Müxalifətin Ermənistanın baş nazirinə ultimatumu – 8 dekabr günortaya qədər istefaya getməlidir
Yerevanda baş nazir Nikol Paşinyanın və hazırkı hökumətin istefası tələbi ilə müxalifətin izdihamlı mitinqi baş tutub.
Müxalifətçilər ultimatum irəli sürüblər: baş nazir Nikol Paşinyan 8 dekabr günortaya qədər istefaya getməlidir. Əgər şərtə əməl olunmasa, müxalifət bütün ölkədə iitaətsizlik aksiyaları keçirmək niyyətindədir.
Ermənistanın baş naziri vəzifəsinə müxalifətin namizədi Vazgen Manukyan Azadlıq Meydanında izdihamlı mitinq zamanı çıxış edib və müvəqqəti hökumətin hansı məsələləri həll etmək niyyətində olduğunu elan edib. O bildirib ki, əgər hazırkı baş nazir Nikol Paşinyan könüllü şəkildə getməsə, onu bunu etməyə məcbur edəcəklər.
Mitinqdən sonra minlərlə etirazçı “Nikolsuz Ermənistan” və “Nikol – xain” şüarlarını səsləndirərək Nikol Paşinyanın iqamətgahına doğru yürüş edib.
Ermənistanın baş naziri Qarabağda hərbi əməliyyatların dayandırılması haqda üçtərəfli bəyanatı imzalayandan dərhal sonra 17 müxalif partiya Yerevanda etiiraz aksiyaları keççirir.
- Ermənistanda baş nazir vəzifəsinə müxalifətdən iki namizəd, Paşinyan isə istefaya getməyə hazırlaşmır
- Ermənistanın baş naziri və eks-prezidenti bir-birini “diplomatik fiaskoda” günahlandırıblar
Müxalifətin ultimatumu
“Bizim bir tələbimiz var – Nikol getməlidir. Biz iki məsələni müzakirə edə bilərik – Nikolun getməsinin tarixi və saatını və xalqımızın onun fiziki məhvinə getməyəcəyinə dair söz verə bilərik”, – EİF “Daşnaksütyun” partiyasının Ali orqanının nümayəndəsi İşxan Saqatelyan deyib.
Bu bəyanat Nikol Paşinyanın yaşadığı hökumət malikanəsi qarşısında səsləndirilib – “ona yaxın olmaq üçün, xalqın səsini eşitsin deyə”. Saqatelyanın sözlərinə görə, beləliklə Paşinyan anlayacaq ki, onun istefası xalqın tələbir:
“Çərşənbə axşamına qədər getməsə, biz özümüz onu kənarlaşdıracağıq və nöqtə”.
Baş nazir vəzifəsinə yeni namizəd nə təklif edir?
“Paşinyan anlamalıdır ki, bu sivil şəkildə getmək şansıdır. Əgər hərəkat uduzsa, o zaman qəzəbli xalq onu parçalayacaq. O, istənilən halda gedəcək”, – müxalifətin müvəqqəti hökumətin başçısı vəzifəsinə namizədi Vazgen Manukyan çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ölkəni müharibədə məğlubiyyətə, ərazi və insan itkilərinə gətirib çıxarıb. Namukyanın sözlərinə görə, Ermənistanın mövcud olmasının özü təhlükə altındadır, çünki indi azərbaycanlılar qərar verir sərhədlərin haradan keçəcəyinə və Ermənistan hakimiyyəti müqavimət göstərmir.
“Biz heç vaxt bu bəyanatla razılaşmayacağıq [Qarabağ üzrə üçtərəfli bəyanatı nəzərdə tutur – JAMnews], amma o, indi de-fakto qüvvədədir. Biz ondan imtina edə bilmərik, çünki bu, Türkiyə və Azərbaycanla müharibənin yenidən başlaması demək olar, həmçinin Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarına qarşı addım kimi dəyərləndirilə bilər.
Biz indi bunu edəcək vəziyyətdə deyilik, amma bəyanat pinti hazırlanıb, orada çox sayda boşluq var, yeni hökumət bütün nüansları bizə sərf edən yöndə dəqiqləşdirməlidir”.
Vazgen Manukyan müvəqqəti hökumətin həll edəcəyi məsələlər haqda danıışıb:
- Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini bərpa etmək,
- itkin düşmüş şəxslərin axtarışı,
- yaralıların müalicəsi,
- həlak olan hərbçilərin ailələrinə və Dağlıq Qarabağdan məcburi köçkünlərə sosial təminatların təqdim olunması ilə məşğul olmaq.
Manukyanın fikrincə, ən mühüm məsələlərdən biri ordunun döyüş qabiliyyətinin bərpa edilməsidir.
Bu kontekstdə o, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının vacib olduğunu vurğulayıb. Ermənistan və Rusiyanın regiondakı maraqları üst-üstə düşür – baş nazirliyə namizəd hesab edir – Rusiya və Türkiyənin maraqları haqda isə eyni şeyi demək olmaz:
“Dünya Türkiyənin həyasızlığını bağışlamayacaq və əgər Türkiyəyə qarşı ittifaq formalaşsa, biz orada olacağıq”.
“Baş nazir kreslosunda siyasi meyit oturub”
Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, müxalif “Vətən” partiyasının lideri Artur Vanetsyan mitinq zamanı bildirib:
“Hazırkı məqamda baş nazir kreslosunda siyasi meyit oturub, hansı ki, mahiyyət etibarilə feykdir”.
Paşinyanın hakimiyyətdə olduğu hər gün ölkəni investisiyalardan, vətəndaşları isə yaxşı yaşamaq imkanından, təhlükəsizlik təminatından məhrum edir – Vanetsyan deyib.
Keçmiş MTX sədri bildirib ki, Paşinyanın Qarabağ münaqişəsinin həlli məsələsində noyabrın 9-da heç bir alternativin olmadığı haqda bəyanatını qəbuledilməz hesab edir:
“Biz elə hökumət quracağıq ki, alternativ çıxış yollarını təmin etsin, Ermənistanın dünyadakı reytinqini yüksəltsin”.
Vanetsyanın sözlərinə görə, yeni hökumət dövlətin daxili immunitetini bərpa etmək niyyətindədir. O və birləşmiş müxalifət partiyalarının digər liderləri məğlubiyyətin səbəblərindən biri kimi Ermənistan-Rusiya münasibətlrəinin biabırçı vəziyyətdə olmasını göstərirlər.
Baş nazirin istefasını başqa kim tələb edir?
Nikol Paşinyanın istefaya getməli olduğu haqda Ermənistanın prezidenti Armen Sarqsyan da dəfələrlə bildirib. Milli Elmlər Akademiyası da eyni bəyanatla çıxış edib.
Mitinqdən az əvvəl Ermənistanın sərhədyanı Sünik vilayətinin yeddi icma rəhbərinin baş nazir Nikol Paşinyanın və hazırkı hökumətin istefası tələbi ilə çıxış etdiyi haqda məlumat yayılıb:
“Düşmən Sünikin qapısına yaxınlaşıb. Hazırkı məqamda bizim əsas vəzifəmiz Süniki müdafiə etmək, əhalinin təhlükəsizliyini təmin etməkdir. Hər dəqiqə dəyərlidir və dönüşü olmayan nəticələrə gətirib çıxara bilər”.
Bəyanatda deyilir ki, Ermənistanın cənub regionu Sünik üçün taleyüklü günlərdə çox sayda suallar hökumət tətəfindən cavabsız qalır. Əsasən söhbət Azərbaycanla sərhədlə bağlı mübahisəli məsələlərdən gedir. İcma rəhbərlərinin bildirdiyinə görə, bunlar hakimiyyətlər tərəfindən həll edilmir və yaşayış məntəqələrinin təhlükəsizliyinin təminatı hazırda yalnız onların özləridir.
Sənədin müəllifləri bildirirlər ki, yaranmış vəziyyətdə hazırkı hakimiyyətlə təhdid edən fəlakəti neytrallaşdırmağın mümkünsüzlüyünə hər gün daha çox əmin olurlar, buna görə də baş nazir və hökumətin istefasını tələb edirlər.