Ermənistanda yenidən himnin dəyişdirilməsi müzakirə olunur
Ermənistan Milli Məclisinin sədr müavini Alen Simonyan himnin dəyişdirilməsi təşəbbüsünü irəli sürüb. Bu məsələ ölkədə ilk dəfə deyil ki, müzakirəyə çıxarılır. Yenidən Ermənistan sakinləri qızğın diskussiyaya qoşulublar.
Himni niyə dəyişmək lazımdır?
Spiker müavini öz təşəbbüsünü hazırkı himnin, onun fikrincə, ölkə sakinlərinin çoxunun xoşuna gəlmədiyi ilə izah edir.
“Bu gün olmasa da, gələcəkdə himn dəyişdirilməlidir”, – Alen Simonyan bildirir.
• Kanadanın himni gender baxımdan neytral olacaq
• Abxaziya himninin müəllifi pedofiliyada şübhəli bilinərək həbs edilib
Ermənistanın hazırkı himni
Ermənistanın hazırkı himni “Bizim vətənimiz” 1991-ci ildə təsdiqlənib. Himnin sözləri Mikael Nalbandyanın “italyan qızın nəğməsi” şeirinə əsaslanır. Musiqi isə Barseq Kanaçyana aiddir.
Konstitusiya dəyişikliklərindən sonra yeni himn müsabiqəsi
Himnin dəyişdirilməsi məsələsi 2005-ci ildə də müzakirə olunub. O zaman Ermənistanda konstitusiya dəyişiklikləri üzrə referendum keçirilib. Ölkənin ali qanunina dəyişikliklər qəbul ediləndən sonra konstitusiyaya əsasən, Milli Məclis bir il müddətində Ermənistan Respublikasının himnini qanunla təsdiq etməlidir. Bununla əlaqədar olaraq, müsabiqə elan edilib və müsabiqəyə 85 müraciət daxil olub.
İkinci seçim turuna beş variant keçib. Bunlar bəstəkar Tiqran Mansuryan və şair Yeqişe Çarentsin, bəstəkar Robert Amirxanyan və şair Lüdviq Duryanın, bəstəkar Yervanda Yerznkyan və Ararat B. təxəllüslü şairin, bəstəkar Edqard Hovannisyan və şair Vahaq Davtyanın müraciətləri olub. Həmçinin Ermənistanın sovet dövrünə aid musiqisi Aram Xaçaturyan, sözləri Armen Soqomonyana məxsus köhnə himninin geri qaytarılması da müzakirə edilənlər sırasında olub.
Nəticədə “Bizim vətənimiz” – 1991-ci ildə müstəqillik elan olunandan sonra qəbul edilən İkinci Respublikanın himni qalib gəlib.
Şarl Aznavurun təklif etdiyi himn
2017-ci ildə himnin dəyişdirilməsi məsələsi yenidən müzakirə olunub. O zaman bu təkliflə dünyaca məşhur şansonye Şarl Aznavur çıxış edib. O, himn qismində özünün “Sənin üçün, Ermənistan” mahnısını təklif edib.
Avznavur Pour toi Arménie mahnısının sözlərinin müəllifidir. Musiqisi isə Jorj Karvarentsə aiddir. Mahnı Ermənistanda 1988-ci il dekabrın 7-də baş verən dağıdıcı zəlzələdən bir neçə gün sonra zərərçəkənlərə kömək məqsədilə yazılıb. İlk dəfə bu mahnı 1988-ci il dekabrın 20-də 87 məşhur fransız müğənnisi tərəfindən Fransa televiziyasının efirində səslənib.
Şansonyenin təklifi ona qarşı mövcud olan böyük sevgiyə rəğmən Ermənistanda mənfi reaksiya doğurub və qəbul edilməyib.
Aram Xaçaturyanın himni
2018-ci ildə himn məsələsi bir daha gündəmə gəlib. Yenidən Sovet Ermənistanının bəstəkarı Aram Xaçaturyan olan himninin geri qaytarılması təklif olunub. Bu dəfə təşəbbüskar rolunda Aram Xaçaturyanın ev muzeyi çıxış edib. Amma o zaman Ermənistan sakinləri himnin dəyişdirilməsi haqda petisiyanı dəstəkləməyib.
Odur ki, vitse-spikerin təşəbbüsünün xalq tərəfindən dəstəklənəcəyi ehtimalı yüksək deyil.
Sosial şəbəkələrdə necə reaksiya göstəriblər?
Alen Simonyanın təşəbbüsü sosial şəbəkələrdə də qızğın müzakirələrə səbəb olub. Çoxları bildirib ki, himn Ermənistanın heç də ən önəmli problemi deyil.
Facebook şəbəkəsində yer alan bəzi şərhləri təqdim edirik:
“Daha uğurlu özünütəsdiq yolları var. Himni dəyişməkdənsə, işlə məşğul olun. Əvvəlcə buna haqq qazanmaq lazımdır”.
“Bu, müzakirəlik məsələ deyil. Camaatın diqqətini əsas problemlərdən yayındırmaq gərəksizdiz”.
“Gəlin sorğu keçirək və insanların əhvalını öyrənək. Himni belə asanlıqla dəyişmək olmaz”.