Facebook-un Gürcüstan seqmentində Qərb əleyhinə əməliyyat – ISFED
“Ədalətli seçkilər” (ISFED) qeyri-hökumət təşkilatı Facebook-da “Alt-info” radikal təşkilatına aidiyyatı olan 34 səhifəni aşkarlayıb.
“Alt-info” əməkdaşları öz təşkilatlarını balanslı meynstrim nəşr kimi təqdim etməyə çalışır, amma əslində çox vaxt dezinformasiya dərc edir, rusiyayönlü mesajlar dərc edir, Qərb institutlarının nüfuzunu ləkələyirlər.
Facebook-da “Alt-info” səhifəsi 2019-cu ilin iyununda yaradılıb. Əvvəlki səhifə digər radikal və ultramillətçi səhifələrlə yanaşı 2019-cu ilin mayında Facebook administrasiyası tərəfindən “təmizlənib”.
“Alt-info” yeni versiyasında ABŞ və Aİ ölkələrini qeyri-stabil təqdim edərək, Gürcüstanın Avroatlantik inteqrasiyaya can atması ilə bağlı ölkə əhalisinin fikrini dəyişməyə çalışır.
Əksər hallarda “Alt-info”nun təbliğatı informasiya manipulyasiyalarına əsaslanır. “Alt-info” öz məqsədləri üçün 34 Facebook səhifəsindən (12-i açıq, 22-i onunla bağlı) və 25 qrupdan (bunlardan 7-i “maskalanmış” şəkildə “Alt-info”ya işləyir) istifadə edir. Ümumilikdə “Alt-info”nun 365549, rəsmi 12 səhifənin isə 157640 abunəçisi var.
ISFED-in tədqiqatında bildirilir ki, eyni zamanda 22 səhifədə “Alt-info” əsas səhifəsindəki videolar və informativ materiallar paylaşıldığı üçün bu, dəqiq koordinasiya edilən iş təəssüratı yaradır.
• Gürcüstan hakimiyyətinin Facebook-da yüzlərlə feyk-səhifə ilə əlaqəsi aşkarlanıb
• Gürcüstanda böyük Facebook təmizliyi
“Alt-info” Ltd 2019-cu il yanvarın 28-də qeydiyyata alınıb, reyestr məlumatlarına görə rəhbəri Şota Martınenkodur. “Alt-info” ilə bağlı olan başqa bir təşkilat – “Gürcüstan üçün alternativ” 2019-cu il yanvarın 30-da qeydiyyatdan keçirilib.
Reyestr məlumatlarına əsasən, bu təşkilatın idarə heyətinin üzvləri Konstantin Morqoşia, Zurab Maxaradze, Şota Martınenko, İrakli Kizilaşvili, o cümlədən də Gürcüstan-Rusiya ikili vətəndaşlığı olan Giorgi Kardavadır.
ISFED-in hesabatını “Alt-info” və “Gürcüstan üçün alternativlər” təşkilatlarının rəhbəri Konstantin Morqoşia şərh edib.
“Böyük ehtimalla bizi yenə də Facebook-dan siləcəklər… Bunun üçün onların bütün imkanları və maliyyəsi var. Amma qorxulu bir şey yoxdur, biz işimizə davam edəcəyik və yenə də milyonluq auditoriya toplayacağıq”, – Morqoşia Facebook səhifəsində yazıb.