Ermənistanın dördüncü prezidenti vəzifə başına keçib. Amma ölkəni o idarə etməyəcək
Armen Sarqsyan bu gün prezident vəzifəsinin başına keçib. Dördüncü prezident ədalətli olmağa, yalnız dövlət və milli maraqları rəhbər tutmağa, bütün dünyadakı ermənilərin birləşməsi üçün əlindən gələn hər şeyi etməyə söz verib. O, Ermənistan Konstitusiyası və Müqəddəs Məryəm İncili üzərində and içərək, çıxışını “Tanrı amanında” sözləri ilə bitirib.
Sarqsyanın prezident kürsüsünə namizədliyini səlahiyyət müddəti bu gün, xələfi vəzifə başına keçdiyi andan etibarən bitən hazırkı prezident Serj Sarqsyan irəli sürüb.
Dördüncü prezident sələfləri kimi geniş səlahiyyətlərə sahib olmayacaq. Konstitusiya dəyişiklikləri nəticəsində Ermənistan parlament idarə üsuluna keçib. Bu, o deməkdir ki, ölkə başçısı prezident yox, baş nazir olacaq.
Pezident vəzifəsi bundan sonra rəmzi, təmsili xarakter daşıyacaq. Armen Sarqsyanı artıq xalq deyil, Milli Məclis deputatları seçib. İndən belə növbəti prezidentlərin də seçim proseduru bu cür olacaq. Prezidentin səlahiyyət müddəti 7 ildir.
Bəzi müxalifətçilər qeyd edirlər ki, Ermənistanda super-baş nazirlik sistemi yaradılır və bu şəraitdə prezident heç nə həll etməyəcək. Onların fikrincə, ölkə lideri vəzifəsinə, yəni baş nazir kürsüsünə iki müddət prezident olmuş və artıq prezidentliyə namizədliyini verə bilməyən Serj Sarqsyanın namizədliyi irəli sürüləcək.
Müxalif deputat Nikolay Paşinyan öz tərəfdarları ilə birlikdə son günlərdə küçələrə çıxıb, Serj Sarqsyanın baş nazir vəzifəsinə təyin edilməsinə etiraz etməyə və onun üçüncü müddətə ölkəni idarə etməsinə imkan verməməyə çağıırışlar edib.
Müəyyən edilmiş qaydalara əsasən, Armen Sarqsyanın səlahiyyətləri qüvvəyə minəndən sonra elə bu gün hökumət istefaya gedib. İki həftə ərzində parlament çoxluğu hökumət başçısı vəzifəsinə öz namizədini irəli sürəcək və baş naziri parlament deputatları seçəcək.
Hökumətin mətbuat xidməti artıq Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi və bu andan etibarən baş nazir səlahiyyətlərini həyata keçirən Karen Karapetyanın bəyanatını təqdim edib. Dünən Karapetyan ERP rəhbəri Serj Sarqsyanla görüşüb, onunla gələcək baş nazir və dövlətin birinci şəxsi kürsüsünə namizəd məsələsini də müzakirə edib:
“Hazırkı idarəetmə konfiqurasiyasında əldə olunmuş uğurları nəzərə alaraq, biz koalisiya tərəfdaşlarımıza hazırkı idarəetmə konfiqurasiyasını bu mərhələdə saxlamağı, yəni birinci şəxs qismində Serj Sarqsyanın namizədliyini irəli sürməyi təklif etmək qərarına gəldik. Çünki yeni idarəetmə sisteminə tədricən, səmərəli keçmək və riskləri minimuma endirmək həddən artıq vacibdir”.