Ermənistanda siyasi qüvvələrin media resursları: kim kimdəndir
Ermənistanda seçki ərəfəsində media
2021-ci il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Seçkidə dörd blok və 21 partiya iştirak edir.
Ermənistanda növbədənkənar seçkilərin ikinci Qarabağ müharibəsindən sonra ölkədə yaranan siyasi böhranı həll edəcəyi gözlənilir. Ermənistan tərəfinin məğlubiyyətindən dərhal sonramüxalifət baş nazirin istefasını tələb edib. Amma Nikol Paşinyan bildirib ki, bütün ölkə sakinlərinin iradəsi ilə seçilib və sadəcə müxalifət tərəfdarlarının tələbi ilə getmək niyyətində deyil. Nəticədə o, parlamentdə təmsil olunan müxalifətlə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı razılığa gəlib və aprelin 25-də istefasını elan edib – parlamentin buraxılması prosedurunu başlatmaq üçün.
Ekspertlərin proqnozlarına görə, parlamentə aşağıdakı siyasi qüvvələrin keçəcəyi ehtimalı yüksəkdir:
- Vətəndaş Sazişi Partiyası
- “Ermənistan” bloku
- “Şərəfim var” bloku
- Çiçəklənən Ermənistan Partiyası
- Maariflənmiş Ermənistan Partiyası
- Ermənistan Milli Konqres Partiyası.
Parlamentdəki yerlərə iddialı bu əsas altı qüvvənin media resurslarını təqdim edirik.
Vətəndaş Sazişi
Baş nazir əvəzi Nikol Paşinyanın əsasını qoyduğu “Haykakan jamanak” gündəlik qəzeti və Armtimes.com saytı onun ailəsinə məxsusdur və hər iki resusrsu eyni redaksiya idarə edir. Xəbər saytının baş redaktoru hələ də Paşinyanın xanımı Anna Hakopyandır.
Bu siyasi qüvvənin media resurslarına həmçinin 2020-ci ildə yaradılan və 2021-ci ildə artıq Yerevanda yayım lisenziyası almış “Free news” teleşirkəti də daxildir. Bu teleşirkətin və saytın direktoru Milli Məclisin vitse-spikeri və Vətəndaş Sazişi Partiyasının üzvü Alen Simonyanın həyat yoldaşıdır.
2018-ci ilə qədər Alen Simonyan “Ararat” jurnalının və araratnews.am saytının baş redaktoru idi. Bu saytda Nikol Paşinyanın seçkiqabağı kampaniyası fəal işıqlandırır.
“Armenpress” dövlət informasiya agentliyi və Ermənistanın İctimai Televiziyası da hazırkı hakimiyyətlə assosiasiya olunur. Bu iki media dövlət büdcəsindən maliyyələşdirilir və həmişə həmişə hakimiyyətlə əlaqələndirilib.
“Ermənistan” bloku
Bu siyasi blok seçkilərdə iştirak məqsədilə yaradılıb. Burada Ermənistanın ikinci prezidenti Robert Koçaryan və iki partya – “Daşnaksütun EİF” və “Dirçələn Ermənistan” birləşib.
Hüquqi ünvanı kimi “Şark” MMC göstərilən “5-ci kanal” teleşirkəti blokun seçkiqabağı siyahısına öndərlik edən Robert Koçaryanın adı ilə bağlıdır.
2018-ci ildən teleşirkətin sahibi Robert Koçaryanın fəal tərəfdarlarından biri Armen Tavadyandır. Mediada vaxtaşırı “5-ci kanal”ın əsl sahibinin Robert Koçaryan olduğu haqda məlumatlar yayılır. Telekanalda yayımlanan verilişlərin, o cümlədən də Koçaryanın gəlini, müğənni Siruşonun “Armat” müəllif layihəsinin məzmunu bu şübhələri təsdiqləyir.
“5-ci kanal” həmçinin tez-tez Koçaryan haqda sənədli filmlər nümayiş etdirir, onun işi üzrə məhkəmə proseslərini fəal işıqlandırır və indi də ardıcıl olaraq onun seçkiqabağı kampaniyasını təqdim edir.
2008-ci il 1 mart hadisələri zamanı nümayişin dağıdılmasının 10 nəfərin ölümü ilə nəticələnməsi ilə əlaqədar olaraq Robert Koçaryana qarşı konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülmüşdü. 2021-ci ilin aprelində məhkəmə bu maddə ilə əlaqədar ona qarşı cinayət işinin dayandırılması haqda qərar qəbul edib.
“Media plus”MMC-nin “Yerevan Today” xəbər saytı da Koçaryanla assosiasiya olunur. Baş redaktor Sevam Hakopyan bunun əksini iddia etsə də, saytın məzmunu bu xəbərləri təsdiqləyir. Sayt “Ermənistan” bloku, xüsusən də Koçaryanın çıxışları və seçkiqabağı kampaniyası haqda məlumatlarla doludur.
“İctimai diplomatiya” qeyri-hökumət təşkilatı Sünik vilayətinin keçmiş başçısı, eyni blokun üzvü, Vahe Hakopyanın həyat yoldaşı Elizabet Petrosyan və İctimai Radionun keçmiş direktor müavini Like Tumanyana məxsusdur. Təşkilatın layihələrindən biri RARA TV onlayn teleşirkətidir .
Bu teleşirkətin Facebook səhifəsində “Ermənistan” blokunun bütün görüşləri və səfərləri fəal işıqlandırılır.
“Yerkir Media” teleşirkəti “Usaber” QSM tərəfindən yaradılıb və açıq şəkildə “Daşnaksütun” partiyasını dəstəkləyir. Bu telekanalın ən populyar siyasi şərhçisi “Dağnaksütun” AİF-in üzvü, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun siyahısında 13-cü namizəd Qeqan Manukyandır.
Telekanal və eyni adlı sayt tamamən “Daşnaksütun” partiyasının da daxil olduğu “Ermənistan” blokunun seçkiqabağı kampaniyasının təbliğinə həsr olunub.
“Şərəfim var” bloku
Bu siyasi blok Ermənistanın Respublika Partiyası və Vətən Partiyasının birləşməsindən yaranıb. ERP-nın lideri digər (üçüncü) eks-prezident – Serj Sarqsyandır. Amma blokun baş nazir postuna vahid namizədi Vətən Partiyasının sədri, keçmiş MTX rəhbəri Artur Vanetsyandır.
Bu siyasi ittifaqın da media resursları az deyil.
2019-cu ildən “ArmNews” teleşirkətinin aksiyaları altıncı çağırış Milli Məclisin ERP fraksiyasının keçmiş deputatları Karen Bekaryan, Ara Saqatelyan, Samvel Farmanyan və Miqran Hakopyan tərəfindən yaradılan “Karyak Media” şirkətinə aiddir.
Tert.am və Blognews xəbər saytları da onlara məxsusdur.
Ermənistanda ən çox izləyicisi olan News.am saytı, o cümlədən də 168․am, Hayeli.am, Analitik.am saytları və bir sıra digər xəbər resursları da bu bloku dəstəkləyir.
“Ermənistan” teleşirkətinin aksiyalarının 100 faizi Rusiyanın “Comedy Club Production” şirkətinin əsasını qoyan Artur Canibekyanın ailəsinə məxsusdur. Artur Canibekyan Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın kürkəni Mikael Minasyanın yaxın dostudur.
“Şərəfim var” blokunun 6 nömrəli namizədi Taqui Tovmasyan müharibədən sonra, 2020-ci il noyabrın 16-da “Mənim addımım” iqtidar fraksiyasından çıxdığını bildirib. Tovmasyan “Johovurd qəzetinin redaksiyası” MMC xəbər holdinqinin təsisçisi və rəhbəridir. Parlamentə seçilənə qədər “Johovurd” qəzetinin və ArmLur.am onlayn resursunun baş redaktoru olub.
Çiçəklənən Ermənistan
Bu partiya kifayət qədər böyük maliyyə vəsaitlərinə sahibdir də bəzi xəbər saytları ilə əməkdaşlıq edir.
“Kentron” telekanalı Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyanın sahib olduğu ən böyük media resursudur.
Telekanal açıq şəkildə Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyanı dəstəkləyir və onun ruporu hesab edilir. Teleşirkətdə jurnalistlər qismində Çiçəklənən Ermənistan Partiyasının keçmiş üzvü Naira Zohrabyan və hazırda Çiçəklənən Ermənistan Partiyasını parlamentdə təmsil edən İveta Tonoyan çalışırdı. Teleşirkətin saytında “Xüsusi verilişlər” bölməsi Qaqik Sarukyan və Çiçəklənən Ermənistan Partiyasına həsr olunub.
Maariflənmiş Ermənistan
Müxalif Maariflənmiş Ermənistan Partiyasının media resursu – teleşirkəti, xəbər saytı və ya qəzeti yoxdur. Patyiya öz fəaliyyətini fəal şəkildə sosial şəbəkələrdə , xüsusən də Facebook-un Ermənistan seqmentində təbliğ edir. Partiya üzvləri başqa media orqanlarına müsahibə verir, debatlarda və müzakirələrdə iştirak edirlər.
Maariflənmiş Ermənistan Partiyasının lideri Edmon Marukyan bildirib ki, onlar Ermənistanda media resursu olmayan yeganə parlament qüvvəsidirlər. Amma “Faktların yoxlanılması platformasının” müəyyən etdiyinə görə, Ermənistanın tarixində media resurslarına sahib olmayan başqa siyasi qüvvələr də olub.
Ermənistan Milli Konqresi
Partiyaya Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan rəhbərlik edir. Bu partiyanın bu gün əvvəlki, hakimiyyətdə olduğu zamandakı resursları artıq yoxdur. Son illərdə ilur.am saytı və “Çorord işhanutyun” (dördüncü hakimiyyət) qəzeti eyni adlı 4rd.am xəbər resursu ilə birlikdə partiyanın ruporu hesab olunur.
Levon Ter-Petrosyanın müəllif məqalələrinin eksklüziv yayım hüququ məhz sadalanan bu platformalara məxsusdur.
Epiloq qismində bunları əlavə etmək olar: Ermənistanda media seçkiqabağı dövrdə əksərən iki qütbdə – müxalif və hökumətyönlü – cəmləşib. Hakimiyyət uğrunda seçkiqabağı mübarizəyə qoşulan bütün müxalif qüvvələr bir ideya ətrafında birləşib: Nikol Paşinyan və onun partiyasının yenidən seçilməsinə imkan verməmək.