"İlham Əliyev, öz ölkənizin vətəndaşları ilə necə, sülh bağlamaq fikriniz varmı?" - jurnalist həbsxanadan yazır
Fatimə Mövlamlının həbsxanadan məktubu
“Meydan TV işi” çərçivəsində həbs edilən jurnalist Fatimə Mövlamlı Vaşinqtonda keçirilən “Tarixi sülh görüşü” barədə fikirlərini həbsxanadan göndərdiyi mətbunda qeyd edib.
Ötən ilin dekabrın 8-də Bakının Xətai Rayon Məhkəməsi “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə) və Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinir. Açılan bu Cinayət İşi “Meydan TV işi” adlandırılır.
Bu il isə jurnalistlər Şəmşad Ağa, Nurlan Qəhrəmanlı (Libre), Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) eyni ittihamla və eyni iş üzrə həbs olunublar.
Fatimə Mövlamlının məktubunun tam mətnini təqdim edirik

Bəri başdan deyim ki, sülhə doğru atılan istənilən addım məni sevindirir. İllər uzunu hər iki xalqa qarşı təzyiq vasitəsi kimi istifadə olunan müharibə çoxdan bitməli idi, daha bunu dilə gətirənlər “vətən xaini” elan edilməməliydi.
8 avqustda hər üç ölkə rəhbərinin qatıldığı mərasimi və xüsusi ilə də mətbuat konfransını diqqətlə izlədim. Məni bu mərasimin məzmunundan əlavə, həm də başqa bir şey maraqlandırırdı: Görəsən, Azərbaycan mediası adına orada kim danışacaq, nə sual verəcək? Müstəqil mətbuat nümayəndələrinin saxta ittihamlarla həbs edildiyi ölkənin jurnalisti kimi ora getməyə çarəsi olan şəxsin verəcəyi sualın məğzi nə olacaq?
Az sonra “Report” Agentliyinin müxbiri söz aldı və onun sualı sadəcə yox idi. Deyəsən, onlara həmişə Prezident Administrasiyasından göndərilən və hökümətin əlaltısı olan digər mətbuat orqanları kimi tirajladıqları mətnlərdən bu dəfə verilməmişdi.
Jurnalist sualını verəndən sonra kamera yoldaşım “bu nə danışır?” deyə soruşdu. Dedim ki, “biz tək deyilik, bax, heç Tramp da onun nə dediyini anlamadı”.
Ən can alıcı məqam isə İlham Əliyevin müdaxiləsi idi. O, kəkələyən övladının yerinə dillənən valideyn təki sözü alıb, mirzəsinin “sual”ını tərcümə etməyə çalışdı. Amma ortada sual yox idi, axı. Ona görə də tərcüməsi “deyir ki, biz tərəflərə gələcəksiniz?”-dən yaxşı alınmadı.
Bu, öz qazdığın quyuya düşmək kimidir. Axı, sözünün kəsəri olan, gözünə heç kimin yanında kölgə düşməyən müstəqil media nümayəndələrini həbs edib, əvəzində meydanı ağzından çıxacaq hər kəlməyə görə icazə alan, hökümətdən ev, ad, tərif umanlara verəndə vəziyyət başqa necə olmalı idi ki? Həmin jurnalistin dili elə topuq vurmalı idi. Bu, məhz həmin görüşdə baş verməli idi. (Həyatın belə ironiya və sataşmalarını sevirəm.)
Bəs, orada tərəflərdən birinin geri addım atması ehtimalı barədə sual verib, hər üç ölkə rəhbərindən cavab alan jurnalistə diqqət yetirdinizmi? Onun sualı ilə yaranan maraq və gərginlik müstəqil jurnalistlə, ələbaxan mirzənin fərqini aşkar ortaya qoydu.
Mən özüm təəssüf ki, orada iştirak edə bilmədim. Əvvəla, ona görə ki, “Kürdəxanı”dan Vaşinqtona yol xeyli uzaqdır, üstəlik vizam da yoxdur.
Amma İlham Əliyevə sualımı buradan ünvanlamaq imkanım, əlbəttə, mövcuddur:
Bəs, öz ölkənizin vətəndaşları ilə necə, sülh bağlamaq fikriniz varmı? Sizin özünüz və ətrafınız xalqın sərvətini talayır, polisləriniz əzir, müstəntiqləriniz sifarişlə işləyir, insanlar başlarına endiriləcək dəyənək zərbəsinin qorxusundan səslərini çıxara bilmirlər. Bütün bu həqiqətləri yazan, göstərən jurnalistlər isə “qaçaqmalçı” adı ilə həbs olunur.
Beləliklə, Əliyev, sülh, həqiqi sülh olacaqmı?!
Fatimə Mövlamlı
Bakı İstintaq Təcridxanası
Fatimə Mövlamlının həbsxanadan məktubu