Fransa və Yunanıstanda onlarla gürcü kriminal avtoritet həbs olunub. Xüsusi əməliyyatda vertolyotlardan istifadə olunub
Yunanıstan və Fransa xidmətlərinin polisləri 16-17 aprel tarixlərində gürcü mafiyasının bossu hesab olunan, “qanuni oğru” Laşa Şuşanaşvili, onun kriminal qruplaşmasının təxminən 40 üzvü, həm də ailə üzvlərinin saxlanılması üçün xüsusi əməliyyat keçiriblər.
“Qafqaz-Normandiya” adlı xüsusi əməliyyat eyni vaxtda iki ölkədə keçirilib.
“Amerikanın səsi”nin məlumatına görə, Yunanıstanın Soloniki şəhərində keçirilən xüsusi əməliyyatda xüsusi anti-terror bölməsinin 100 döyüşçüsü iştirak edib, polis vertolyotundan istifadə olunub. Yunanıstan mətbuatının məlumatına görə, polis müqavimətlə üzləşib və atəş açıb. İki nəfər yaralanıb.
Həbs olunanların evlərində axtarış zamanı Yunanıstan polisi pul, oğurlanan qiymətli bəzək əşyaları, texnika və saxta sənədlər aşkar edib. Polisin verdiyi məlumata görə, təkcə Salonikdə bu qrup 56 ev və bir neçə lombardı qarət edib. Son bir il ərzində qruplaşma tərəfindən dəyən zərər 1 milyon avrodan çoxdur.
Gürcü kriminal qruplaşması Yunanıstanda Laşa Şuşanaşvili və həbs olunanlar arasında daha bir neçə şəxsin ekstradisiyasını tələb edən Fransa prokurorluğu tərəfindən verilən Avropa orderi (EAW) əsasında həbs olunub.
Eyni zamanda xüsusi əməliyyat Fransada keçirilib. Kaen, Montobam və Renndə 14 Gürcüstan və 1 Ermənistan vətəndaşı həbs olunub. Onların arasında “qanuni oğru” Aleksandr Kobaladze və digər kriminal avtoritetlər var. Həbs olunanlar arasında məşhur gürcü reperi və artist, kriminal avtoritetlərdən biri ilə dostluq münasibətləri olan Kabu (Kaxa Abulaşvili) də var. Həbs olunanların dördü qadındır. Güman edilir ki, bu qrup şimal-şərqi Fransada yüzlərlə ev və mağazadan oğurluq edib.
Renn şəhər prokuroru Nikolya Jake bildirib ki, gürcü mafiyası üzvlərinin həbsi ilə bağlı “Qafqaz-Normandiya” əməliyyatı bir neçə ay ərzində planlaşdırılıb, onun nəticəsi də “Gürcüstan, Yunanıstan və Fransa hakimiyyətlərinin əməkdaşlığının bəhrəsi” olub.
Həyata keçirilən əməliyyat son zamanlarda ən böyük əməliyyatlardan olub. Fransa prokurorluğunun məlumatına görə, əməliyyatda 300-ə yaxın jandarm iştirak edib.
Gürcüstan Mərkəzi Kriminal Polisinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Mamuka Çelidze Gürcüstanın keçirilən əməliyyatda fəal iştirakını təsdiq edib.
“Amerikanın səsi”nin məlumatına görə, 56 yaşlı Laşa Şuşanaşvili post-sovet məkanının “oğru dünyası”nın azadlıqda qalan az sayda liderlərindən biriydi. Oğru dünyasında “Laşa Rustavski” kimi tanınan Şuşanaşvili axtarışa verilib, onun ekstradisiyasını eyni vaxtda bir neçə dövlət, o cümlədən, İspaniya, Rusiya və Gürcüstan tələb edir
Gürcü kriminal qrupları Avropa ölkələri üçün ciddi problemə çevrilib ki, bu da öz növbəsində, Aİ ilə Gürcüstan arasında viza rejiminin saxlanmasının məqsədəuyğunluğunu şübhə altına qoya bilər. Almaniya bunu xüsusiylə tez-tez qeyd edir. Martın əvvəllərində Almaniya nümayəndələri Gürcüstana gələrək, Gürcüstan daxili işlər naziri ilə danışıqlar keçiriblər. Görüş zamanı birgə addımların atılması, o cümlədən qanunvericiliyə dəyişikliklər edilməsinin vacibliyi barədə danışılıb.