Ermənistanın baş naziri: 3,2 milyard dollarlıq sərmayə proqramı təsdiqlənib
Paylaşmaq
Paylaşmaq
Ermənistanın baş naziri Karen Karapetyan bildirib ki, hazırda 3,2 milyard dollarlıq sərmayə proqramı təsdiqlənib. Onların konkret maliyyə mənbələri var, nəticələr nəzərdə tutulub və bu layihələr çərçivəsində iş yerləri yaradılacaq. “Bu vəsaitin 830-850 milyon dollarını 2017-ci ildə investisiya etmək planlaşdırılıb. Hazırda hökumət daha 5,3 milyard dollarlıq proqramı nəzərdən keçirir. Bunlar biznes kimi işləyə biləcək, əlavə dəyər və iş yerləri yaradacaq düşünülmüş layihələrdir”, – baş nazir qeyd edib.
Karapetyan bu haqda Eçmiadzində danışıb. Ermənistanda qarşıdan gələn parlament seçkiləri öncəsi kampaniya start götürüb və baş nazir Eçmiadzin seçiciləri ilə görüşüb. O qeyd edib ki, xüsusən Armavir rayonunda [Eçmiadzin bu rayonda yerləşir] 85 milyon dollarlıq sərmayə proqramı planlaşdırılıb. Bu layihələr sayəsində 3500 iş yeri açılacaq. Eyni zamanda daha 65 milyon dollar həcmində uzunmüddətli investisiya nəzərdə tutan sərmayə proqramı ilə bağlı danışıqlar gedir.
Karapetyan qeyd edib ki, 2017-ci il diaqnostika, dövlət idarəçiliyi sistemində islahatlar və stabilləşmə ili olacaq.
“Əgər biz bütün bunları eləsək və biz bunu mütləq edəcəyik, o zaman 2018-ci ildən bizim kifayət qədər aydın, davamlı, mütəmadi və stabil yüksəlişimiz olacaq. Bu o demək deyil ki, 2017-ci ildə biz qarşımıza yüksəliş məqsədi qoymuruq, amma biz realist olmalıyıq. Və bu realist yanaşma 2017-ci il büdcəsinin əsasını təşkil edir”, – Karapetyan izah edib.