İtaətsizlik hərəkatına başçılıq edən və dünən məxməri inqilabın başladığını elan edən Nikol Paşinyan səhərdən böyük nümayişçilər kolonnası ilə Yerevanın mərkəzinə doğru hərəkət edir.
Polis səhərdən küçələri bağlamağa cəhd edən hərəkat iştirakçılarını saxlamağa başlayıb. Dünən axşam baş tutan çoxsaylı mitinq zamanı o, bildirib ki, onlar küçələri bağlamağa və hərəkəti iflic vəziyyətinə salmağa davam edəcəklər. Bu gün, səhər 10:00-dan da nümayişçilər bunu etməyə çalışır.
Polis bildirir ki, hansısa küçələrin avtomobil hərəkətini açmalıdır, bununla bağlı olaraq da onlara mane olan vətəndaşlar saxlanılır.
Paşinyan artıq polisləri yola gətirib, onun başçılığı ilə böyük kolonnanın dinc yürüşünün davam etdirilməsinə icazə almağa nail olub.
Baş nazirin iqamətgahının qarşısında polis kordonu bu gün yoxdur, burada ancaq bir neçə polis əməkdaşı var. İkinci dərəcəli küçələrdə daha çox polis var.
Hərəkat lideri əlində ruporla aksiya iştirakçılarına mütəmadi olaraq xatırladır:
“Polislərə hörmətlə yanaşın, heç bir zorakılıq olmasın. Bizim mübarizəmiz dünəndən baş nazir olan Serj Sarqsyana qarşı yönəlib. Biz polislərlə mübarizə aparmırıq”.
Paşinyan vaxtaşırı olaraq həm də etiraz iştirakçılarını gigiyenik maskaları çıxarmağa çağırır, çünki qorxmağa səbəb yoxdur – aksiya dincdir və polis onlara qarşı xüsusi vasitələrdən istifadə etməyəcək.
Jurnalistlər isə bildirir ki, polislərin əlində əleyhqaz var ki, bu da xüsusi vasitələrin istifadəsinin istisna edilmədiyindən xəbər verir.
Vəziyyət istənilən an gərginləşə bilər. JAMnews hadisələrin gedişatını izləməyə davam edir.
İtaətsizlik hərəkatının başlaması və son günlərin hadisələri barədə bütün detallar JAMnews-un materiallarında: