Ermənistanın baş naziri ölkənin turist qəbuluna hazırlığını şəxsən yoxlayıb
Ermənistanın baş naziri Gümri şəhərinə yeni elektrik qatarında yollanıb və nəqliyyat vasitəsinin ilk sərnişini olub. Nikol Paşinyan ümid edir ki, bu nəqliyyat növü turizmin inkişafına təkan verəcək və eyni zamanda daha təhlükəsiz və ekoloji təmiz hərəkəti təmin edəcək. Amma səfərin əsas sualı aşağıdakı olub: ölkənin nəqliyyat infrastrukturu turistləri layiqincə qəbul etmək üçün nə dərəcədə hazırdır?
• Gümri: Ermənistanın turizm xəritəsində yeni təklif
• Ermənistanın ikinci şəhərindəki Rustaveli küçəsindən video və fotolar
• Ermənistanda Gümridəki Rusiya hərbi bazasının çıxarılmasını tələb edirlər
Marşrutla şəxsən tanışlıq
Baş naziri Yerevandan Gümriyə səfər zamanı nəqliyyat logistikasına görə məsul şəxslər – nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Akop Arşakyan və ərazi idarəçiliyi naziri Suren Papikyan müşayiət edib.
Hər şeydən əvvəl Paşinyan Yerevanın “Sasuntsi David” dəmiryolu vağzalında kassaların işindən tutmuş ən xırda detallara qədər vəziyyətlə maraqlanıb.
Gümriyə səfəri zamanı baş nazir maşinist kabinkasından vaqonlara və sanitar qovşaqlara qədər yeni elektrik qatarının bütün şəraiti ilə tanış olub, bütün texniki imkanları ilə maraqlanıb. O, qatarda ikən Facebook sosial şəbəkəsindən canlı yayım vasitəsilə bütün ölkə sakinləri ilə öz təəssüratlarını bölüşüb. Baş nazir bütün yolu seyr edib və belə qərara gəlib ki, turistlər üçün bu mənzərə maraqlı ola bilər, amma hər tərəfdə olan zibil bu təəssüratı korlayır.
“Mən ilk dəfə Ermənistanı dəmiryolu vasitəsilə gəzirəm. Gümriyə gedən yol kifayət qədər maraqlıdır və əyləncəlidir, Ermənistanı tamam yeni rakursdan görmək imkanı verir”, – Paşinyan öz təəssüratlarını ifadə edib.
Yeni elektrik qatarı haqda
Yeni elektrik qatarı Yerevan – Gümri daimi reyslərinin həyata keçirilməsi üçün Rusiyanın “Transmaşholdinq” şirkətindən alınıb.
Qatar Yerevandan Gümriyə 2 saat 10 dəqiqəyə çatır. Bu, adi qatardan daha sürətlidir. Biletin qiyməti 2500 dramdır (təxminən 5 dollar). Hakimiyyət ümid edir ki, yeni elektrik qatarı Gümriyə və ölkənin şimal bölgəsinin digər şəhər və kəndlərinə daha çox turist cəlb edəcək.
Gümridə başqa nələr olub?
Gümri vağzalında baş naziri ona sual vermək, problemlərinin həlli üçün yardım xahiş etmək və sadəcə onunla şəkil çəkdirmək istəyən çox sayda insan qarşılayıb.
Gümrinin özündə hökumət nümayəndələri şəhər avtovağzalına baş çəkiblər. Burada yerli hakimiyyətlə avtovağzalın fəaliyyəti, nəzərdə tutulan əsaslı təmir və vağzalı müasir nəqliyyat qovşağına çevirmək imkanları müzakirə olunub.
Hökumət nümayəndələrinin ziyarət etdikləri növbəti məntəqə yerli “Şirak” aeroportu olub. Burada onlara cari sərmayə proqramları təqdim olunub. Məsələn, aeroportda infrastrukturun və texniki təchizatın yaxşılaşdırılması üzrə proqramın həyata keçirilməsinə başlanılıb. Bunun sayəsində ötən il ərzində “Şirak” aeroportu 200 mindən çox sərnişin qəbul edib. Bu il isə yeni sərmayə proqramları sayəsində yeni uçuş zalı inşa edilib.
Baş nazir şəhəri turistlər üçün maksimum cəlbedici etməkdən ötrü “Şirak” aeroportunun, o cümlədən də bütün Gümrinin infrastrukturunun yaxşılaşdırılması işlərini davam etdirməyi tapşırıb.
Gümriyə səfəri zamanı Nikol Paşinyan 102 saylı Rusiya hərbi bazasına da baş çəkib. Amma səfərin bu hissəsi jurnalistlər üçün qapalı olub.