Ermənistanda ordudan yayınanlar dövlət büdcəsinə 5 milyon dollara yaxın pul ödəyiblər
2019-cu ildə Ermənistanın Baş Prokurorluğuna cinayət işinə xitam verilməsi xahişi ilə 955 nəfər ordudan yayınan şəxs müraciət edib. Onlardan 279 nəfəri yalnız dekabrda müraciə edənlərdir. Bu haqda Müdafiə Nazirliyindən “Hetq” internet nəşrinə bildirilib.
Bu, 2019-cu il dekabrın 31-də Ermənistanda ölkədən gedən və orduda xidmət etməyən Ermənistan vətəndaşlarına cərimə ödəyərək cinayət məsuliyyətindən qurtulmaq imkanı verən qanunun təsir müddətinin bitməsi ilə əlaqədardır. Buna görə də, ölkəyə qayıtmaq istəyən və cərimə ödəmək imkanı olan hər kəs son fürsəti əldən vermədən bu problemi həll etmək qərarına gəlib.
Nəticədə dövlət büdcəsinə 2 milyard 290 milyon 720 min dram [4,8 milyon dollar yaxın] vəsait daxil olub. Bütün bu məbləğ ordunun ehtiyaclarına yönləndirilib.
• Ermənistanın müdafiə naziri Rusiya bazası və 2016-cı il “aprel müharibəsi” haqda
• Qarabağda “aprel müharibəsindən” üç il ötür. Bu, nəyi dəyişdi? Bakı və Yerevandan olan ekspertlər
Hansı dəyişikliklər baş verib?
“Müəyyən olunmuş qaydanı pozaraq hərbi xidmət keçməyən vətəndaşlar haqda” qanun 2003-cü ildə qəbul olunub.
İlkin müddəti 2009-cu il martın 1-ə qədər müəyyən olunub. Amma parlament hökumətin təklifi ilə bu müddəti dəfələrlə uzadıb.
Ordudan yayınan hər bir şəxsin ödədiyi cərimə yetkinlik yaşına çatandan ölkədən kənarda keçirdiyi illər üzrə hesablanır. Bununla əlaqədar olaraq çoxları 27 yaşı tamam olandan və çağırışçı müddəti bitəndən sonra vətənə qayıdır.
2019-cu ilin mayında sonuncu dəfə qanunun müddəti uzadılan zaman müəyyən edilən cərimə məbləği 1,8 milyon dram [4 min dollara yaxın] təşkil edir.
İndi orduda xidmət etməyən və axtarışa verilən hər kəs sərhədi keçib vətənə ayaq basdıqları an cinayət məsuliyyətinə cəlb olunacaq.
Qanunun müddətini niyə uzaqmaq istəməyiblər?
Cinayət məsuliyyətindən xilas olmaq imkanı verən qanunun təsirinin uzadılmaması təklifini dekabrın 112-də müdafiə naziri irəli sürüb.
David Tonoyanın sözlərinə görə, təcrübə qanunun təsirinin uzadılmasının hərbi xidmətdətdən yayınmanı stimullaşdırdığını göstərir. Hələ 18 yaşı tamam olmayan bir çox gənclər qayıdan zaman cərimə ödəyib cinayət məsuliyyətindən qurtulacaqlarını bildikləri üçün rahatlıqla ölkədən gedirlər.
Üstəlik hərbi xidmətdən yayınmaq istəyənlər üçün bu “qurtuluş yolu” nazirin fikrincə, vətən qarşısında borcunu artıq ödəmiş və hərbi xidmətini keçmiş vətəndaşlara qarşı ədalətsizlikdir.
David Tonoyan vurğulayıb ki, bu qanunun təsiri altına düşən üç min hərbi mükəlləfiyyətlinin hamısı dekabrın 31-ə qədər bu imkandan yararlana bilər. Amma nazirin çağırışına hər kəs əməl etməyib.
Müqayisə üçün 2016-2017-ci illərdə ölkəyə 625 nəfər qayıdıb. Onların xidmətdən yayındıqları üçün ödədikləri cərimə ümumilikdə 795 milyon dram [1,7 milyon dollara yaxın] təşkil edib.