Ermənistanın iqtidar partiyasının prezidentliyə namizədi məlum olub
Ermənistan hakimiyyəti ölkənin dördüncü prezidenti postuna Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarqsyanın namizədliyini irəli sürəcək.
Sovet illərində (1984-1985 və 1989-1991-ci illərdə) Armen Sarqsyan Kembric Universitetində, London Universitetinin Riyaziyyat İnstitutunda tədqiqatçı və müəllim kimi çalışıb. 1996-cı ildə o, Ermənistanın beşinci baş naziri olub, amma bu vəzifədə cəmi dörd ay qalıb.
Marta təyin olunmuş prezident seçkiləri əvvəlkilərdən aşağıdakı aspektlərə görə fərqlənəcək:
- Ermənistanda konstitusiya dəyişikliyi nəticəsində idarə sistemi parlament üsul-idarəsi ilə dəyişib. Bu da o deməkdir ki, dövlətin başında prezident yox, baş nazir dayanacaq. Prezident vəzifəsi rəmzi, nümayəndə xarakterli olacaq
- Prezidenti ölkə vətəndaşları yox, parlament seçəcək
- Prezident yeddi illik seçiləcək və bir seçim müddətindən artıq bu vəzifəni tuta bilməyəcək
- Prezident seçkiləri iki turda keçirilə bilər
- Prezident bitərəf olmalıdır.
Armen Sarqsyanın namizədliyini səlahiyyət müddəti apreldə bitən hazırkı prezident Serj Sarqsyan təklif edib.
Serj Sarqsyan Armen Sarqsyanla bu gün Ermənistan prezidentinin iqamətgahında görüşüb. Serj Sarqsyan Armen Sarqsyana razılıq və dəstəklərini almaq üçün dörd parlament qüvvəsi ilə görüşməyi təklif edib.
“Biz istəyərdik ki, bu seçkilər bir turda baş tutsun və martın əvvəlində artıq Ermənistanın dördüncü prezidenti bəlli olsun”, – Serj Sarqsyan deyib.
Hazırkı prezident qeyd edib ki, onun fikrincə, ölkənin dördüncü prezidenti uğurlu və parlaq şəxsiyyətə sahib, siyasi səriştəli, amma siyasətdən uzaq, müxtəlif siyasi qüvvələr arasında dialoq təşkil etmək qabiliyyətinə malik olmalı və əhalinin müxtəlif təbəqələri arasında gərginliyi azalda bilməlidir.
Armen Sarqsyan qərar qəbul etmək üçün bir qədər zaman istəyib və qeyd edib ki, Milli Məclisdə təmsil olunan partiyalarla, elm xadimləri və ziyalılarla, ictimai təşkilat və biznes çevrəsinin nümayəndələri ilə görüşmək istəyir.
“Əgər bütün bu görüşlərdən sonra bu qərarı qəbul etsəm, o zaman Ermənistan prezidentinin vəzifələrini ləyaqətlə yerinə yetirməyə, Sizin və partiyadaşlarınızın mənə göstərdiyi etimadı doğrultmağa çalışacağam”, – Armen Sarqsyan deyib.
Ekspertlər düşünürlər ki, Armen Sarqsyan böyük ehtimalla namizəd olmağa razılaşacaq və bu qərar ictimai bəyanatdan çox əvvəl qəbul olunub, üstəlik Ermənistanın dördüncü prezidentinin adı mahiyyət etibarilə artıq bəllidir. Axı onun namizədliyini böyük əksəriyyətinin Serj Sarqsyanın rəhbərlik etdiyi partiyanın deputatlarından ibarət olan parlament təsdiqləyəcək.
Daha əvvəl JAMnews gələcək prezidentin namizədliyi ilə bağlı ölkədə yaranan vəziyyət haqda daha ətraflı yazıb.
https://jam-news.net/?p=80904&lang=az-AZ