Ermənistanda hakimiyyət və kilsə arasındakı qarşıdurma güclənir: Paşinyanın proqramı
Paşinyanın katolikosu devirmə planı
Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin taxtdan kənarlaşdırılması ilə bağlı proqramını sosial şəbəkələrdə yayıb. O, katolikos vəzifəsini icra edəcək müvəqqəti bir şəxsin təyin olunmasını, yeni kilsə nizamnaməsinin qəbul edilməsini və yeni patriarx seçkilərinin keçirilməsini təklif edir.
Paşinyan uzun müddətdir ki, ölkənin yeni bir dini liderə ehtiyac duyduğunu bildirir. O, əsas səbəb kimi II Qareginin subaylıq andını pozduğunu və uşağının olduğunu qeyd edir. Bununla belə, baş nazir vurğulayır ki, onun mübarizəsi kilsəyə qarşı deyil. Bütün addımlarının “kilsənin, dövlətin və cəmiyyətin yenilənməsi” zərurətindən irəli gəldiyini bildirir. Paşinyan bu gündəliyi, ilk növbədə, inanclı bir insan və Erməni Apostol Kilsəsinin davamçısı kimi, daha sonra isə baş nazir olaraq həyata keçirdiyini deyir.
“Ola bilməz ki, bizim vəzifəmiz Ktriç Nersisyanı [katolikosun dünyəvi adı] başqa bir subaylıq andını pozmuş keşişlə əvəzləməkdən ibarət olsun. Çünki bu, mənəvi yenilənmə gündəliyi deyil, siyasi fırıldaqçılıq olacaq”, – deyə o yazıb.
Siyasi şərhçi Robert Gevondyan isə qeyd edir ki, hakim komanda ilə ali dini rəhbərlik arasında qarşıdurma təkcə səngiməyib, əksinə, daha da dərinləşir. Katolikosun vəzifədən uzaqlaşdırılması tələbi artıq şəxsi qarşıdurma çərçivəsindən çıxaraq “siyasi qarşıdurmanın episentrinə” çevrilib. Gevondyan hadisələrin necə inkişaf edə biləcəyi və bunun hansı nəticəyə gətirib çıxara biləcəyi ilə bağlı ehtimallarını bölüşüb.
“Köhnə simalarla yeni qüvvə”: rusiyalı biznesmen Ermənistanda partiya yaradır
Ermənistan xüsusi xidmət orqanları dövlət çevrilişinin qarşısını alıb: sübutlar dərc olunub
«Düşmənin səsini söndürün»: Ermənistanda Rusiya televiziya kanallarının bağlanması tələb olunur
Paşinyan müvəqqəti olaraq “evli və dürüst bir keşişin” təyin olunmasını təklif edir
Baş nazirin fikrincə, müvəqqəti təyin olunmuş keşiş katolikos taxtına iddia edə bilməz. Bundan əlavə, yeni patriarxın seçkiləri keçirilməzdən əvvəl kilsənin nizamnaməsi yenilənməlidir. Üstəlik, bu nizamnamə müasir erməni dilində tərtib olunmalıdır ki, hər kəs qanun toplusunun tələblərini başa düşə bilsin:
“Nizamnamə təsdiqləndikdən sonra bütün ermənilərin Katolikosunun seçkiləri keçirilməlidir. Seçki prosesində isə bütün namizədlərin mənəvi keyfiyyətləri yoxlanılmalıdır.”
Namizədlərin mənəvi keyfiyyətlərinin necə yoxlanılacağı barədə Paşinyan ətraflı məlumat verməyib. Sadəcə olaraq qeyd edib ki, həm namizədlərin dürüstlüyünün yoxlanılması, həm də seçki prosedurları yeni nizamnamədə təsbit olunmalıdır:
“Bu nizamnaməni isə Milli Kilsə Məclisi və ya ona bərabər bir qurum qəbul etməlidir.”
Milli Kilsə Məclisi kilsənin ali idarəetmə orqanıdır. Məclisi bütün ermənilərin Katolikosu çağırır.
Kompromatla şantaj, yoxsa katolikos üçün “mesaj”? Paşinyanın sosial şəbəkə paylaşımları haqqında
Din xadiminin gündəliyi və Ermənistanda çevriliş cəhdi: İstintaq Komitəsi rəhbərindən təfərrüatlar
“Yenilənmə gündəliyi heç bir halda teokratiya demək deyil”
Paşinyan “Müqəddəsə Müqəddəslik” hərəkatına özü rəhbərlik edəcəyini təsdiqləyib. Xatırladıb ki, hələ əvvəlcədən bu hərəkatın liderinin hansı meyarlara cavab verməli olduğunu açıqlamışdı. O, bu meyarlara uyğun olduğunu deyib: “Çünki mən xaç suyuna salınmışam, hər gün dua edirəm, İsa Məsihə inanıram, İncili əvvəldən axıra qədər oxumuşam.”
“Yenilənmə gündəliyi heç bir halda teokratiya anlamına gəlmir. O, heç bir vətəndaşın hüquq və azadlıqlarını məhdudlaşdırmayacaq və məhdudlaşdıra da bilməz. Amma onun köməyi ilə cəmiyyət dövlət, kilsə və siyasi liderlərdən həm şəxsi, həm də ictimai həyatda tam hesabat tələb etmək hüququna malik olduğunu açıq şəkildə ifadə etməlidir. Kim bunda əmin deyilsə, nə dini, nə də siyasi liderliyə iddia etməsin”, – deyə baş nazir bildirib.
Müvəqqəti katolikosun hansı hallarda təyin olunması nəzərdə tutulur
Mövcud kilsə nizamnaməsinə əsasən, evli bir keşiş katolikosun yerinə müvəqqəti təyin oluna bilməz. Bundan əlavə, müvəqqəti təyinat yalnız aşağıdakı hallarda mümkündür:
- Katolikos vəzifədən imtina etdikdə,
- vəfat etdikdə.
Qeyd olunmalıdır ki, Paşinyanın planını açıqlamasından əvvəl ruhani şəxslər artıq katolikosa dəstək ifadə etmişdilər.
“Biz bu çətin dövrdə bütün ermənilərin Katolikosu II Qareginə övladımız kimi dəstəyimizi bildiririk ki, o, xeyirxah və cəsarətli bir pastor kimi, Allahın verdiyi müdriklik, səbir və ayıq ruhla Müqəddəs Erməni Apostol Kilsəsini və imanlı xalqımızı sülh və təhlükəsiz limanlara doğru aparsın”, – deyə bəyanatda deyilir.
“Moskva Ermənistanda ‘İvanişvili 2.0’ əməliyyatını həyata keçirməyə çalışır” – erməni analitik
“Eçmiadzində böyük ruhani toplantı”: gün və saat hələ bəlli deyil
Bir neçə gün əvvəl baş nazir Paşinyan vətəndaşları “Eçmiadzinin mərkəzi meydanında böyük ruhani toplantıya” hazırlaşmağa çağırmışdı. Beləliklə, Paşinyanın planlaşdırdığı tədbirin keçiriləcəyi yer məlumdur, amma tarix hələ açıqlanmayıb. Güman olunur ki, tədbir Rəbbin Transfiqurasiyası bayramına təsadüf edən bazar günü keçirilə bilər.
Paşinyana aksiyanı ləğv etməyi təklif edənlər arasında keçmiş prezident Levon Ter-Petrosyan da var. O, baş naziri mümkün toqquşma və qan tökülməsinə görə məsuliyyət daşıyacağı barədə xəbərdar edib.
Ruhanilər isə öz növbəsində ölkənin aidiyyəti orqanlarını “Paşinyanın elan etdiyi kilsəyə müdaxilə cəhdinin qarşısını almağa”, xalqı isə “hakimiyyətin təxribatlarına uymamağa” çağırıblar:
“Müqəddəs Eçmiadzin bu hücum və zorakılıq cəhdini pisləyir. Bu, Erməni Kilsəsinin həyatına və onun özünüidarəsinə açıq müdaxilədir. Hakim siyasi qüvvəni anti-kilsə yönümlü, qeyri-qanuni kampaniyaya son qoymağa və ölkənin qarşısında duran ciddi problemlərin həllinə yönəlməyə çağırırıq.”
Politoloq Robert Gevondyanın şərhi
“Aydındır ki, tərəflər qarşılıqlı qəbuledilən bir həll yolunun mümkünlüyü həddini keçiblər. İndi hər iki tərəfdən birinin qələbəsi digərinin məğlubiyyəti demək olacaq.
Hakimiyyətin mövqeyi daha güclüdür, çünki onların legitimliyi var və qanunla təmin olunmuş güc resurslarına sahibdirlər. Bu səbəbdən, katolikosun vəzifədən uzaqlaşdırılması və kilsədə yeni seçkilərin keçirilməsi, baş nazirin 2026-cı il parlament seçkilərinədək vəzifədən uzaqlaşdırılmasından daha real görünür.
Lakin katolikosun uzaqlaşdırılması müxtəlif ssenarilər üzrə baş verə bilər. Onların hər biri az və ya çox problemli nəticələrə gətirib çıxara bilər.
Erməni Apostol Kilsəsinin tarixində fəaliyyət göstərən katolikosların vəzifədən uzaqlaşdırılması halları olub.
Məsələn, 968-ci ildə rəsmi təyin olunmuş katolikos Vaan I Syuni bir il sonra, 969-cu ildə devrilmişdi. Onun yerinə katolikos Stefanos III Sevanetsi təyin edilmişdi. Bir neçə onillik sonra, 992-ci ildə təyin olunan katolikos Sarkis I Sevanetsi 1019-cu ildə taxtdan könüllü imtina edib öz varisi katolikos Petros I Getadartsı təyin etmişdi. 1418-ci ildə Sis şəhərində yerləşən Baş Taxtın rəhbəri katolikos Qriqor VIII Xndzoqat devrilmiş, onun yerinə Poqos II Qarneçi seçilmişdi. 1439-cu ildə eyni Sis şəhərində katolikos təyin olunmuş Qriqor IX Musabeqyants 1441-ci ildə Vaqarşapat şəhərinə gəlməkdən və taxta çıxmaqdan imtina etmişdi. Nəticədə, bütün ermənilərin katolikosu Kirakos I Virapetsi olmuşdu. Lakin o da 1443-cü ildə devrilmiş, onun yerinə Qriqor X Calalbeqyants katolikos seçilmişdi.
Göründüyü kimi, Erməni Apostol Kilsəsi tarixində yeni katolikosun əvvəlki katolikosun həyatda olduğu müddətdə vəzifəyə gəlməsi halları olub.
Buna əsaslanaraq, hazırkı ziddiyyətlərin həlli yollarından biri katolikosun taxtdan könüllü imtinası və ya ruhani rəhbərlik tərəfindən vəzifədən uzaqlaşdırılması ola bilər. Belə bir inkişaf variantı ən yaxşı həll yolu sayılır. Amma bunun baş verməsi üçün ali ruhani rəhbərliyin, o cümlədən II Qareginin Ermənistan dövlətçiliyinin təməl prinsiplərinin vacibliyini dərk etməsi lazımdır.
Ən pis ssenari isə katolikosun qanunsuz əməllər törətdiyinə dair əsaslı şübhələr olduqda, hakimiyyətin güc tətbiq etməsidir. Bu halda, cəmiyyətdə yaranacaq parçalanma proqnozlaşdırıla bilməyən nəticələrə səbəb ola bilər.
Digər ssenari isə Ermənistan xalqının kilsənin davamçısı olaraq açıq şəkildə II Qareginin rəhbərliyi ilə razı olmadığını ifadə etməsidir. Bu, Eçmiadzində geniş mitinq şəklində özünü göstərə bilər.
Lakin bu aksiyanın problemin həlli baxımından səmərəsiz olması da mümkündür. Çünki ruhanilər mitinq iştirakçılarının tələblərini görməməzlikdən gələ bilərlər. Bundan əlavə, vəziyyətin kəskinləşdiyi bir zamanda, bu mövzu üzərindən siyasi divident qazanmaq istəyən bəzi müxalifət qüvvələri, əks mövqedə olan vətəndaşları bir araya gətirərək qarşı-aksiyalar keçirməyə cəhd göstərə bilərlər.”
Paşinyanın katolikosu devirmə planı