Feminizm Qafqazlı kişilərin nəyinə lazımdır?
Birinci – həmişə olduğu kimi sosial-iqtisadi səbəb
Feminist həyat yoldaşı boynunuza oturub, “çünki sən kişisən! – deyib durmayacaq. O sizin də insan olduğunuzun fərqindədir. İndiki iqtisadi vəziyyətdə ailə iqtisadiyyatını təkbaşına idarə etmək mümkün deyil. Təbii ki, siz oliqarx, ya da super-ulduz deyilsinizsə. Bütün yükü öz üzərinizə götürmək bizi az qala addımbaaddım izləyən infarkt və insulta “xoş gəldin” deməkdir. Yox! Feminist həyat yoldaşı elə əsl yoldaşdır, o həmişə sizin köməyinizə gələcək. Yenidən öyrənib, yenidən karyera quracaq; statusunun azalmasına razı olub, maaşı daha yüksək olan işə düzələcək. Məsləhət: onun başına çıxmayın! Axı o sizin boynunuzda oturmadı! Əgər bütün bunları edərkən o, feminist olduğunu bilmir və hətta bunu inkar edirsə, siz yenə də feminizmi sevin, çünki o sizin dostunuz və köməkçinizdir! Məhz feminizm sizin xanımınıza təhsil və güc verib.
Nəyi qurban verməli olacaqsız? “Mən necə dedim, elə də olacaq! – ifadəsindən imtina edin. Bu ifadə bərabərhüquqlu partnyorun qətiyyən xoşuna gəlmir.
İkinci – siyasi səbəb
Feminist həyat yoldaşı, partiyadaş və ya aktivist olan rəfiqəniz sizin bütün məsələləri həll edib bitirəcəyinizi və axırda da bir-birinizi öldürəcəyinizi oturub gözləmir. O katib, imza toplayan və ya kuryer rolu ilə kifayətlənməyəcək. Düzdür, təcrübədə adətən məhz bu statussuz xanımlar sizin üçün bəyannamə və yığıncaqların gündəliyini yazırlar. Əgər partiyanın öz Proqramı varsa (məgər çox partiya onu təqdim edə bilər?) – şübhəniz olmasın ki, onu məhz partiyadaşınız olan qadınlar yazıb. Adsız-sansız və təvazökar. Amma bunlar feminizmdən xəbəri olmayan qadınlardır. Feminist xanımlar – əsl feministlər – sizdən seçki siyahılarında, rəyasət heyəti və danışıqlar masasında bir az çəkilməyi xahiş edəcəklər. Narahat olmayın! Əvəzində sizi daha az döyəcəklər və demək olar ki, atəşə tutmayacaqlar. Axı başqa partiyalarda da eyni proseslər müşahidə olunacaq. Qadınlar olan yerdə, yəni dəyişikliklər etmək üçün kifayət edən sayda qadınlar olan yerdə isə daha çox praktisizm və daha az əlbəyaxa var.
Bunun əvəzində siz siyasətin “qadın işi olmaması və “çirkli olması ilə bağlı qəribə fikirlərdən uzaq durmalı olacaqsan. Onu çirkli edən siz, kişilərsiz. Bu eynən mətbəxdə olduğu kimidir. Qadının iştirakı ilə orada hər şey daha səliqəli olacaq.
Üçüncü – seksual-erotik səbəb
Qadın, tərəfdaş, sevgili sizə… eee… münasibətlər proqramını təklif edəcək, həmin proqram çərçivəsində sizin hər ikinizə daha rahat olacaq. O heç nəyi imitasiya etməyəcək və çox ağır gözləntilər yükünü üstünüzə yıxmayacaq. Əvəzində o sizin arzu və istəklərinizi anlamağa çalışacaq və özününküləri də danışacaq. O, sizin seksdə etibarlı yoldaşınızdır! Siz tam ümidsiz… eee… yəni stereotipli deyilsizsə, bu fikrin məntiqini düzgün anlayacaqsız.
Bu ssenari eqoistlər üçün deyil. Qısqanc adamlar üçün də deyil. Elə səfehlər üçün də deyil. Bu bölümdə siz heç nədən imtina etməli də olmayacaqsız.
Dördüncü səbəb emosional komfortla bağlıdır
Feminist həyat yoldaşı təkidlə sizin uşaqlara diqqətinizi həvəsləndirəcək. Heç bir zəmanət yoxdur ki, o sizdən gecə yarı uşaqların yanında durmağı xahiş etməyəcək. Ya da uşaq bezini dəyişməyi. Yaxud da sıyıq hazırlamağı. O, sizi uşaq otağından qovaraq, orada öz kiçik hakimiyyətini qurmayacaq. Sizi uşaq mətbəxindən çiyini ilə itələyib, çıxarmayacaq. Yox! O, ümumi övladınızla ünsiyyət sevincini (əməyini) sizinlə səxavətlə bölüşəcək. Və siz həmişə orada özünüzü lazımlı insan kimi hiss edəcəksiz! Özünüzü pis hiss edən zaman isə siz qədəhə doğru və ya yaxınlıqda peyda olan dostunuza deyil, məhz bura – uşaq otağına, mətbəxə və yataq otağına can atacaqsız. Burada öz problemləriniz, zəifliyiniz və ağrılarınızdan şikayət edəcəksiz, ekoloji təmiz və çox səmərəli təsəlli tapacaqsız. Sizi üstəlik bonuslar da gözləyir! Qocalıqda kimsə səndən “yanındakı kimdir?” deyə xəbər alacaq. O, həmişə səninlə ünsiyyətdən zövq alan qızındır. Ya da sənin məsləhətlərinə dəyər verən oğlun! Sən və sənin feminist xanımın (açıq və ya latent) qocalanda, sizin qarşılıqlı umu-küsü deyil, qarşılıqlı dəstək haqqında ümumi xatirələriniz olacaq.
Bunun üçün nə etmək lazımdır? Sadəcə təfəkküründən “arvad işi stereotipini silmək. Belə bir iş mövcud deyil! Sadəcə görülməli iş var. Onu da birlikdə yerinə yetirin.
Beşinci səbəb – təkamül
Uzağa və yüksəyə bax, ay kişi! Mağaralar uzaq keçmişdə qalıb. Qulağına “bizim ənənələr haqqında pıçıldayan düşmənlərinə inanma. Yaxından baxanda onların aqilliyi şübhə doğurur. Çünki onlar iyerarxiyanın içində ilişib qalıb. Hərbi xidmət üçün münasib ola bilərlər, amma ailə üçün yox. Təkamül özünün kifayət qədər sərt qanunlarını diktə edir. Şanlı keçmişə sığınmaq istəyi nə qədər böyük olsa da, axına qoşulmalı və tarixin gedişatını ləngitməməlisən. Ətrafda hamı evlərdə və mənzillərdə yaşadığı zaman, mağarada qalmaq çox çətindir! Getdikcə daha az xanım evdə oturub, sənin heç də həmişə real olmayan mamontunu gözləməyə razı olur.
İbtidai insanların sıraları xeyli seyrəlib, yoldaşlar azdır, ovlamağa adam yoxdur. Bir tərəfdən də bir yığın maneə: qanunlar, nə bilim müxtəlif hüquqlar, o cümlədən də qadın hüquqları. Xülasə, tarixin gedişatına qarşı çıxmaq baha başa gələ bilər. Tərəqqi də elə budur.
Bəs onda necə etməli? Çox sadə: miflərdən imtina et! Stereotipləri zibilliyə at! Bu gününlə yaşa. Və təkamül sənə “afərin deyəcək. Harmoniya dünyası özündən, öz qadını və öz həyatından tam razı olanlarla təkmilləşəcək.
8 mart bayramınız mübarək, əziz kişilər! Sizi qadınlarınızın hüquq və ləyaqətlərinin müdafiəsi günü münasibətilə təbrik edirik. Onlar sizin dəstək və həmrəyliyinizi qiymətləndirəcəklər.
[Image_df1e1cee005b4e95a3970c63b81fc75d]
7 mart, 2016-cı ildə dərc edilib