Səhərə qədər gözləyin: Azərbaycanda təcili vəziyyətlərdə ev heyvanlarına yardım edəcək kimsə yoxdur
Azərbaycanda sizin ev heyvanınız axşam vaxtı xəstələnsə və ya gözlənilmədən yıxılıb ayağını qırsa, veterinar tapa bilməyəcəksiz. Ən yaxşı halda səhərə qədər gözləməli olacaqsız. Təbii əgər qəza şənbə günü baş verməyibsə.
Azərbaycanda ev heyvanları o qədər də çox deyil, küçələrdə yerli sakinlərin kütləvi şəkildə itlərini gəzdirdiyini görməzsiz. Amma onların lap az olduğunu demək də olmaz. Hər halda bütün böyük marketlərdə it və pişik yeməkləri satılır, zoo-mağazalar da Bakıda nadir tapıntı deyil.
Bütün bunlarla yanaşı veterinar klinikalarının sayı çox azdır. Təcili veterinar yardımı isə ümumiyyətlə yoxdur. Başqa sözlə, əgər sizin ev heyvanınız axşam vaxtı xəstələnsə, səhərə qədər gözləməli olacaqsız. Bədbəxt hadisə şənbə günü baş vermiş olsa, ev heyvanına ən yaxşı halda bazar ertəsi tibbi yardım göstərilməsi mümkün olacaq.
Bakı sakini Samirə JAMnews-a pişiyinin başına gələn bədbəxt hadisəni danışıb:
“Axşam idi, evə gələndə pişiyim evdə deyildi. Binamızın birinci mərtəbəsindəki mağazanın damında tapdım. Persik [Samirənin pişiyinin adıdır – JAMnews] balkondan yıxılmışdı.
Şəbəkədən nömrələrini tapdığım iki-üç veterinara zəng vurdum. Heç biri gəlmədi, müxtəlif səbəblər gətirdilər. Sadəcə telefonda bəzi məsləhətlər verdilər. Səhəri gün saat 10-a qədər veterinar klinikalara zəng elədim. Yaxınlıqdakı klinikalar hələ də açıq olmadığı üçün pişiyi şəhərin mərkəzindəki klinikaya aparmalı oldum.
Xoşbəxtlikdən Persik sağ qaldı. Daxili qanaxması, qarnında açıq yara vardı, omba sümüyü bir neçə yerdən qırılmışdı. Üstəlik də 12 yaşı vardı, dözməyə də bilərdi.
Persik əməliyyat olundu, tez toparladı, indi heç bir problemi yoxdur”.
Veterinar Həsən Musayevin sözlərinə görə, onların da klinikası səhər saat 10-dan axşam 18-ə qədər işləyir. Bazar günü istirahət edirlər. Axşamlar Messenger, WhatsApp vasitəsilə məsləhət verə bilirlər. Gecə klinikanın telefonlarına cavab verəcək heç kim yoxdur.

“Problem ondadır ki, Bakıda veterinarlar çox azdır. Daha ölkənin regionlarını demirəm, müəyyən rayonlarda bircə nəfər də mütəxəssis tapmaq mümkün deyil.
Biz evlərə gedirik. Bəli, ev heyvanlarına təcili yardım problemi mövcuddur. Amma elə adamlar da var ki, özlərini veterinar adlandırır, evlərə gedirlər və maksimum edə bildikləri sahibindən pul almaqdır, heyvana isə real heç bir kömək edə bilmirlər”, – Musayev JAMnews-a müsahibəsində bildirib.
Problem çözülməz kimi görünür, Azərbaycandakı ev heyvanları sahiblərinə isə axşam saatlarında sevdikləri canlara heç nə olmaması üçün dua etmək qalır.