Ermənistan dördüncü prezidentini seçib: yeganə namizədin seçilməsi qızğın müzakirələrlə müşayiət olunub
Ermənistanın dördüncü prezidenti kürsüsünə Armen Sarqsyan seçilib. O, Ermənistanın hökumət koalisiyası tərəfindən irəli sürülən yeganə prezidentliyə namizəd idi.
Armen Sarqsyanın namizədliyi Milli Məclisin əksər səsləri ilə təsdiqlənib: 100 deputatdan 90-ı onu dəstəkləyib, 10 nəfər isə əleyhinə səs verib.
Hökumət koalisiyasından başqa iki müxalif fraksiyadan biri – “Sarukyan” blokunun deputatları da Armen Sarqsyanın lehinə səs veriblər.
“Seçildiyim təqdirdə mən həqiqətən də təsəvvürünüzdə olan prezident olmaq üçün əlimdən gələni edəcəyəm, öz kiçik təcrübəmdən istifadə edərək, böyük dövlətimizə – çünki mənim üçün bu kiçik vətən böyük dövlətdir – onun çiçəklənməsi və uğur qazanması üçün səy və sədaqətlə, vicdanla xidmət edəcəyəm”, – Armen Sarqsyan vəd etmişdi.
Prezident seçilənə qədər Sarqsyan Ermənistanın Böyük Britaniyadakı səfiri vəzifəsində çalışıb.
Sovet illərində (1984-1985 və 1989-1991) Armen Sarqsyan tədqiqat işi ilə məşğul olub, Kembric Universitetində, London Universitetinin Riyaziyyat İnstitutunda dərs deyib. 1996-cı ildə o, Ermənistanın beşinci baş naziri olub, amma bu vəzifədə cəmi dörd ay qalıb.
Niyə dördüncü prezidenti parlament seçib?
Hələ prezident seçkilərindən əvvəl ekspert çevrələrində Ermənistanın dördüncü prezidentinin kimlər tərəfindən və hansı qaydada seçilməli olduğu ətrafında mübahisələr gedirdi.
Vəkil Vahe Qriqoryan bəyan edib ki, prezidenti Milli Məclisin seçməsi mövcud Konstitusiyaya ziddir.
“Ermənistanda Konstitusiya dəyişikliyi olub. Yeni Konstitusiyaya görə, prezidenti, bəli, Milli Məclis seçməlidir, amma bu müddəa yalnız növbəti prezident seçiləndən sonra qüvvəyə minir, buna qədər əvvəlki Konstitusiya keçərlidir, buna əsasən isə prezidenti xalq seçir”, – Vahe Qriqoryan bildirib.
Amma hakimiyyət bunun əksini deyirdi və nəticədə seçkilər parlament səsverməsi formatında keçirildi.
Armen Sarqsyan harada yaşayırdı?
Daha əvvəl hakim partiyanın məhz Armen Sarqqsyanı hansı meyarlara uyğun seçdiyi açıqlanmışdı. Gələcək prezidentin xarakteristikaları arasında onun dil bilikləri, həm Ermənistan, həm də diaspora çevrələrində geniş əlaqələrinin olması, qərəzsizliyi, nüfuzu, bitərəfliyi və sair sadalanırdı.
Amma Konstitusiyada yer alan meyarlar da var. Məsələn, Konstitusiyanın 124-cü maddəsinin 2-ci hissəsinə əsasən, son altı ildə yalnız Ermənistan vətəndaşı olan şəxs Ermənistan prezidenti seçilə bilər.
Ermənistan mediasının məlumatına görə, Armen Sarqsyanın ikili vətəndaşlığı olub: o eyni zamanda həm Ermənistanın, həm də Böyük Britaniyanın vətəndaşı idi. Armen Sarqsyanın adı Böyük Britaniyanın Ağ səhifələrində eyd olunub: 2003-2012-ci illərə aid seçicilərin dövlət registrindəki qeydlər buna şahidlik edir.
Armen Sarqsyanın Ermənistan prezidenti namizədliyinə haqqı olsun deyə o, ən azı 2012-ci ilin 2 martına qədər Britaniya vətəndaşlığından imtina etməli idi.
Armen Sarqsyanın ikili vətəndaşlığının olduğunu istisna etməyərək, hakimiyyət bildirirdi ki, son altı ildə o, Ermənistan vətəndaşı olub, onun yaşayış yeri isə prezidentliyə namizədliyi irəli sürülərkən əhəmiyyət kəsb etmir.
Ermənistanın dördüncü prezidentinin seçilməsi əvvəlki seçkilərdən bir neçə vacib amilə görə fərqlənirdi:
- Konstitusiyaya edilən dəyişikliklər nəticəsində Ermənistan yeni parlament idarə sisteminə keçib. Bu o deməkdir ki, indən belə dövlətin başçısı prezident yox, baş nazir olacaq;
- Prezident kürsüsü indən belə rəmzi, təmsili olacaq;
- Prezidenti artıq vətəndaşlar yox, Milli Məclisin deputatları seçir;
- Prezident bu vəzifəni 7 illik tutur və yalnız bir dəfə bu vəzifəyə seçilə bilər;
- Prezident seçkiləri iki turda keçirilə bilər;
- Prezident bitərəf olmalıdır.