“Gəzirdik, üstəlik də araba ilə!” Rusiyada nümayişdə iştirak etdikləri üçün ailənin uşağını almaq istəyirlər
“Novaya Qazeta”nın materialı əsasında
Sentyabrın 2-də Moskvanın Nikulin rayon məhkəməsi paytaxt sakinləri Pyotr və Yelena Xomskilərin valideynlik hüququndan məhrum edilməsi haqda iddiaya baxacaq. Avqustun 3-də ailə üç qızları ilə birlikdə etiraz aksiyasının keçirildiyi Puşkin meydanında olub. Prokurorluq bildirir ki, ər-arvad uşaqlarını özləri ilə aparıblar ki, aksiyada onları saxlayan olmasın və bu səbəblə iki kiçik qızın ailədən alınmasını tələb edir.
Xomski ailəsi mitinqdə. “Novaya qazeta”dakı videodan kadr
Prokurorluğun bəyanatında deyilir ki, valideynlərin öz qızlarını – üç aylıq Saşa və üç yaşlı Anyanı məruz qoyduqları təhlükə bir tərəfdən “çox sayda aqressiv əhvallı mitinqçilərdən”, digər tərəfdən isə “Rusiya qvardiyasının silahlı əməkdaşlarından” qaynaqlanıb.
- “Putindən yorulmusuz? Gürcüstanda dincəlin!” – rusiyalılar Tbilisidə etiraz aksiyasında
- “Putinin liberal olmadığını unudun. Onun müharibələrini xatırlayın”
- Putin 2024-cü ildə getməyəcək. O, hansı yolla konstitusiyanı yan ötüb, hakimiyyətdə qalmaq niyyətindədir?
Həmin gün “REN TV” federal telekanalının internet saytında yerləşdirilən video iddia qaldırmaq üçün səbəb olub. Videoda Xomskilərin uşaq arabası ilə Puşkin meydanında gəzişdiyi görünür, on yaşlı qızları Liza da valideynlərinin yanınca addımlayır. Xomskilərin arxasında isə Rusiya qvardiyaçılarının cərgəsi görünür.
Telekanalın saytında ailəvi cütlüyün əməlləri “Rusiya qvardiyaçılarının uymadığı təxribat” adlandırılıb.
Qızların atası danışıb ki, o, “stajlı vətəndaş cəmiyyəti fəalıdır”, ilk dəfə 1989-cu ildə 14 yaşı olarkən Manej meydanında keçirilən mitinqdə iştirak edib. Bu gün o, aktiv fəaliyyətini davam etdirir – könüllü şəkildə Korrupsiyaya Qarşı Mübarizə Fonduna və fond rəhbəri Aleksey Navalnının kampaniyalarına kömək edir.
Avqustun 3-ü baş verən hadisələri isə o belə təsvir edib:
“Həyat yoldaşım və uşaqlarımla bulvarda gəzirdik, uşaq meydançalarında dayanıb, oynayırdıq. Bir məqamda Tver küçəsindən Puşkin meydanına keçirdik, piyada keçidindən çıxdıq, yəni irəlidə nə baş verdiyini görmürdük. Sadəcə keçiddən çıxdıq və Rusiya qvardiyaçılarından ibarət zənciri gördük, onlar irəliləyir və insanları meydandan çıxarırdı. Biz tez oradan uzaqlaşdıq. Bir məqamda kütlə ilə zəncir arasında qaldıq. Media üçün bu yaxşı görüntü idi və bizi dərhal hamı çəkməyə başladı, həm mobil telefonlardan, həm də kameralardan. Sonra isə bu videolardan biri şəbəkəyə qoyuldu. Biz bircə dəqiqə də olsun dayanmamışdıq, hərəkət edirdik və dərhal çıxıb getdik. Sonra yenə bulvarları gəzməyə başladıq və ancaq növbəti uşaq meydançasında dayandıq”.
Pyotr vurğulayır ki, onların gəzintisi etiraz aksiyasına qətiyyən bənzəmirdi: onlar şüar səsləndirməyiblər, plakat qaldırmayıblar, kütlədən kənar dayanıblar.
Nikulin prokurorluğu Xomskilərin ancaq kiçik uşaqlarının əllərindən alınmasını tələb edir. Pyotr əmindir ki, bu yolla hakimiyyət onlara, xüsusən də onun həyat yoldaşına təzyiq göstərir:
“Həyat yoldaşım Lena şok vəziyyətindədir, o, indiyə qədər üç aylıq qızımız Saşanı ana südü ilə əmizdirir. Mən onun üçün çox narahat oluram”.
Moskvanın uşaq ombusdeni Yevgeni Bunimoviç Xomskilərin vəziyyətini öz nəzarətinə götürüb.
“Mən anlamalıyam ki, onları nədə günahlandırırlar. Bu, fövqəladə vəziyyətdir… Bu sadəcə uşaqların ailələrdə saxlanması ilə bağlı dövlət proqramına ziddir”, – ombudsmen vəziyyəti şərh edib.
Daha əvvəl Dmitri və Olqa Prokazovlar ailəsi eyni vəziyyətə düşüb. Xatırladaq ki, avqustun 6-da İstintaq Komitəsi onlara qarşı təhlükədə qoymaq və yetkinlik yaşına çatmayanların tərbiyəsi üzrə vəzifələrin yerinə yetirilməməsi maddələri ilə cinayət işi qaldırıb – çünki Prokazovlar cütlüyü iyulun 27-də razılaşdırılmamış aksiyaya bir yaşlı oğulları Artyomiyi də aparıblar.
Xomskilərin işində olduğu kimi yeganə sübut “Rossiya” telekanalının “Vesti” proqramında 27 iyul aksiyasından hazırlanan video-süjet olub. Videoda Dmitri Prokazov oğlunun həyat yoldaşının yaxın qohumu, vətəndaş cəmiyyəti fəalı Sergey Fominə verir.
Nəticədə Sergey Fomin həbs olunub və indi o, “kütləvi iğtişaşlar haqda” işin əsas fiqurantlarındandır. İstintaqın fikrincə, uşağı Fominə ona görə veriblər ki, o, xüsusi təyinatlıların mühasirəsindən rahatlıqla çıxa bilsin.