“Fövqəl dövlətlər çalışır ki, toqquşmaları üçüncü ölkənin ərazisində olsun...” – Bakıdan şərh
Rusiyanın Ukrayna ərazisində apardığı işğalçı müharibə bütün dünyadakı, o cümlədən də Azərbaycandakı siyasi ekspertlərin diqqət mərkəzində qalmaqdadır. Fövqəl dövlətlər daim çalışır ki, toqquşmaları üçüncü ölkənin ərazisində olsun – Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir. “Hərbi əməliyyatlar Rusiya ərazisinə keçsə, tam fərqli situasuya yaranacaq”, – diplomat qeyd edir.
- “Siyasi iradə yoxdur”. Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulubmu?
- Putin əleyhinə başlıqlar, TV-də “əlinizdə qan var” – Rusiya mediasında 9 May sürprizləri
- Azərbaycanın keçmiş XİN rəhbəri: “Ukraynada ən ağır döyüşlər hələ qarşıdadır”
Ukraynadakı bugünkü vəziyyəti şərh edərkən Azərbaycanın keçmiş XİN rəhbəri Tofiq Zülfüqarov bildirib ki, mövcud konvensiyaya görə raket texnologiyalarına sahib olan ölkələrin 300 kilometr mənzillik raket texnologiyalarını üçüncü tərəflərə vermək hüququ yoxdur. Buna görə də, diplomat hesab edir ki, Qərbin Kiyevə sadəcə 80 kilometrə qədər mənzilli raket kompleksləri verməsinə təəccüblənmək lazım deyil.
“Rusiya Qərbin siyasi tələsinə düşüb”
“Müharibəni başlayarkən Rusiya siyasi tələyə düşüb. Və indi Qərbin yetərincə imkanları var ki, onu təqib etsin. Amma bəllidir ki, hərbi əməliyyatlar Rusiya ərazisinə keçsə, tam fərqli bir situasuya yaranacaq.
Və bu halda Kremldəki siyasi elitanın davranışı da fərqli olacaq. Artıq ayın 1-dən Rusiya yeni nüvə təlimlərinə başlayıb ki, bu da bir siqnaldır”, – Zülfüqarov deyib.
Qeyri-rəsmi qaydalar və qırmızı xətlər
“Bilirsiz, əslində burada yeni bir şey icad olunmur. Sovetlər dönəmindəki “soyuq” müharibə dövründə də indikinə bənzər münaqişələr olurdu. Məsələn, Vyetnam, Koreya müharibələri kimi…
Yəni fövqəl dövlətlər çalışırdılar ki, onların toqquşması hansısa üçüncü ölkələrin ərazisində olsun və eyni zamanda heç biri müəyyən olunmuş qırmızı xətləri keçməsin. Təxminən belə bir qeyri-rəsmi razılıq vardı.
Qırmızı xətlər ondan ibarət idi ki, hansısa hadisədən, yaxud hansısa silahın istifadəsindən sonra artıq daha güclü silahların tətbiqinə yol açılırdı ki, həmin hədlər keçilməməli idi.
Bu baxımdan deyilən qeyri-rəsmi oyun qaydaları bu və ya digər formada hazırkı Ukrayna savaşına da şamil oluna bilər. Hazırda qırmızı xətlər təxminən bəllidir və onların barəsində bəyanatlar da verilir.
Məsələn, ABŞ lideri Baydenin “Ukraynaya raket sistemlərini veririk, amma raketlərin uzaqlıq mənzili 80 km-dən çox olmayacaq” deməsi… Və hətta Zelenski də məcbur olub deyir ki, bəli, biz Rusiya ərazisinə raket zərbələri endirməyəcəyik.
Bu mənada görünür ki, indi də hansısa siyasi çərçivə və qeyri-rəsmi razılaşmalar mövcuddur və onları pozmağa heç kəsə imkan verilmir”, – Zülfüqarov vurğulayıb.
Gedişlər və oyunlar
“Ukraynadan danışarkən Türkiyə lideri Ərdoğanın da bəyanatlarından birində həmin qarşıdurma ilə bağlı işlətdiyi “gedişlər və oyunlar ifadəsi” yadıma düşür. Yəni hiss olunur ki, orada doğrudan da hansısa oyunlar gedir.
Yenə də əfsuslar olsun ki, həmin oyunların qurbanı adi insanlar olur”, – deyə Azərbaycanın sabiq xarici işlər naziri qeyd edib.