Qarabağda sentyabrın 27-də səhər erkən başlayan hərbi əməliyyat nəticəsində artıq evsiz qalan insanlar var. Azərbaycan tərəfinin dinc yaşayış məntəqələrini atəşə tutması nəticəsində bəzilərinin evi tamam dağılıb, bəzilərinin evi yaşamaq üçün təhlükəli vəziyyətə düşüb.
Bununla əlaqədar olaraq onların bir qismi, əsasən qadınlar və uşaqlar Qarabağda daha təhlükəsiz şəhər və kəndlərə köçməli olublar.
Bir neçə ailə Ermənistanın cənubundakı şəhərlərdən birində – Qorisdə sığınacaq tapıb. Kimsə qohumlarının evində, kimsə mehmanxanada məskunlaşıb.
Qorisdən fotolar – buraya köçən qarabağlıların taleyi haqda.
Foto JAMnews
Artyom 11 yaşındadır. Deyir ki, anası, nənəsi, qardaşı və bacısı ilə birlikdə Martunidən Qorisə köçüb.
“Biz çıxanda evimiz hələ dururdu, indi isə bütün rayonumuz bombalanıb. Mən dəqiq bilmirəm evimiz nə vəziyyətdədir. Babam orada qalıb, amma əlaqə yoxdur. Atam isə sərhəddədir”, – oğlan danışır.
Foto JAMnews
Aren, Arsen, Civan, Levon və Denis qardaşdırlar, Qorisə ailələri ilə köçüblər.
“Biz sentyabrın 26-da üç oğlumuzun ad gününü qeyd etdik, 27-də səhər isə artıq atışma başladı. Əvvəlcə biz Stepanakertdən Şuşaya keçdik. Ümid edirdik ki, bütün bunlar tezliklə bitəcək və biz evə qayıdacağıq. Amma Şuşaya da atmağa başladılar.
Oradan biz Berdzora, sonra isə Qorisə keçdik. Ərim sərhəddədir. O, oğlanlara izah edir ki, atəş zamanı evimizin qapı-pəncərələri sınıb, onları hələ təmir etməyiblər, buna görə də onlar qayıda bilməz”, – beş oğul anası Lena Qulyan deyir.
Foto JAMnews
Lena Qorisdə mehmanxanada yerləşən uşaqlara yeni mahnılar öyrədir. Gün ərzində bütün analar uşaqların başını qatmağa, onları əyləndirməyə çalışırlar ki, onlar az əvvəl yaşadıqları stresi unuda bilsinlər.
Foto JAMnews
Lenanın oğlanlarından biri son zamanlar elə hey tələb edir ki, ona hərbi forma geyindirsinlər, deyir ki, atasına oxşamaq istəyir.
“Mən öz oğlanlarımı onların torpağından və reallıqdan qoparmaq istəməzdim, amma orada yaşamaq getdikcə daha təhlükəli olur, uşaqları isə bomba sığınacağında saxlamaq çətin idi. Onlar tez-tez mərminin hara düşdüyünə baxmağa çıxırdılar. Buna görə də Qorisə köçdük”, – Lena danışır.
Foto JAMnews
Marta Mirzoyan iki uşağı ilə Stepanakertdən bura köçüb. Fotoda onun yanındakı qızı Liyadır. O, kədərlidir, soruşanda deyir ki, kuklası Maşa üçün darıxır.
“Sentyabrın 30-a qədər hələ şəhərdə idik. Amma sonra anladıq ki, düşmən dinc sakinləri bombalamaqdan əl çəkməyəcək. Atam bizi Qorisə gətirdi, özü isə yenidən Stepanakertə qayıtdı. Ərim də ön cəbhədədir. Heç təsəvvür eləmirəm, bütün bunlar nə zaman bitəcək ki, biz də öz evimizə qayıdaq”, – Marta deyir.
Foto JAMnews
Bu qarabağlı qızlar artıq Qorisə öyrəşiblər, onlar burda darıxmırlar – artıq yaşıdları ilə dostlaşıblar.
Foto JAMnews
Altıncı sinif şagirdi Yeva isə Qorisdə məktəbə getmək istəmir. Evə, öz məktəbinə qayıdacağı günü gözləyir.
Foto JAMnews
14 yaşlı Miqran başını telefondan bir dəqiqəlik qaldırır ki, şəkil çəkdirsin. O, bütün günü cəbhə xəbərlərini oxuyur, atası və əmisi indi cəbhədədir.
Foto JAMnews
David Asryan qarabağlılara sığınacaq verən mehmanxanada işləyir. Deyir ki, uşaqlara alışıb, müharibə bitəndən və onlar evlərinə qayıdandan sonra onlardan ayrılmaq çətin olacaq.
Foto JAMnews
Yerli sakinlərdən çoxu, xüsusən də cavanlar burda məskunlaşan Qarabağ sakinlərini tez-tez ziyarət edirlər. Gəlib uşaqları əyləndirirlər, kim necə bacarırsa.
“Mən 90-cı illərin bombardman səsini, rütubətli sığınacaqların qoxusunu yaddaşımdan silə bilmirəm. Bu uşaqlarla danışdığım zaman anlayıram ki, bu müharibə onlara da zərbəsini vurub.
Mən də bu günlərdə çalışıram ki, onlara tez-tez baş çəkim, onlarla oxuyum, oynayım, rəsm çəkim ki, heç olmasa bir neçə saatlıq onları bu amansız reallıqdan qoparım”, – Qoris sakini Lusine Musaxanyan deyir.