Ermənistanda sifarişçiləri ifşa edəcəyini bildirmiş ömürlük həbsə məhkum terrorçu vəfat edib
1999-cu il oktyabrın 27-də parlament binasında baş vermiş terror aktında iştirak etdiyinə görə, ömürlük həbsə məhkum olunan Eduard Qriqoryan vəfat edib. Həmin gün Eduard Qriqoryan Nairi Unanyanın rəhbərlik etdiyi silahlı şəxslərdən ibarət qrupun tərkibində Milli Məclis binasına daxil olub. Atışma nəticəsində 8 nəfər, o cümlədən də Ermənistanın baş naziri, parlament spikeri və onun müavini, deputatlar həlak olub.
Ötən il Eduard Qriqoryan 27 oktyabr işi üzrə “cəmiyyətdən israrla gizlədilənləri” açıqlayacağını bildirmişdi.
Noyabrın 3-də cəzaçəkmə müəssisəsindən mətbuata bildiriblər ki, gecə saatlarında Eduard Qriqoryanın ürək nahiyəsində kəskin ağrı başlayıb. Təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, o, orada dünyasını dəyişib.
Amma Eduard Qriqoryanın atası Qaregin Qriqoryan iddia edir ki, onun oğlunu öldürüblər.
“Məhkumlar bizimlə əlaqə saxlayıb dedilər ki, dünən gecə Eduardın iki dəfə kəskin ürəktutması olub. Onu səhər, tutması təkrarlanan zaman xəstəxanaya çatdırıblar. Xəstəxanaya çatdırıblar və o keçinib. Bütün bunları digər məhkumlardan öyrənmişəm.
Bu o deməkdir ki, onu öldürüblər. Əgər əvvəldən aparsaydılar xəstəxanaya, onu xilas etmək mümkün olardı. İstənilən halda bu, onların laqeyd münasibətinin nəticəsidir. Təcili yardım həkimi bildirib ki, xəstəxanaya aparmaq lazımdır, amma ona cavab veriblər ki, həbsxana rəisi icazə vermir”, – Qaregin Qriqoryan bildirib.
O qeyd edib ki, meyitin müayinəsindən sonra səbəblər aydın olacaq və oğlunun işemik ürək xəstəliyindən əziyyət çəkdiyini əlavə edib, onun fikrincə, bu səbəbdən oğlu infarkt keçirib.
2013-cü ildə Eduard Qriqoryan ürəyindən əməliyyat olunub. Əməliyyat üçün lazım olan vəsaiti Ermənistanın sabiq baş naziri, İctimai Şuranın başçısı Vazgen Manukyan ödəyib.
Eduard Qriqoryandan əvvəl terror aktında iştirak edən və 27 oktyabr işi üzrə şahid olan daha 8 nəfər həyatını itirib. Ermənistan mediası oktyabrın 4-də şübhəli şəraitdə dünyasını dəyişən şəxslərin siyahısını təqdim edib.
2000-ci ildə şübhəli şəxs qismində cəlb edilmiş ixtisasca elektrik olan Norayr Yeqizaryan cəza müəssisəsində öz kamerasında rəsmi məlumata görə, elektrik cərəyanının vurması nəticəsində ölmüşdü. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən 220 Voltluq cərəyan Yeqizaryanın ölümünə səbəb olub. Bununla belə mətbuatda dərc olunan məlumatlara görə, Norayr Yeqizaryanın başında zərbə izləri aşkarlanıb, amma rəsmi mənbələr bunu təsdiqləməyib.
Bir müddət sonra 2004-cü ildə 27 oktyabr terror aktının ömürlük həbsə məhkum edilmiş digər iştirakçısı Vram Qalstyan öz kamerasında rəsmi məlumata görə, intihar edib. Məhkəmə araşdırması zamanı Vram Qalstyan vaxtaşırı olaraq insanların həqiqətləri bilməməsi üçün onun bədəninə psixotrop maddələr yeridildiyini və hər yolla intihara sövq edildiyini bildirmişdi.
2010-cu ilin mayında eyni cəza müəssisəsində 27 oktyabr hadisəsi ilə əlaqədar 14 il müddətinə azadlıqdan məhrum edilmiş Hamlet Stepanyan da ölüb. Onun cəza müddətinin bitməsinə artıq iki qalmışdı. İlkin ekspertiza rəyinə əsasən 57 yaşlı Hamlet Stepanyanın ölümünə ürəktutması səbəb olub. Onun müdafiəçiləri isə bildirirdilər ki, Stepanyanın daha əvvəl ürəklə bağlı heç bir problem olmayıb.
Nairi Unanyanı yaxından tanıyan, 27 oktyabr işinə şahid qismində cəlb olunan jurnalist, İctimai Televiziya Şurasının sədri Tiqran Naqdalyan 2002-ci ildə Yerevanda valideynlərinin evindən çıxarkən qətlə yetirilib.
2004-cü ildə Aparan-Yerevan trasında MM deputatı Muşeq Movsisyan qəzaya düşüb. Vaxtilə o, 27 oktyabr işi üzrə saxlanılıb, bir müddət sonra isə azad edilib. Qəzadan sonra dəfələrlə əməliyyat olunsa da Movsisyan özünə gəlmədən keçinib.
Yenə də 2004-cü ildə işdə şahid qismində dindirilmiş MM-in tibb bacısı Roza Ohanesyan ABŞ-da qəza nəticəsində həlak olub. Terror aktı günü o, parlamentdə olub.
2004-cü ildə Milli Məclisin binasında protokol şöbəsinin əməkdaşı, 45 yaşlı Asmik Abramyan özünü asaraq intihar edib. Onun adı da bu iş üzrə şahidlərin siyahısında olub.
2014-cü ildə əsas şahidlərdən biri ABŞ-da dünyasını dəyişib. Müxbir, Ermənistanın Milli Televiziyasının şərhçisi, Nairi Unanyanın yaxın dostu Tiqran Nazaryan terror aktı baş verən gün Milli Məclisin zalına girib, 2 saata yaxın silahlı qruplaşmanın başçısı ilə danışıq aparmışdı.