin dağıdılmasına baxmayaraq, öz planlarından geri çəkilməyə hazırlaşmırlar.
“Vahid milli hərəkat”ın liderlərindən biri Nika Meliyanın sözlərinə görə, müxalifət öz tələblərində güzəştə getməyəcək.
«Biz İvanişvilinin xalqa vəd etdiyi, lakin sonradan oğurladığı azad seçkilər, proporsional seçkilər hüququnu tələb edirik. Bu gün İvanişvili öz xalqı ilə fiziki olaraq mübarizə aparan və onunla dialoqa girməyən zəif adamdır. Xalq ədalətli şəkildə hiddətlənirsə, o, bütün tələbləri yerinə yetirilməyənə qədər hiddətlənməkdə davam edəcək. Bütün siyasi proses küçələrə çıxır və bütün ictimaiyyət küçələrdə durub, “robokop”lardan (xüsusi təyinatlılar) başqa heç kim İvanişvilinin tərəfində deyil», — Meliya deyib.
“Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Gigi Uqulavanın sözlərinə görə, “İvanişvili tezliklə başa çatacaq”.
«O, hakimiyyətini xüsusi təyinatlıların köməyi ilə saxlaya bilməyəcək. Ölkədə zor və diktatura formalaşdırılır. İvanişvili bu döyüşə tab gətirməyəcək. Onlar bu gün qorxaraq odun və çır-çırpı dalınca qaçırdılar. Onlar artıq mənəvi cəhətdən bitiblər», — Uqulava deyib.
Parlament qarşısında gecə
Parlament binasının qarşısında böyük mitinq noyabrın 25-də saat 19:00-da başlayıb. Aksiyanın əsas şüarı “Hamı birlikdə bir nəfərə qarşı!” olub. Etirazçılar artıq həmin axşam parlament binasına girişləri bağlayıblar.
•25 noyabr mitinqindən fotoreportaj
Etirazçıların tələbləri dəyişməz olaraq qalır – tam proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin təyin edilməsi.
Parlamentin qarşısındakı mitinqin əsas hissəsindən sonra bir neçə yüz insan, əsasən gənclər, burada qalıblar.
Aksiyada musiqi qoşulub, nümayişçilər rəqs ediblər ki, heç olmasa bir az qızınsınlar. Gecə Tbilisidə havanın temperaturu -1 dərəcə olub.
Könüllülər qlintveyn, isti çay və qəhvə gətiriblər.
Eyni zamanda improvizə olunmuş kinoteatr təşkil olunub və buradakı böyük ekranda “Şindlerin siyahısı” filmi nümayiş olunub:
Polis nümayişçilərə qızınmaq üçün odun və bəşqa əşyaların gətirilməsini qadağan edib.
Nümayişçilərin dağıdılmasına qədər onlara əvvəlcədən xəbərdarlıq edilib ki, parlament binasına aparan yolu boşaltmasalar, onlara qarşı güc tətbiq ediləcək.
Səhər saat 5:30-a yaxın maskalı və dəbilqəli xüsusi təyinatlılar nümayişçiləri dağıdıb, onların quraşdırdığı çadırları yığışdırıb və binaya girişləri tamamilə nəzarəti altına alıb.
Az sonra bura şəhər təmizlik xidmətinin əməkdaşları gəlib və ərazini yığışdırmağa başlayıblar.
Xüsusi təyinatlılar görünən kimi təşkilatçılar dərhal etirazçılara müraciət ediblər – səhər saat beşdə “Biabırçılıq” ictimai təşkilatının lideri Şota Diqmelaşvilinin səsi nümayişçiləri sakitliyə çağırıb:
«Müqavimət göstərməyin, biz dinc, zor tətbiq etmədən nümayiş keçiririk», — Diqmelaşvili aksiya işritakçılarına müraciətlə bildirib.