Ermənistanda seçicilərin ələ alınması: “Güclü Ermənistan” partiyası rüşvətləri maaş və xeyriyyə kimi rəsmiləşdirib
“Güclü Ermənistan” partiyası seçiciləri ələ alıb
Ermənistanın Armavir vilayətində seçicilərin ələ alınması sxemi aşkar edilib. Bildirilir ki, bu sxemə rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası tərəfindən yaradılıb. Faktla bağlı cinayət işi araşdırılır, 5 nəfər saxlanılıb.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, “Güclü Ermənistan”a səs vermələri təklif olunan seçicilərin ələ alınması maaş və ya xeyriyyə kimi rəsmiləşdirilib.
Komitə bu faktları təsdiqləyən audioyazılar yayıb. Lakin “Güclü Ermənistan”ın nümayəndələri ittihamları inkar edir.
Seçkiqabağı rüşvətin verilməsi, alınması, eləcə də bu prosesdə vasitəçilik Ermənistanda cinayət hesab olunur. Qanun pozuntusuna yol verənləri cinayətin hallarından asılı olaraq müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzası gözləyir. Maksimal cəza 8 il azadlıqdan məhrumetmədir.
“Güclü Ermənistan” partiyasından baş nazirliyə namizəd dollar milyarderi Samvel Karapetyandır. O, hazırda hakimiyyətin ələ keçirilməsinə çağırışlarda ittiham olunaraq ev dustaqlığı altındadır. O, yalnız Ermənistan deyil, həm də Rusiya və Kipr vətəndaşı olduğu üçün baş nazir postuna iddia edə bilməz. Ermənistan Konstitusiyası ikili vətəndaşlığı olan şəxslərin bu vəzifəni tutmasını qadağan edir.
- “Müxalifət seçkilərdən sonra koalisiya yaradaraq hakimiyyətə gəlmək istəyir” – Ermənistan parlamentinin vitse-spikeri
- Paşinyan: “Biz RF-yə qarşı hərəkət etməyəcəyik, lakin hər zaman Ermənistanın maraqları naminə hərəkət edəcəyik”
- Rəy: Samvel Karapetyanın “Güclü Ermənistan” partiyası Rusiya Federasiyasının maraqlarını təmsil edəcək
“Böyük ailəsi və geniş tanışlıq dairəsi olan şəxslər” cəlb edilirdi
Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatına görə, bir qrup şəxs əvvəlcədən razılaşma əsasında Armavir vilayətinin sakinlərinə rüşvət paylayıb. Bildirilir ki, məqsəd “onların 7 iyun 2026-cı il seçkilərində iştirakını və göstərilən partiyaya səs verməsini təmin etmək” olub.
Həmçinin məlumdur ki, onlar Metsamor icmasında “Öz üsulumuzla” adlı QHT-nin ofisini açıblar. 2025–2026-cı illərdə bu təşkilatda Armavir vilayətinin sakinləri rəsmi şəkildə işçi kimi qeydiyyata alınıb. Onlara “Güclü Ermənistan” partiyasına səs verəcək şəxsləri cəlb etmək tapşırılıb:
“Müəyyən edilib ki, seçkiqabağı rüşvət mərhələli şəkildə təqdim olunub və maaş kimi rəsmiləşdirilib. Bununla seçicilərə rüşvət verilməsi faktını gizlətməyə və cinayətin ifşa olunması ehtimalını minimuma endirməyə çalışıblar”.
QHT-nin adı – “Öz üsulumuzla” – Samvel Karapetyanın tərəfdarlarının onun 2025-ci ilin iyununda həbsindən sonra yaratdığı hərəkatın adını təkrarlayır. Bu ifadəni Karapetyanın özü hakimiyyətlə kilsə arasında gərginləşən münasibətlərdən danışarkən işlədib. O demişdi: “Əgər Ermənistanın siyasi qüvvələri bu vəziyyətin öhdəsindən gələ bilməsə, biz kilsəyə qarşı kampaniyaya öz üslumuzla müdaxilə etməli olacağıq”. Karapetyanın bu ifadəsi hakimiyyətin ələ keçirilməsinə çağırış kimi qiymətləndirilib və o həbs olunub.

QHT-də işə böyük ailəsi və geniş tanışlıq dairəsi olan şəxslər qəbul edilirdi.
Bundan əlavə, 2026-cı ilin fevral-mart aylarında bu qrupa daxil olan şəxslər “Güclü Ermənistan” partiyası adından vilayət sakinlərinə tibbi xərclər üçün müxtəlif məbləğlərdə pul veriblər. Bu vəsaitlər “xeyriyyə” kimi rəsmiləşdirilib.
Lakin Ermənistanda seçkiqabağı dövrdə xeyriyyə adı altında yardım göstərilməsi qanunla qadağandır.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsi bu cür cinayətlərə cəlb olunmamaq üçün vətəndaşları ayıq-sayıq olmağa çağırır.
“Güclü Ermənistan” partiyasının cavabı: “Bu, siyasi təqibdir”
“Güclü Ermənistan” partiyası seçicilərin ələ alınması ilə bağlı ittihamları rədd edir. “Bu, siyasi təqibdir”, -deyə partiya nümayəndələri bildirir.
“‘Güclü Ermənistan’ partiyası Ermənistanda aparıcı müxalif qüvvədir. O, cəmiyyətin əhəmiyyətli hissəsini səfərbər edir və onun qeyd-şərtsiz dəstəyindən yararlanır, bu isə hakimiyyəti narahat edir”, – bəyanatda qeyd olunur.
Partiya üzvlərinin fikrincə, “seçki prosesində yeganə açıq-aşkar qanunsuz addım” onların lideri Samvel Karapetyanın “rüsvayçı və qanunsuz həbsi”dir.
Onlar bildirirlər ki, “Güclü Ermənistan” fəaliyyətini Konstitusiya və ölkə qanunvericiliyi çərçivəsində həyata keçirir:
“Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən çəkilmiş uğursuz film və montaj olunmuş yazı yaxşı tanınan üslubdur”.
Partiyanın bəyanatında deyilir: “Mövcud hakimiyyət insanları hətta bir cümləyə görə belə təqib edir”, təqsirsizlik prezumpsiyası isə “unudulmuş dəyər”ə çevrilib.
Azadlığın məhdudlaşdırılmasından həbs cəzasınadək
Ermənistan qanunvericiliyinə görə, seçkiqabağı rüşvət seçiciyə və ya referendum iştirakçısına onun seçiminə təsir etmək məqsədilə pul, əmlak, xidmət və ya hər hansı digər üstünlüklərin təklif edilməsi, vəd olunması və ya verilməsi kimi qiymətləndirilə bilər.
Cinayət Məcəlləsinin 219-cu maddəsinə əsasən, seçiciyə şəxsən və ya vasitəçi ilə rüşvət vəd edilməsi və ya verilməsi 3 ildən 6 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır:
“Eyni əməl əvvəlcədən razılaşmış bir qrup şəxs tərəfindən törədildikdə 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Bu təklifləri və ya vədləri qəbul edən şəxsləri isə aşağıdakı cəzalar gözləyir:
- 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması,
- 1 aydan 2 ayadək qısamüddətli həbs,
- 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə,
- 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə (əməl qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədildikdə).
Seçicilərin ələ alınmasında vasitəçilik üçün də cəza nəzərdə tutulur:
- qanunu pozan şəxsin on aylıqdan otuz aylığadək gəliri həcmində cərimə,
- 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması,
- 1 aydan 2 ayadək qısamüddətli həbs,
- 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə.
“Vəzifə səlahiyyətlərindən və ya təsir imkanlarından istifadə etməklə” törədilən vasitəçilik hallarında isə 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Şərh
“Independent Observer” missiyasının koordinatoru Daniel İoannisyan bildirir ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin məlumatı açıqlanmadan əvvəl də onlarda rüşvət halları barədə informasiya olub. Missiyaya məlum idi ki, “bəzi partiyalar rüşvəti gizlətmək üçün insanları həmin partiya ilə əlaqəli təşkilatlarda rəsmi işçi kimi qeydiyyata alır”.
İoannisyan mümkün nəticələr barədə xəbərdarlıq edərək Ermənistan sakinlərinə müraciət edib:
“Alınan rüşvət sizə baha başa gələcək. Əgər bunu anlamırsınızsa, qeyd edim ki, seçkiqabağı rüşvət almağa görə sizi 7 ilədək həbs cəzası gözləyə bilər”.
O vurğulayıb ki, pul almaq üçün hansısa təşkilatda formal qeydiyyat “sizi xilas etməyəcək”. Həmçinin bildirib ki, “seçkilərdə rüşvət hallarını aşkar etmək üçün hüquq-mühafizə orqanları məhkəmənin gizli qərarı ilə telefon danışıqlarını dinləyə və mənzillərdə daxili baxış keçirə bilər”.
“Güclü Ermənistan” partiyası seçiciləri ələ alıb