Ukraynanın Təhlükəsizlik Xidməti may ayında Kiyevdə baş tutacaq “Eurovision-2017” müsabiqəsində iştirak etmək üçün seçilmiş rusiyalı ifaçı Yuliya Samoylovanın üç il ərzində Ukraynaya girişinin qadağan edilməsi barədə qərar qəbul edib.
Qərarın qəbul edilməsinə səbəb o oldu ki, Samoylova bir neçə dəfə Rusiya tərəfindən ilhaq edilmiş Krıma qanunsuz səfər edib, orada konsertlərlə çıxış edib, bununla da Krımı müvəqqəti işğal edilmiş ərazi hesab edən Ukraynanın qanununu pozub.
Yuliya Samoylova ayaqdan əlildir, bir neçə il əvvəl Alla Puqaçovanın “Фабрика звезд” televiziya layihəsində iştirak edəndən sonra tanınıb. Onun “Eurovision”da iştirakını müsabiqənin rəsmi tərəfdaşı olan Rusiyanın Birinci kanalı təsdiq edib.
Xatırladaq ki, “Eurovision-2017” Kiyevdə keçiriləcək, çünki ötən ilki müsabiqənin qalibi 1944-cü ildə Krım tatarlarının Krımdan deportasiyası mövzusuna həsr edilmiş “1944” adlı mahnını ifa edən ukraynalı müğənni Camala oldu.